Japarov: Nəvələrimə smartfonlardan istifadəni qadağan etmişəm
Qırğızıstan Prezidenti Sadır Japarov nəvələrinə smartfonları qadağan etdiyini bildirib və valideynlərə bu nümunəni izləməyi tövsiyə edib.
Paraqraf.com yerli mediaya istinadən xəbər verir ki, o, bu barədə Cumqal rayonunun sakinləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, məktəblərdə ölkənin tarixini, adət və ənənələrini öyrədirlər, lakin internet əsrində uşaqlar tez-tez telefondan istifadə edirlər.
“Mən, məsələn, nəvələrimə smartfon verilməsini qadağan edirəm. Ailədən onlarla oynamağı, danışmağı xahiş edirəm. Bir çox valideynlər sakitlik istəyir və başlarını qatmaq üçün uşaqlara telefon verirlər. Elə olur ki, evdə onlarla heç kim danışmır. Biz məktəbdən gəlirdik, valideynlərimizlə çay içirdik, onlar bizimlə fikirlərini bölüşür, nağıllar danışırdılar. Smartfonlarla bağlı problem təkcə bizim ölkəmizdə deyil. Biz birlikdə təsir göstərə, uşaqlara tariximiz, adət və ənənələrimiz barədə danışa bilərik”, – S.Japarov qeyd edib.
Paraqraf.com
![]()