Hava limanlarında yaranan növbələr, uçuşların gecikməsi və baqajla bağlı qeyri-müəyyənlik sərnişinlərin səyahət qərarlarına birbaşa təsir göstərir. SITA-nın son sorğusuna əsasən, hər 10 səyahətçidən 4-ü (42%) səfər zamanı qarşılaşa biləcəyi stres səbəbindən səyahətdən imtina edib. Bu vəziyyət aviaşirkətlərin ən dəyərli müştəriləri hesab olunan daimi sərnişinlərin 60%-də, eləcə də gənc səyahətçilərin yarıdan çoxunda müşahidə olunur.
SITA-nın baş direktoru Devid Lavorelin sözlərinə görə, sərnişinlərin 80%-i texnologiyanın səyahət stresini azaltmağa kömək edəcəyini düşünür, 40%-i isə süni intellekt vasitəsilə real vaxt rejimində bildirişlər almağa hazırdır.
Aviaşirkətlər, hava limanları və sərhəd xidmətləri arasında məlumat mübadiləsi təmin olunduqda sərnişinlər uçuş cədvəlindəki dəyişiklikləri, çıxış qapısına çatmaq üçün tələb olunan vaxtı və baqajlarının yerləşdiyi yeri mobil telefonları vasitəsilə dərhal öyrənə bilərlər.
Belə bir şəffaflıq sərnişinlərin gözləmə müddətini azaltmaqla yanaşı, onlara hava limanındakı mağaza və restoranlardan daha rahat istifadə etmək imkanı yaradır. Texnologiyanın bu imkanları səyahət təcrübəsini yaxşılaşdırmaqla aviaşirkətlərin müştəri məmnuniyyətini və sərnişin loyallığını artırmasına şərait yarada bilər.
Mədinə İlham
Paraqraf.com
![]()

