Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərdə növbəti diplomatik böhran yaşanır. Brüsselin Tiflisə münasibətdə tətbiq etdiyi məhdudiyyətlər və Gürcüstan rəsmilərinin Avropa İttifaqının təşkil etdiyi görüşlərdə iştirakdan imtina etməsi tərəflər arasındakı siyasi ziddiyyətləri daha da dərinləşdirib. Noyabrın 16-da Brüsseldə keçirilən Aİ-nin genişlənmə forumuna Gürcüstan hökumətinin dəvət edilməməsi, regional təhlükəsizlik və bağlantılar üzrə nazirlər toplantısında isə ölkəyə aşağı səviyyəli təmsilçilik imkanının təklif olunması qonşu ölkəmizdə narazılıqla qarşılanıb. Gürcüstan Xarici İşlər Nazirliyi müvafiq səviyyədə dəvət almadığını əsas gətirərək hər iki tədbirdə iştirak etməyəcəyini açıqlayıb.
Əslində, bu qarşıdurma son günlər yaranmış diplomatik anlaşılmazlıqdan daha geniş məzmun daşıyır. Avropa İttifaqı Gürcüstan hökumətinin siyasi kursunu, demokratik institutların vəziyyətini və qəbul edilən qanunvericilik dəyişikliklərini tənqid edir, Tiflis isə Brüsselin yanaşmasını ölkənin suverenliyinə və daxili işlərinə müdaxilə kimi təqdim edir. Gürcüstanın Avropa İttifaqına üzvlük danışıqlarının 2028-ci ilə qədər gündəmə gətirilməyəcəyinin elan olunması ilə başlayan gərginlik artıq institusional münasibətlərə də təsir göstərib. Avropa Komissiyası ölkənin üzvlük prosesinin faktiki dayandığını bildirir, Gürcüstan hakimiyyəti isə Avropa ilə əməkdaşlığa hazır olduğunu, lakin bunun qarşılıqlı hörmət prinsipi əsasında aparılmalı olduğunu vurğulayır.
Bu mənzərədə diqqət çəkən digər məqam Tiflisin Avropa ilə münasibətlərdə alternativ siyasi və iqtisadi tərəfdaşlıqları genişləndirmək xəttidir. Çinlə əlaqələrin inkişafı, regional nəqliyyat-kommunikasiya layihələrində fəallığın artırılması və Türkiyə, Azərbaycan, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq Gürcüstanın xarici siyasətində mühüm yer tutur. Lakin Avropa İttifaqı ilə münasibətlərin uzunmüddətli böhran vəziyyətində qalması təkcə Gürcüstanın Avropaya inteqrasiya perspektivlərinə deyil, Cənubi Qafqazda nəqliyyat, enerji və təhlükəsizlik maraqlarının balansına da təsirsiz ötüşməyəcək. Xüsusilə Azərbaycan üçün Gürcüstanın tranzit ölkə kimi strateji əhəmiyyəti nəzərə alınarsa, Tiflis-Brüssel qarşıdurmasının regional nəticələri də diqqətlə izlənilməlidir.
Gürcüstan Avropa İttifaqı ilə münasibətlərdə dönüş nöqtəsinə yaxınlaşır? Tiflisin Qərblə məsafə saxlaması Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşmasına gətirib çıxara bilər?

Siyasi şərhçi Azər Hüseynov Paraqraf.com-a bildirib ki, Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərin müəyyən qədər soyuması, hətta böhran mərhələsinə daxil olması, ilk növbədə siyasi amillərlə bağlıdır:
“Belə ki, hazırkı Gürcüstan hakimiyyəti daha çox balanslaşdırılmış xarici siyasət yürütməyə, bölgədəki reallıqları və mövcud geosiyasi vəziyyəti nəzərə almağa çalışır. Tiflis bir tərəfdən Avropa İttifaqı ilə münasibətlərin davam etdirilməsində maraqlı olduğunu bəyan edir, digər tərəfdən isə regionda mövcud təhlükələri, siyasi proseslərin dinamikasını və bölgənin aparıcı güc mərkəzlərinin maraqlarını nəzərə alaraq manevr etməyə çalışır. Təbii ki, Gürcüstanın bu siyasi yanaşması Avropanın bəzi siyasi dairələrinin Tiflisə münasibətində müəyyən dəyişikliklərə səbəb olub. Lakin burada əsas suallardan biri yaranır: Gürcüstanla Avropa İttifaqı arasında mövcud siyasi ziddiyyətlər Cənubi Qafqazın tranzit və logistika imkanlarına, eyni zamanda Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan Gürcüstan üzərindən Avropaya uzanan nəqliyyat dəhlizinin fəaliyyətinə təsir göstərə bilərmi? İlk növbədə qeyd etmək lazımdır ki, hazırda müşahidə etdiyimiz böhran iqtisadi xarakter daşımır. Bu, daha çox siyasi və diplomatik münasibətlər səviyyəsində özünü göstərən qarşıdurmadır. Əlbəttə, əgər mövcud gərginlik həddindən artıq dərinləşərsə və uzun müddət davam edərsə, gələcəkdə onun iqtisadi münasibətlərə də təsir göstərməsi mümkündür. Lakin indiki vəziyyəti və yaxın gələcəkdəki perspektivləri nəzərə alaraq, bu böhranın Gürcüstanın tranzit və logistika imkanlarına ciddi mənfi təsir göstərəcəyini düşünmürəm. Çünki Gürcüstan özü də Avropa istiqamətindəki nəqliyyat və logistika əlaqələrindən əhəmiyyətli iqtisadi gəlirlər əldə edir. Bu tranzit imkanları ölkənin iqtisadi maraqları və dövlət büdcəsinin gəlirləri baxımından mühüm əhəmiyyət daşıyır. Ona görə də Tiflisin siyasi münasibətlərdə yaşanan gərginliyin iqtisadi əməkdaşlığa və tranzit əlaqələrinə keçməsində maraqlı olduğunu düşünmək doğru olmaz. Bir sözlə, hazırkı vəziyyətə ilk növbədə siyasi böhran kimi yanaşmaq lazımdır. Bunun iqtisadi və regional nəticələrə çevrilib-çevrilməyəcəyi isə tərəflərin gələcək siyasi davranışlarından və münasibətləri hansı istiqamətdə inkişaf etdirəcəklərindən asılı olacaq”.
![]()

