21 Noy 2026, Şb

ADPU-nun dekanı: Ermənistan UNESCO qarşısında götürdüyü öhdəlikləri kobud surətdə pozur

PAYLAŞIN:

Xalqımızın zəngin mədəni irsinin böyük bir hissəsi qədim yurd yerimiz olan Qərbi Azərbaycanda qalmaqdadır. Əsrlərlə yaşadığımız əzəli torpaqlarmızda tarixin müxtəlif mərhələlərində yaratdığımız mədəni irsimiz qeyri-maddi, maddi, təbii irs nümunələri olmaqla üç kateqoriyaya ayrılır. Hər üç kateqoriyadan olan mədəni irs nümunələrimizin tədqiqi və mühafizəsi ilə bağlı ciddi fəaliyyət həyata keçirilməsi tarixi zərurətdir. Azərbaycan xalqının tarixi mədəni irsi olan İrəvandakı Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsi heç bir məntiqə sığmır.

Bu fikirləri açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin dekanı, UNESCO klubunun sədri dosent Könül Həsənova söyləyib. O vurğulayıb ki, Göy məscid XVIII əsrdə İrəvan xanlığı dövründə, Hüseynəli xanın hakimiyyəti illərində inşa edilib və Azərbaycan memarlığının səciyyəvi xüsusiyyətlərini əks etdirir. Abidə “Göy məscid”, “Göy cami” və “Hüseynəli xan məscidi” adları ilə tanınıb. Azərbaycan xalqının maddi mədəniyyət nümunələri sırasına daxil olan “Göy məscid” beynəlxalq konvensiya ilə qorunur. Bu mədəni irs nümunəsinin qorunması 1972-ci il noyabrın 16-da Parisdə qəbul edilmiş UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasına əsasən həyata keçirilir. 1993-cü il sentyabrın 5-də Ermənistan, dekabrın 6-da Azərbaycan həmin konvensiyaya qoşulmaqla dünya mədəni irsinin qorunması ilə bağlı beynəlxalq birlik qarşısında öhdəlik götürüb. Lakin göründüyü kimi, bütün məsələlərdə olduğu kimi ermənilər bu məsələdə də öhdəliklərini kobud surətdə pozurlar.

ADPU-nun dekanı qeyd edib ki, konvensiyanın 1-ci maddəsinə əsasən “mədəni irs” dedikdə: “Abidələr: memarlıq, monumental heykəltaraşlıq və boyakarlıq əsərləri, arxeoloji xarakterli ünsürlər və ya strukturlar, kitabələr, mağara məskənləri və tarix, incəsənət, yaxud elm baxımından görkəmli universal dəyərə malik ünsür qrupları” nəzərdə tutulur. Sənədin 6-cı maddəsində qeyd olunub ki, bu konvensiyanın hər bir tərəf-dövlətləri ərazisində yerləşən, 1 və 2-ci maddələrdə müəyyən edilmiş mədəni və təbii irsi olan dövlətlərin suverenliyinə tam hörmət etməklə və milli qanunvericiliklə həmin irs barəsində nəzərdə tutulan hüquqlara xələl gətirməklə, onun bütün beynəlxalq birliyin mühafizə etməyə borclu olduğu ümumi irs olduğunu etiraf edirlər.

Bu konvensiyanın hər bir tərəf-dövləti bu konvensiyanın digər tərəf-dövlətinin ərazisindəki 1 və 2-ci maddələrdə xatırlanan mədəni və təbii irsə birbaşa, yaxud dolayısı ilə xələl gətirə bilən hansısa qərəzli hərəkət etməməyi öhdəsinə götürür.

“Lakin Ermənistan tərəfi tarixi abidələri saxtalaşdırmaqla UNESCO qarşısında götürdüyü öhdəlikləri kobud surətdə pozur. Tarixi saxtalaşdırmağa cəhd edən Ermənistan tərəfini məsuliyyətli olmağa beynəlxalq birlik qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq”, – deyə dosent Könül Həsənova fikrini yekunlaşdırıb.

Loading