Azərbaycanda ötən tədris ilində 20 minə yaxın şagird tam orta təhsili başa vurmayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, 2024–2025-ci tədris ili ərzində təhsildən yayınan 340 uşaq yenidən təhsil sisteminə cəlb olunub.
Onun sözlərinə görə, ölkə üzrə 16 yeni təhsil müəssisəsi inşa edilib, 8 məktəbdə isə əsaslı təmir və əlavə korpusların tikintisi həyata keçirilib.
“Hazırda respublika üzrə ümumi təhsil müəssisələrində 1 milyon 682 min 134 şagird təhsil alır, 138 min 332 müəllim fəaliyyət göstərir. Ümumi orta təhsil səviyyəsini başa vuran 156 min 618 şagirddən 135 min 695 nəfəri və ya 86,6 faizi tam orta təhsilə cəlb olunub”, – Komitə sədri qeyd edib.
Təhsil eksperti Məzahir Məmmədli “Paraqraf.com”a açıqlamasında bildirib ki, ümumtəhsil məktəblərində şagirdlərin davranışı və qiymətləndirilməsi adətən növbəti sinfə keçid üçün ciddi maneə yaratmır:

“Əgər söhbət 20 min şagirddən gedirsə, onların tədrisə davamiyyəti ya zəif olub, ya da ümumiyyətlə olmayıb. ‘Təhsil haqqında’ Qanun imtahan nəticələri zəif olan şagirdlərin belə növbəti mərhələyə keçməsinə imkan verir. Bu qədər şagirdin təhsildən kənarda qalması daha çox onların 9-cu sinifdən sonra 10-11-ci siniflərdə təhsili davam etdirmək istəməməsi ilə bağlı ola bilər. Digər səbəb isə davamiyyətlə əlaqədar müəyyən olunmuş qaib limitinin aşılmasıdır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()