Ukraynaya qarşı 5 ildir ədalətsiz və işğalçı müharibə aparan Rusiya rəhbərliyi öz maksimalist tələblərində qalmağa davam edir. Bunu prezident Vladimir Putinin jurnalist Pavel Zarubinə verdiyi son müsahibə növbəti dəfə təsdiqləyir.
Məsələn, Putin iddia edib ki, Kiyevin itirdiyi torpaqlar Ukraynanın ərazisi deyil, Rusiyanın tarixi torpaqlarıdır. Onun fikrincə, Ukraynanın hər hansı ərazi itkisindən danışması yersizdir. O, Donbas və “Novorossiya” sakinlərinin Rusiya ilə birləşməyə səs verdiklərini də söyləyib.
“Tarixi ərazilər…”. Ona qalsa, indiki Ermənistanın ərazisi də Azərbaycan torpaqlarıdır. Bəs beynəlxalq hüquq necə olsun? Hamı tarixi bildiyi əraziləri zor gücünə geri qaytarmağa başlasa, dünyada xaos yaranmazmı? Yaranar. Necə ki, yaranmaqdadır…
Donbas və “Novorossiya” sakinlərinin keçirdiyi referenduma gəlincə, bəllidir ki, o, həm Ukrayna qanunlarına, həm də beynəlxalq hüquqa zidd keçirilib. Yəni nəticələri legitim deyil və sayılmır.
Üçüncü yandan, kim zəmanət verə bilər ki, Ukraynada öz hədəfinə çatan Rusiya qonşu Qazaxıstana qarşı da eyni “referendum” ssenarisini tətbiq etməyəcək? Axı, bu türk dövlətinin tərkibində də “balaca Rusiya” var. Odur ki, məntiqi sual yaranır: Moskva Azərbaycanı da “tarixi” Rusiya torpaları hesab eləmir ki?..
Burdaca xatırladaq ki, Putinin danışmanlarından olan Aleksandr Duqin daxil, Rusiyanın bir sıra tanınmış qırğıları – ictimai-siyasi xadimləri və deputatları vaxtaşırı SSRİ-nin guya qanunsuz dağıldığını bəyan edir, bir çox postsovet ölkələrinə qarşı ərazi iddiaları irəli sürürlər. Duqin hətta Rusiyanı çar imperiyası sərhədlərində bərpa eləməyə, Putinə isə çar statusu verməyə çağırıb.

Sağı-solu bilinməyən belə bir dövlətlə indi dost-müttəfiq və ya tərəfdaş olmaq mümkünmü?..
Təəssüf ki, ABŞ lideri Donald Trampın Putinə açıq dəstək xarakterli son bəyanatları Rusiyanı işğala daha da şirnikləndirir, nəinki onu atəşkəsə və ədalətli sülhə sovq edir. Səbəb bəsit: çünki təcavüzkara güzəşt eləməzlər! İşğalçıya güzəşt yeni işğalçı müharibəyə və günahsız insanların qətlinə “xeyir-dua”, deməkdir! Ən təhlükəlisi bu.
Yeri gəlmişkən ABŞ-nin keçmiş prezidenti Bill Klintona görə, Tramp faktiki müttəfiqi Ukraynaya xəyanət edib və Rusiyanın tərəfinə keçib. O, Trampın ABŞ müttəfiqlərinə münasibətindən bezdiyini söyləyib.
Ağ Evin indiki sahibinin Rusiya liderinə yaxınlaşmasından qəzəblənən Klinton bildirib: “Müttəfiqlərimizə sanki heç nə kimi davranmağımızdan bezmişəm. Və elə keçən həftə Tramp, nəhayət, Ukraynanı tərk edib yenidən Putin tərəfə keçdi”.
İşğala, işğalçı ölkəyə dəstəyin buynuzu-zadı olmur ki…
![]()

