Rusiya Prezidenti Vladimir Putin İrəvana çağırış edərək, Ermənistanın gələcəkdə Avropa İttifaqı (Aİ), yoxsa Avrasiya İqtisadi İttifaqında (Aİİ) yer alması ilə bağlı referendumun ən qısa zamanda keçirilməsinin vacibliyini vurğulayıb.
Rusiya lideri bu bəyanatı beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı səsləndirib.
Məlumata görə, dövlət başçısı hər bir suveren ölkə kimi Ermənistanın da öz inkişaf prioritetlərini seçmək hüququna malik olduğunu bildirib.
Siyasi şərhçi Elmir Səftərov Paraqraf.com-a açıqlamasında qeyd edib ki, Baş nazir Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra açıq şəkildə Qərbə yönəlmiş siyasət yürütməyə başlayıb:

“Burada əsas məqam ondan ibarətdir ki, N.Paşinyan Rusiyadan uzaqlaşaraq Qərblə münasibətləri daha çox ön plana çıxarmağa çalışır. O, müharibədəki məğlubiyyəti və KTMT-nin, eləcə də Rusiyanın Ermənistana lazımi dəstəyi verməməsini əsas arqument kimi təqdim edir. Halbuki beynəlxalq hüquq və həmin təşkilatın mandatı nəzərə alındıqda, onların müharibəyə birbaşa müdaxilə etməsi mümkün deyildi.
Bu istiqamət ABŞ ilə Ermənistanda keçirilən hərbi təlimlər, Avropa İttifaqının müşahidə missiyası və müxtəlif əməkdaşlıq proqramları vasitəsilə daha da güclənib. Bu gün Ermənistanın Avropa inteqrasiyası siyasəti onu tədricən Rusiyadan uzaqlaşdırır. Çünki bir-birinə rəqib geosiyasi qütblərlə eyni vaxtda tam əməkdaşlıq etmək mövcud şəraitdə olduqca çətindir.
Bu baxımdan Ermənistan N.Paşinyanın rəhbərliyi ilə öz gələcək strateji istiqamətini müəyyənləşdirməyə çalışır və zaman keçdikcə bu istiqamət daha aydın görünür. Rusiya isə Ermənistana müxtəlif mesajlar verir ki, əgər ölkə Avropa istiqamətini seçməkdə qərarlıdırsa, Avrasiya İqtisadi Birliyinin təqdim etdiyi imkan və güzəştlərdən tam şəkildə yararlana bilməyəcək. Məsələ yalnız bununla məhdudlaşmır”.
Şərhçinin sözlərinə görə, Rusiya Ermənistan üçün enerji sahəsində mühüm tərəfdaş olmaqla yanaşı, həm də Ermənistan məhsulları üçün əsas bazarlardan biridir:
“Moskva müəyyən iqtisadi güzəştlər və üstünlüklər təqdim etməklə İrəvana təsir imkanlarını qorumağa çalışır. Bu da faktiki olaraq Ermənistan qarşısında seçim məsələsi yaradır. Bu proses həm Ermənistan, həm də bütövlükdə region üçün yeni geosiyasi reallıqlar formalaşdırır.
Əgər bu tendensiya davam edərsə, Rusiyanın Ermənistandakı nüfuzu zəifləyə, ölkədə yerləşən hərbi bazalarının və digər təsir mexanizmlərinin gələcəyi sual altına düşə bilər. Hazırkı mərhələdə Rusiya Ermənistana hərbi təzyiq göstərməkdən daha çox iqtisadi rıçaqlardan istifadə edir. Bu isə uzun illər ərzində Ermənistanda formalaşdırdığı təsir mexanizmlərinin zamanla zəifləməsi deməkdir.
Bu səbəbdən regionda Qərbin təsirinin artdığı yeni geosiyasi mənzərə formalaşa bilər. Ermənistan Rusiyanın təhlükəsizlik çətirindən uzaqlaşaraq Qərb strukturlarına daha sıx inteqrasiya etməyə çalışır. Bu proses vasitəsilə Qərbin regiondakı siyasi və institusional təsir imkanları da genişlənir”.
Elmir Səftərov əlavə edib ki, hazırda Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqı missiyası, ABŞ və digər Qərb institutlarının nümayəndələri seçki proseslərinin müşahidəsi, hökumət institutlarının gücləndirilməsi və müxtəlif texniki dəstək proqramları vasitəsilə ölkədə fəal iştirak edirlər:
“Eyni zamanda, Rusiyanın mümkün təsir cəhdlərinin qarşısının alınmasına yönəlmiş addımlar da atılır. Əgər Ermənistan gələcəkdə Rusiya ilə məsafəni daha da artırmağa çalışarsa, regionda daha fərqli siyasi mənzərənin şahidi ola bilərik. Çünki Rusiya uzun illər özünün əsas regional təsir vasitələrindən biri hesab etdiyi Ermənistandan yalnız ABŞ ilə ciddi razılaşmalar əldə olunacağı təqdirdə asanlıqla imtina edə bilər.
Ermənistan Moskva üçün Cənubi Qafqazda geosiyasi təsir imkanlarının mühüm elementlərindən biri olaraq qalır və Rusiya bu təsiri qorumaq üçün müxtəlif vasitələrdən istifadə etməyə davam edəcək”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()