Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 782,9 min ton dizel yanacağı istehsal edilib.
Paraqraf.com-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 7,8 % çoxdur.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 950,3 milyon manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 0,3 % çoxdur.
Ötən 4 ay ərzində Azərbaycanda 18,1 min ton mazut istehsal edilib. Bu göstərici 2025-ci il ilin 4 ayı ilə müqayisədə 67,2 % azdır.
Ötən aylar ərzində Azərbaycanda 480,7 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 13,6 % çoxdur.
Hesabat dövründə 12,8 min ton sürtkü yağları, 40,2 min ton neft bitumu istehsal edilib. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə Azərbaycanda sürtkü yağlarının istehsalı 3,2 % çox, neft bitumunun istehsalı isə 18,3 % azalıb.
Həmçinin, hesabat dövründə ölkədə 62,2 min ton maye qazlar, 164,2 min ton ağ neft, 81,6 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda neft koksunun istehsalı 27,7 % artıb, ağ neftin istehsalı 16,2 %, maye qazların istehsalı isə 13,5 % azalıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin “Avro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.
Paraqraf.com
![]()
