21 Noy 2026, Şb

Yeni Azərbaycan Partiyası: dövlətçilik tariximizin dönüş nöqtəsindən müasir inkişaf mərhələsinə

PAYLAŞIN:

Azərbaycanın müstəqillik tarixinin ən mürəkkəb və taleyüklü mərhələsində Ulu Öndər Heydər Əliyevin siyasi səhnəyə qayıdışı təkcə ölkənin idarəçilik sistemində baş verən dəyişiklik deyil, bütövlükdə dövlətçilik tariximizin istiqamətini müəyyən edən tarixi hadisə idi. Müstəqilliyin ilk illərində siyasi hakimiyyətsizlik, dərin iqtisadi böhran, ictimai-siyasi qarşıdurmalar və parçalanma təhlükəsi ilə üz-üzə qalan Azərbaycan üçün bu qayıdış milli xilaskarlıq missiyasının başlanğıcı oldu. Dərin dövlətçilik təfəkkürü, zəngin siyasi təcrübəsi, qətiyyətli iradəsi və uzaqgörən qərarları ilə Heydər Əliyev ölkəni xaos və anarxiya təhlükəsindən uzaqlaşdıraraq sabitlik, təhlükəsizlik və inkişaf strategiyasının əsasını qoydu.

Məhz belə mürəkkəb tarixi şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcına çevrildi. 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis edilən partiya xalqın dövlətçiliyin qorunması, siyasi sabitliyin təmin olunması və müstəqilliyin möhkəmləndirilməsi istiqamətində formalaşan ictimai-siyasi iradəsinin ifadəsi idi. Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP qısa müddətdə ayrı-ayrı siyasi təşəbbüsləri birləşdirən təşkilatdan ümummilli siyasi dayağa çevrildi. Onun ideoloji təməlini milli maraqlara sədaqət, güclü dövlətçilik, siyasi sabitlik, sosial ədalət və müstəqil Azərbaycanın inkişafı kimi fundamental prinsiplər təşkil etdi.

Partiyanın formalaşması və inkişafı yalnız təşkilati strukturun genişləndirilməsi ilə məhdudlaşmadı. YAP cəmiyyətin müxtəlif təbəqələrini ümumi siyasi məqsədlər ətrafında birləşdirən, dövlətçilik düşüncəsinin möhkəmlənməsinə xidmət edən siyasi platforma kimi öz mövqeyini gücləndirdi. Ziyalıların, gənclərin, qadınların, müxtəlif peşə və sosial qrupların partiya sıralarında təmsil olunması onun ictimai dayaqlarını genişləndirdi. Yerli təşkilatların fəaliyyətinin gücləndirilməsi, siyasi proseslərdə fəal iştirak və cəmiyyətlə davamlı əlaqələrin qurulması YAP-ın ölkənin aparıcı siyasi qüvvəsinə çevrilməsində mühüm rol oynadı.

Yeni Azərbaycan Partiyasının siyasi inkişaf tarixində mühüm mərhələlərdən biri 2005-ci il martın 26-da keçirilən III qurultay oldu. Həmin qurultayda İlham Əliyevin partiyanın sədri seçilməsi YAP-ın fəaliyyətində yeni siyasi mərhələnin başlanğıcını qoydu. Bu mərhələ Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji dövlətçilik xəttinin yeni dövrün çağırışlarına uyğun davam etdirilməsi ilə səciyyələndi. Prezident İlham Əliyevin rəhbərliyi altında partiyanın siyasi fəaliyyətində modernləşmə, institusional inkişaf, milli maraqların qorunması, sosial rifahın yüksəldilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi prioritet istiqamətlərə çevrildi.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının siyasi çəkisini və regional miqyasını xarakterizə edərək bildirmişdir: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir.” Bu fikir partiyanın ötən müddət ərzində keçdiyi inkişaf yolunun, təşkilati imkanlarının və cəmiyyətdə qazandığı siyasi mövqenin mahiyyətini ifadə edir.

Hazırda 769 811 üzvü olan Yeni Azərbaycan Partiyası geniş təşkilati strukturu və müxtəlif sosial təbəqələri əhatə edən üzvlük bazası ilə ölkənin siyasi həyatında mühüm yer tutur. Partiyanın seçki proseslərində əldə etdiyi nəticələr də onun siyasi təmsilçiliyinin miqyasını nümayiş etdirir. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində YAP-ın namizədi İlham Əliyevin 92,12 faiz səs qazanması, həmin il sentyabrın 1-də keçirilən parlament seçkilərində partiyanın 68 deputatla Milli Məclisdə təmsil olunmaq hüququ əldə etməsi, 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində isə YAP-ın 5855 namizədinin bələdiyyə üzvü seçilməsi partiyanın seçki fəaliyyətinin əsas göstəriciləri sırasındadır.

