Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla münasibətlərin çox müsbət məcrada inkişaf etdiyini bəyan edib.
Dövlət başçısı bu barədə dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı danışıb.
“Bizim Azərbaycanla bir sıra konkret istiqamətlər üzrə danışıqlarımız var. Hələlik bu barədə danışmağı tez hesab edirəm, lakin söhbət ilk növbədə energetika sahəsindən gedir. Biz Prezident İlham Əliyev ilə görüşəcəyik və bütün bu məsələləri mütləq müzakirə edəcəyik”, – deyə Rusiya lideri bildirib.
1news.az saytının baş redaktoru Kəmalə Məmmədova Paraqraf.com-a bildirib ki, Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri bütün ölkələrlə qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və milli maraqlara əsaslanan münasibətlər qurmaqdır:

“Bakı heç vaxt qarşıdurma tərəfdarı olmayıb, hər zaman dialoq, əməkdaşlıq və praqmatik yanaşmaya üstünlük verib. Əgər hansısa ölkə ilə münasibətlərdə müəyyən gərginlik və ya fikir ayrılığı yaranırsa, bu, adətən Azərbaycanın maraqlarına və ya vətəndaşlarının hüquqlarına toxunan konkret hadisələrin nəticəsi olur.
Bu baxımdan, AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra Azərbaycan-Rusiya münasibətlərində müəyyən soyuqluğun müşahidə olunması təbii idi. Lakin son aylarda vəziyyətin yenidən diplomatik məcraya qayıtdığını görürük. Təyyarə qəzası ilə bağlı üzrxahlıq və kompensasiya məsələlərinin razılaşdırılması, eləcə də bu istiqamətdə atılan addımlar tərəflərin mövcud problemləri dialoq yolu ilə həll etmək və münasibətləri konstruktiv əsasda inkişaf etdirmək niyyətini nümayiş etdirir.
Bu gün Azərbaycan-Rusiya münasibətləri ənənəvi olaraq iqtisadiyyat, energetika, nəqliyyat, logistika və regional təhlükəsizlik istiqamətlərində inkişaf edir. Prezident Vladimir Putinin son açıqlaması da göstərir ki, tərəflər əməkdaşlıq gündəliyində olan məsələlər üzərində işləməyə davam edirlər”.
Kəmalə Məmmədova əlavə edib ki, Azərbaycan və Rusiya arasında münasibətlərin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması prinsipləri əsasında inkişaf etməsi həm iki ölkə, həm də regionun sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır:
“Hazırda əsas məqam ondan ibarətdir ki, hər iki tərəf mövcud fikir ayrılıqlarını arxada qoyaraq qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın inkişafında maraqlıdır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()