Bakıda Qlobal Cənub QHT-ləri Platformasının I Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib.
Paraqraf.com xəbər verir ki, sənədi Baş Assambleyada baş katib Fuad Kərimli oxuyub.
Bəyannamədə qeyd olunub ki, 2025-ci ildə yaradıldığı vaxtdan bəri təşəbbüs beynəlxalq arenada Qlobal Cənubun maraqlarının əlaqələndirilməsi üçün mühüm mexanizmə çevrilib.
“Platformanın formalaşması ortaq tarixi zərurətin və dərinləşən qlobal həmrəyliyin məntiqi nəticəsidir. Bu mühüm mərhələnin kökləri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və COP29 zamanı yaradılmış əməkdaşlıq ənənələrinə dayanır”, – sənəddə bildirilib.
Qeyd edilib ki, bu əməkdaşlıq nəticəsində 120-dən çox ölkədən mindən artıq nümayəndəni birləşdirən beynəlxalq şəbəkə formalaşıb.
Bəyannamədə vurğulanıb ki, I Assambleyanın keçirilməsi Azərbaycanda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkili ilə eyni vaxta təsadüf edib.
“Biz tədbirin keçirilməsinə görə Azərbaycana dərin minnətdarlığımızı və dəstəyə, həmçinin platformamız üçün ayrıca pavilyon təqdim etdiyinə görə “BMT-Habitat”a təşəkkürümüzü bildiririk”, – mətndə qeyd olunub.
Eyni zamanda vurğulanıb ki, WUF tarixində ilk dəfə olaraq Qlobal Cənubun QHT-ləri BMT platformasında öz pavilyonunu əldə ediblər ki, bu da vətəndaş cəmiyyətinin səsinin gücləndirilməsi üçün mühüm addım olub.
Sənəddə WUF çərçivəsində ayrıca QHT forumunun yaradılması alqışlanır və bu addım dialoq və əməkdaşlığın inkişafında tarixi addım kimi qiymətləndirilir.
Qeyd olunub ki, platforma iştirakçıları Qlobal Cənubun gündəliyini qlobal səviyyədə təşviq edərək, Bonn, Keniya və Belendə keçirilən beynəlxalq tədbirlərdə artıq iştirak ediblər.
Fəaliyyətin əsas istiqamətləri arasında idarəetmə mexanizmlərinin gücləndirilməsi, regional təmsilçiliyin genişləndirilməsi, işçi qrupların yaradılması, eləcə də baş katibin dörd regional müavininin təyin edilməsi ilə Katibliyin rolunun artırılması xüsusi qeyd edilib.
Baş Assambleyanın hər il mənzil-qərargahın yerləşdiyi ölkədə toplanması qərara alınıb. Katibliyə rəqəmsal əməkdaşlığı genişləndirmək, bilik mübadiləsini zənginləşdirmək, beynəlxalq donorlarla tərəfdaşlıq imkanlarını araşdırmaq və birgə qrant təşəbbüsləri hazırlamaq tapşırılıb.
Eyni zamanda, gənclərin cəlb edilməsi, beynəlxalq forumların keçirilməsi ayrıca prioritet adlandırılıb.
Bəyannamədə vurğulanıb ki, Qlobal Cənub ölkələri müşahidəçi rolundan qlobal gündəliyin formalaşdırılmasında fəal iştiraka keçirlər.
Paraqraf.com
![]()