Bu rəqəmlər yalnız seçki nəticələrinin statistik ifadəsi deyil, eyni zamanda, partiyanın siyasi proseslərdəki iştirakının, təşkilati səfərbərlik imkanlarının və ictimai-siyasi sistemdəki mövqeyinin göstəricisi kimi qiymətləndirilir. Bununla yanaşı, dəyişən ictimai-siyasi reallıqlar YAP qarşısında yeni tələblər formalaşdırır. Müasir siyasi münasibətlər sistemində fəallığın qorunması, cəmiyyətin gözləntilərinə çevik münasibət, gənc nəslin siyasi və ictimai proseslərə cəlb edilməsi, konstruktiv dialoqun genişləndirilməsi partiyanın gələcək fəaliyyətinin mühüm istiqamətlərindəndir.

YAP-ın inkişaf strategiyasında milli həmrəyliyin möhkəmləndirilməsi, dövlət və cəmiyyət arasında qarşılıqlı etimadın gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycanın strateji maraqlarının müdafiəsi xüsusi yer tutur. Partiyanın siyasi fəaliyyətinin əsas xüsusiyyətlərindən biri də dövlətçilik maraqlarını siyasi gündəliyin mərkəzində saxlamasıdır. Bu baxımdan, YAP-ın fəaliyyəti ölkənin siyasi tarixində baş verən proseslərlə yanaşı, Azərbaycanın gələcək inkişaf prioritetləri ilə də sıx bağlıdır.

2026-cı il oktyabrın 2-də keçirilən VIII qurultay Yeni Azərbaycan Partiyasının inkişaf tarixində növbəti mühüm siyasi hadisə kimi yadda qaldı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni geosiyasi və siyasi reallıqlar fonunda baş tutan qurultayda Prezident İlham Əliyevin çıxışı partiyanın qarşısında duran strateji vəzifələri və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıdı. Qurultay çərçivəsində Nizamnaməyə dəyişikliklərin təsdiqlənməsi, İdarə Heyətinin və Təftiş Komissiyasının tərkibi və sayına dair qərarların qəbul edilməsi təşkilati idarəetmənin təkmilləşdirilməsi istiqamətində atılan addımlar kimi diqqət çəkdi.

Bu qurultayın siyasi əhəmiyyəti həm də Azərbaycanın yeni tarixi mərhələyə qədəm qoyması ilə bağlıdır. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlətin qarşısında dayanan əsas vəzifələr artıq yalnız müstəqilliyin qorunması ilə məhdudlaşmır. İndi əsas hədəflər əldə olunmuş tarixi nailiyyətlərin möhkəmləndirilməsi, azad edilmiş ərazilərin bərpası, iqtisadi potensialın artırılması, sosial rifahın yüksəldilməsi və ölkənin beynəlxalq nüfuzunun daha da gücləndirilməsidir. Bu reallıqlar siyasi təşkilatların da fəaliyyətində yeni yanaşmalar və daha yüksək məsuliyyət tələb edir.

Bütövlükdə, Yeni Azərbaycan Partiyasının keçdiyi yol müstəqil Azərbaycanın siyasi tarixinin mühüm mərhələləri ilə sıx bağlıdır. Partiyanın yaranması ölkənin ən ağır böhranlarından birinin yaşandığı dövrdə dövlətçilik ideyasının siyasi təşkilatlanma formasında təzahürü idi. Sonrakı onilliklərdə onun inkişafı, təşkilati imkanlarının genişlənməsi və siyasi proseslərdə aparıcı mövqeyinin möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davamlılığı ilə əlaqələndirilir.

Bu gün YAP-ın qarşısında dayanan əsas məsələ tarixi siyasi irsə söykənməklə yanaşı, müasir dövrün çağırışlarına uyğun çevik və səmərəli fəaliyyət göstərməkdir. Çünki siyasi partiyanın gücü yalnız üzvlərinin sayı və seçkilərdə əldə etdiyi nəticələrlə deyil, cəmiyyətin problemlərinə münasibəti, ictimai etimadı qorumaq bacarığı, yeni ideyalar irəli sürməsi və dövlətin strateji hədəflərinə verdiyi töhfə ilə də ölçülür.

Yeni Azərbaycan Partiyasının siyasi tariximizdəki yeri, şübhəsiz ki, onun yaranma zərurətindən, dövlətçilik proseslərində oynadığı roldan və bu günədək keçdiyi inkişaf yolundan qaynaqlanır. Heydər Əliyevin siyasi irsi üzərində formalaşan və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini davam etdirən partiya Azərbaycanın müasir siyasi sisteminin əsas institutlarından biri kimi qarşıdakı dövrün çağırışları ilə üz-üzədir. Bu çağırışlara veriləcək cavab isə YAP-ın gələcək inkişaf mərhələsinin əsas meyarlarından biri olacaq.

Samirə Adəmqızı

Paraqraf.com

Loading