Səsin də, sözün də öz ecazkar dünyası var. Səs də, söz də Yaradanın möcüzəsidir. Hər ikisi yalnız qulağımıza deyil, həm də qəlbimizə, yaddaşımıza ünvanlanaraq orada özünə məskən salır. Sözdən yaranan insan həmişə sözlə yaşamağa, yaratmağa səy edir, təfəkküründə və təxəyyülündə sözdən ecazkar bir dünya qurur. Odur ki, insanın ən böyük qüdrəti, möcüzəsi sözlə yaratdıqlarıdır. O söz ki, insan ondan güc alır, qidalanır, sevinir, kədərlənir. Bəzən atəş olub qəlblərimizi yandıran söz, bəzən də məlhəm olub qəlbimizi ovsunlayır, sakitləşdirir.
“Səsin əbədi məkanı” adlı kitabı oxuduqca səsin, sözün sehrinə düşdüm. O səsin, o sözün ki, onda ilk olaraq dahi Üzeyir bəyin, Əbdülmüslüm Maqomayevin nəfəsini, ötkəmliyini, səmimiyyətini hiss etdim. Bu il sözün, səsin yaddaşına çevrilən “sehirli qutu”nun ölkəmizdə dil açıb səslənməsinin yüz ili tamam olur. Bu münasibətlə onun şəninə çox gözəl sözlər söylənilir. Yüz illik keşməkeşli tarixinin içərisində zamanın fövqündə dayanan bir Azərbaycan Radiosu var.
“Səsin əbədi məkanı” kitabının müəllifləri filologiya elmləri doktoru, professor Sevil Həsənova və ömrünün yarım əsrini Azərbaycan Radiosuna və Televiziyasına həsr etmiş görkəmli jurnalist Zərifə Ağahüseyn qızıdır. Hər iki müəllif mətbuatda və ədəbiyyatda öz sözü, yeri və çəkisi olan qələm sahibləridir. Kitabda Azərbaycan Radiosunun tarixi, inkişaf yolu ilə yanaşı, səsi və sözü efirin yaddaşına əbədi hopmuş sənətkarların yaradıcılıq yolu işıqlandırılır. O sənətkarlar ki, səsləri və sözləri ilə milyonların qəlbinə məlhəm olub, sərhədləri aşaraq çətin anlarda bizimlə birgə həyəcanlanıb, xoş günümüzdə sevincimizə sevinc qatıblar.
Görkəmli nəzəriyyəçi alim, filologiya elmləri doktoru, professor, BDU-nun Multimedia və Elektron Kommunikasiya kafedrasının müdiri, ömrünü-gününü Azərbaycan Radio və Televiziyasının inkişafına həsr edən Qulu Məhərrəmli həmin sənətkarları “Əbədi məkanın yolçuları” adlandırır. Müəllif qeyd edir ki, “bu kitabın əsas dəyəri də ondadır ki, səs yaddaşı yaradan müxtəlif diktor nəsillərini bir “ədəbi məkan”da birləşdirib”.
Kitabda tarixi yaşadan, möhürlənmiş səsə sahib olan, yaddaşlarda qalan, efirdə iz qoyan və əbədiləşən o sehrli səslərin sahiblərinin səsi-sədası eşidilir. Onlar yenə də görünmədən görünərək səsləri və sözləri ilə uzaq zamanların nəfəsini, hərarətini bizə duyururlar. Kitabda müxtəlif nəsillərin nümayəndələri ilə qarşılaşırıq. Bu zaman bəlli olur ki, onların hər birinin öz səsi, üslubu və efir taleyi olub. Onlar mikrofon və dinləyici qarşısında məsuliyyət hiss edərək Azərbaycan Radiosunda zamanla özünəməxsus diktorluq məktəbi formalaşdırıblar.
“Səsin əbədi məkanı”nda barələrində söhbət açılan insanlar məhz bir əsrin səs portretlərini yaradan peşəkar diktorlardır. Müəlliflər əsərdə onlar haqqında yalnız faktları sadalamaqla kifayətlənmir, radionun insani yaddaşını oyadaraq bizə çatdırmağa çalışırlar və buna çox gözəl nail olurlar. Son dövrdə böyük bir işin öhdəsindən məharətlə və fədakarlıqla gələn müəlliflərin özləri də Azərbaycan Radiosunun yaranmasında, formalaşmasında əməyi olan insanlardır. Bəlkə də elə buna görə mövzuya daha məsuliyyətlə, daha böyük sevgi ilə yanaşıblar. Hiss olunur ki, mövzuya yaxşı bələd olduqları üçün oxucuya dəyərli bir əsər təqdim edə biliblər.
