“Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımından 34 il ötür. İllər keçsə də, bu dəhşətli hadisə xalqımızın yaddaşına əbədi həkk olunub. Miqyasına görə bənzəri olmayan Xocalı soyqırımı bir daha göstərdi ki, erməni şovinistləri qəddarlıq baxımından faşistlərdən geri qalmayıblar. Həmin gün erməni silahlı birləşmələri törətdikləri vəhşiliklə bunu açıq şəkildə nümayiş etdirdilər”.
Bu fikirləri “Paraqraf.com”a Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Deputat qeyd edib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalıya hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədiblər:

“Beynəlxalq hüquq normalarına zidd bu hücum nəticəsində dinc sakinlər amansızcasına qətlə yetirildi, şəhər yerlə-yeksan edildi. 613 soydaşımız öldürüldü, onların cansız bədənləri üzərində təhqiredici hərəkətlər edildi. Bir neçə ailə tamamilə məhv oldu, yüzlərlə insan ağır yaralandı, minlərlə sakin girov götürüldü. Azərbaycan xalqı bu insanlıq cinayətini heç vaxt unutmayacaq.
Xocalı faciəsinə siyasi və hüquqi qiymət Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verildi. 1994-cü ildə onun təşəbbüsü ilə parlament 26 fevralı Xocalı Soyqırımı Günü elan etdi. Həmin dövrdən etibarən dünya azərbaycanlıları faciənin beynəlxalq miqyasda tanıdılması istiqamətində fəal fəaliyyətə çağırıldı. Dünya bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilmiş bu cinayət hüquqi qiymətini almalıdır.
Xocalıda törədilmiş cinayətlərin xarakteri və miqyası BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş ‘Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında’ Konvensiyanın tərifinə tam uyğundur. Bu, milli mənsubiyyətinə görə əhalinin tam məhv edilməsi məqsədi ilə əvvəlcədən planlaşdırılmış kütləvi qırğın idi”.
Deputat əlavə edib ki, ermənilər həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan xalqına qarşı vandalizm aktları törədiblər:
“1905 və 1918-ci illərdə də xalqımıza qarşı oxşar cinayətlər törədilib. Xocalı faciəsi erməni vəhşiliyinin ən bariz nümunələrindəndir. Müharibə dövründə törədilən bütün cinayətlərə görə Ermənistanın həmin dövrdə hakimiyyətdə olmuş siyasi və hərbi rəhbərləri beynəlxalq tribunal qarşısında cavab verməlidirlər. İşğal altında saxlanılan ərazilər dağıdılıb, dinc əhaliyə qarşı ağır cinayətlər törədilib. Bu əməllər cəzasız qalmamalıdır.
Cəzasızlıq Ermənistanda arxayınlıq yaratmışdı. Lakin Azərbaycanın qətiyyəti nəticəsində vəziyyət dəyişdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı azad etdi və tarixi ədalətin bərpasına nail olundu”.
Deputat vurğulayıb ki, Ermənistanın məqsədi Azərbaycan xalqının iradəsini qırmaq idi, lakin nəticə əksinə oldu:
“Azərbaycan xalqı işğalla barışmayacağını döyüş meydanında sübut etdi. Bu gün ‘Xocalıya ədalət!’ şüarı beynəlxalq platformalarda səslənir, dünya ictimaiyyətini haqsızlığa və terrora qarşı mübarizəyə çağırır. Məqsəd Xocalı faciəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq və ona obyektiv siyasi-hüquqi qiymət verilməsinə nail olmaqdır”.
Qeyd edək ki, “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının təşəbbüskarı Leyla Əliyevadır. Kampaniyaya 2008-ci ildə start verilib və bir çox ölkələrdə həyata keçirilir. Yüz minlərlə insan və 100-dən artıq təşkilat təşəbbüsü dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, konfranslar və digər tədbirlər kampaniyanın əsas fəaliyyət istiqamətləridir. Kampaniyanın nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı Xocalı hadisələrini “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə siyasi-hüquqi qiymət verməyə çağırıb.
Hər il Xocalı soyqırımının ildönümündə minlərlə insan “Ana harayı” abidəsi önündə toplaşaraq faciə qurbanlarını yad edir.
Azərbaycan xalqı bu cinayəti heç zaman unutmayacaq. Faciə qurbanlarının əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onlara Allahdan rəhmət diləyirik.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
