20 Noy 2026, C

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya günü

PAYLAŞIN:

12 Noyabr Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan, müstəqil dövlətçiliyimizin hüquqi əsaslarının formalaşmasını təcəssüm etdirən əlamətdar gündür.

1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmişdir. Bu tarixi hadisə ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu istiqamətində atılmış ən mühüm addımlardan biri olmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Müstəqilliyimizin ilk illərində ölkənin qarşılaşdığı mürəkkəb siyasi, iqtisadi və ictimai proseslər fonunda dövlətçiliyin möhkəm hüquqi əsaslar üzərində qurulması zərurəti yaranmışdı. Məhz belə bir tarixi şəraitdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə yeni Konstitusiyanın hazırlanması istiqamətində mühüm işlərə başlanıldı.

1995-ci ilin may ayında Ulu Öndərin sədrliyi ilə Konstitusiya layihəsini hazırlayan komissiya yaradıldı. Komissiyanın fəaliyyəti nəticəsində müstəqil Azərbaycanın milli dövlətçilik ənənələrini, ümumbəşəri demokratik prinsipləri, insan hüquq və azadlıqlarını özündə birləşdirən Konstitusiya layihəsi hazırlandı və ümumxalq müzakirəsinə təqdim edildi.

Ulu Öndər Heydər Əliyev Konstitusiyanın mahiyyətini izah edərkən dövlət, hakimiyyət və xalq arasındakı münasibətlərin hüquqi əsaslarla tənzimlənməsinin, hakimiyyət bölgüsü prinsipinin və xalqın iradəsinin əsas götürülməsinin vacibliyini xüsusi vurğulayırdı.

Onun rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə referendumda qəbul edilmiş Konstitusiya 27 noyabr 1995-ci ildə qüvvəyə mindi. Beş bölmə, 12 fəsil və 158 maddədən ibarət olan bu mühüm sənəd müstəqil Azərbaycan dövlətinin hüquqi təməlini formalaşdırdı.

Ulu Öndər Heydər Əliyevin Konstitusiya quruculuğu sahəsində xidmətləri yalnız yeni Əsas Qanunun qəbul edilməsi ilə məhdudlaşmır. Onun 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması istiqamətində göstərdiyi təşəbbüs də milli dövlətçilik tariximizin mühüm hadisələrindəndir. Bu addım ana dilimizin dövlətçilik səviyyəsində qorunması baxımından xüsusi tarixi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Konstitusiyası dövlət suverenliyinin, müstəqilliyin, ərazi bütövlüyünün, insan hüquq və azadlıqlarının, qanunun aliliyinin və demokratik idarəçilik prinsiplərinin əsas təminatıdır. Əsas Qanunumuz hər bir vətəndaşın hüquq və azadlıqlarını müəyyən etməklə yanaşı, cəmiyyət qarşısında vətəndaş məsuliyyətini də ön plana çəkir.

Konstitusiyamızda insan və vətəndaş hüquqlarının qorunması, təhsil hüququ, söz və fikir azadlığı, mülkiyyət hüququ, bərabərlik prinsipi, dövlət hakimiyyətinin təşkili və digər mühüm məsələlər öz əksini tapmışdır.

Xüsusilə qeyd etmək lazımdır ki, təhsil hüququnun Konstitusiyada təsbit edilməsi gələcəyimiz olan gənc nəslin bilikli, savadlı və dünyagörüşlü yetişdirilməsi üçün mühüm hüquqi təminat yaradır. Təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri də şagirdlərə yalnız bilik vermək deyil, eyni zamanda onların hüquqi düşüncəsini formalaşdırmaq, qanunlara hörmət ruhunda, vətənpərvər və məsuliyyətli vətəndaş kimi yetişmələrinə töhfə verməkdir.

Bu gün müstəqil Azərbaycan dövlətinin inkişafı, milli maraqlarımızın qorunması və dövlətçilik ənənələrimizin davam etdirilməsi Konstitusiyamızın müəyyən etdiyi hüquqi prinsiplərə əsaslanır.

Konstitusiya Günü hər birimizə xatırladır ki, güclü dövlətin təməlində qanunun aliliyi, vətəndaş həmrəyliyi, milli birlik və hüquqa hörmət dayanır. Əsas Qanunumuzu bilmək, onun müddəalarına hörmətlə yanaşmaq və hüquqi məsuliyyətimizi dərk etmək hər bir Azərbaycan vətəndaşının borcudur.

12 Noyabr – Konstitusiya Günü münasibətilə xalqımızı təbrik edir, müstəqil Azərbaycanımıza davamlı inkişaf, tərəqqi, sülh və əmin-amanlıq arzulayırıq!

Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi, müstəqil Azərbaycan naminə müəyyənləşdirdiyi inkişaf yolu və hüquqi dövlət quruculuğu sahəsindəki xidmətləri xalqımızın yaddaşında daim yaşayacaqdır.

Konstitusiyamız – müstəqilliyimizin hüquqi təminatı, dövlətçiliyimizin möhkəm təməli, gələcəyimizin etibarlı zəmanətidir!

Könül Rüstəmova
Paraqraf.com

Loading