Könüllərə məhrəm, məlhəm olan bu səs və söz sahibləri haqqında “Səsin əbədi məkanı” kitabında sözə, səsə hörmət bir daha özünü büruzə verir. Azərbaycan Radiosunun 100 illiyinə dəyərli bir yaddaş töhfəsi olan bu əsər həm də keçmişə ehtiramın ifadəsidir. Əslində, yubileyi mənalandıran yalnız yüz ilin tamam olması deyil. Əsl yubiley yaddaşdır: o yüz ili yaradan insanları xatırlatmaq, onların əməyini qiymətləndirmək və yaratdıqları peşə mədəniyyətini sonrakı nəsillərə çatdırmaq baxımından bu kitab çox dəyərli mənbədir.
Klassiklərimizin təbirincə desək, “Böyük Sözü seçib toplamaq, yaymaq, təbliğ etmək, fikrimizcə, elə böyük söz yaratmaq qədər çətin, şərəfli və müqəddəs işdir”. Bu müqəddəs işi Sevil xanım və Zərifə xanım sevərək görüblər. Bunu “Səsin əbədi məkanı”nın hər sözündə, hər sətrində görürük. Belə kitabların hazırlanması ilk baxışdan göründüyündən də çətin və məsuliyyətli işdir. Çünki müəlliflər müxtəlif illərdə Azərbaycan Radiosunun efirinə səs vermiş, onun peşəkar ənənələrinin formalaşmasında iz qoymuş insanlar haqqında xatirələri bir araya gətirməklə sadəcə bir əsər hazırlamayıblar. Onlar həm də səpələnmiş yaddaş parçalarını toplayaraq, onlara yeni nəfəs verərək canlı tarixin bir bölümünü qoruyub saxlayıb və bu kitabda əbədiləşdiriblər.
Bu əsərdə biz həm də 100 illik yol keçmiş radiomuz haqqında yaddaşlarda əbədiləşən, dərinliklərinə hopmuş hadisələrin və xatirələrin üzə çıxdığının şahidi oluruq. Ön sözün müəllifi professor Q. Məhərrəmlinin dediyi kimi, “onlar Azərbaycan Radiosunun keçmişinə yalnız institusional tarix kimi deyil, insan taleləri ilə danışılan tarix kimi yanaşıblar”. Ona görə də əsərdə böyük bir dövrün efir mühitini, münasibətlərini və mənəvi ab-havasını təsvir edə biliblər. Bununla da oxucularını uzaq-yaxın efir dünyasına səyahətə çıxarıblar. Həmin səyahətdə tarixi yaşadan ilk diktorlarımızdan İsmayıl Əlibəyovun, Soltan Nəcəfovun, Züleyxa Hacıyevanın, möhürlənmiş səsə malik Aydın Qaradağlının, Sabutay Quliyevin, ömrünü-gününü efirdə, sehirli qutunun cazibəsində keçirən Ofeliya Sənaninin, Eldost Bayramovun və daha kimlərin xatirələri dil açıb danışaraq yaddaşımızın görünməz dalğalarında yaşayır.
Azərbaycan Radiosunun tarixini vərəqlədikcə onun beşiyi başında duran neçə-neçə söz və qələm sahibini minnətdarlıqla xatırlayırıq. Onlar taleyüklü bir işi öz üzərlərinə götürərək radiomuzun təməlini möhkəm və sağlam qoyublar. Hətta radiomuz sovet rejiminin amansız zamanlarında belə milli-mənəvi dəyərlərimizin təbliğinə can atıb və qismən də olsa, buna nail olub.
Bu gün Azərbaycan Radiosu özünün ahıllıq çağını yaşayır. Amma bu ahıllıqda müdrikliklə yanaşı, qaynayıb-coşan bir cavanlıq ruhu da duyulur. Axı zaman özü ilə yeniliklər gətirir və radiomuz bu yenilikləri canla-başla əxz edir. Odur ki, 100 ilin səsi-sədası bundan sonra daha aydın, daha gur eşidiləcək. Axı “radio hər kəsin qəlbinə yol tapan bir dünyadır”. Bu dünyanın sakini olmaq da bir xoşbəxtlikdir.

Qərənfil Dünyaminqızı,
BDU-nun professoru, Əməkdar jurnalist
![]()

