Müqəddəs şəhidlərimizin qanı və canı bahasına əldə olunan tarixi Zəfər xalqımızda böyük qürur hissi yaradıb və qarşıda Zəfərə layiq cəmiyyət formalaşdırmaq kimi mühüm vəzifə qoyub. Kamil vətəndaş, sivil cəmiyyət və güclü dövlət quruculuğu bu prosesin əsas hədəflərindəndir. Lakin cəmiyyətdə hələ də milli dəyərlərə və şəhidlərin müqəddəs adına münasibətdə yolverilməz hallara rast gəlinir.
Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni bu barədə Paraqraf.com-a deyib ki, müqəddəs və qəhrəman şəhidlərimizin qanı və canı bahasına əldə olunmuş tarixi Zəfər hər birimizi qürurlandırıb, xalqımıza və dövlətimizə böyük güc verib:
“Təbii ki, tarixi Zəfəri əldə edəndən sonra çalışırıq ki, Zəfərə layiq cəmiyyət formalaşdıraq. Ancaq aydın məsələdir ki, bizim şüarımız kamil vətəndaş, sivil cəmiyyət və güclü dövlətdir. Amma bu o demək deyil ki, cəmiyyətimizdə hər kəs kamildir. Bu günlərdə cəmiyyətimizdə cəhalət artıb və gedib Şuşa şəhərində, Cıdır düzündə qayanın üzərinə şəhid Xudayar Yusifzadənin adını yazırlar. O zaman belə çıxır ki, biz şəhidimizin adını uca tutmaq üçün bütün qayalara şəhidlərimizin adını yazmalıyıq? O adlar bizim qəlbimizdə yazılmalıdır. Əlbəttə, heç şübhəsiz ki, şəhidlərimizin adı Azərbaycanın hər daşına, hər qayasına yazılmağa layiqdir. O cümlədən də Şuşa şəhərinə. Ancaq bu o demək deyil ki, şəhərlərimizin adını qayalara yazmaq lazımdır”.
Rauf Zeyni qeyd edib ki, şəhid adını qayalara yazmaq cəhalət halıdır:
“Bu məsələlərin hər birinə ictimai qınağı gücləndirməliyik. Əhali bilməlidir ki, ədəb-ərkan, milli dəyərlərin qorunması, milli məfkurəmizə hörmətlə yanaşılması və bütün milli dəyərlərimizə hörmətlə yanaşılmalıdır. Və bu hallara yol verənləri qınamalıyıq. Vətəndaş cəmiyyəti nümunəsi bunu qəbul etmir. Bundan sonra işğaldan azad olunmuş ərazilərə səfər edən vətəndaşlarımız diqqətli olsunlar”.
Həsən Məmmədov
Paraqraf.com
![]()
