Həmvətənlərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid mayor Elçin Alıyevin xatirəsi anılıb
Həmvətənlərə Dəstək İctimai Birliyinin təşkilatçılığı və birliyin sədri Simarə Süleymanovanın təşəbbüsü ilə Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan mayor Elçin Bayram oğlu Alıyevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və vətənpərvər gənclər iştirak ediblər. Anım mərasiminin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsini yad etmək, onların şücaətini gələcək nəsillərə çatdırmaq və şəhid ailələrinə mənəvi dəstək göstərmək olub.
Anım tədbiri çərçivəsində əvvəlcə II Şəhidlər Xiyabanında uyuyan şəhid mayor Elçin Alıyevin məzarı ziyarət edilib. Məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, əziz xatirəsi dərin ehtiramla yad olunub. Tədbir iştirakçıları şəhidlərimizin göstərdiyi qəhrəmanlığın xalqımızın yaddaşında əbədi yaşayacağını bildirərək onların müqəddəs xatirəsinə hörmətlərini ifadə ediblər.
Daha sonra mərasim şəhidin ailə evində davam etdirilib. Burada ehsan süfrəsi təşkil olunub, Qurani-Kərimdən ayələr oxunub, şəhid mayor Elçin Alıyevin və bütün Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ruhuna dualar edilib. Tədbir iştirakçıları şəhid ailəsi ilə görüşərək onların qayğıları ilə maraqlanıblar, mənəvi dəstək və həmrəylik nümayiş etdiriblər.
Çıxış edənlər bildiriblər ki, Vətən müharibəsində qazanılan tarixi Zəfər şəhidlərimizin qanı və qəhrəman Azərbaycan əsgərinin şücaəti hesabına əldə olunub. Vurğulanıb ki, dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı yüksək qiymətləndirilir, onların xatirəsinin yaşadılması isə hər bir azərbaycanlının müqəddəs borcudur.
Mayor Elçin Bayram oğlu Alıyev 16 iyul 1975-ci ildə Qubadlı şəhərində anadan olub. Uzun illər Azərbaycan Silahlı Qüvvələrində nümunəvi xidmət göstərən zabit Vətən müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında böyük igidlik və yüksək peşəkarlıq nümayiş etdirərək döyüşlərə rəhbərlik edib. O, 9 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən həlledici döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhid mayor II Şəhidlər Xiyabanında dəfn olunub.
Elçin Alıyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin möhkəmləndirilməsində xidmətlərinə və döyüş hazırlığında qazandığı uğurlara görə sağlığında “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları, həmçinin “Qüsursuz xidmətə görə” III və II dərəcəli medalları ilə təltif olunub. Ölümündən sonra isə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Həmvətənlərə Dəstək İctimai Birliyinin sədri Simarə Süleymanova çıxışında bildirib ki, şəhidlərimizin qəhrəmanlıq salnaməsi xalqımızın milli qürur mənbəyidir. O qeyd edib ki, belə anım tədbirlərinin keçirilməsi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərimizin həyat yolunun təbliği və onların ailələrinə mənəvi dəstəyin göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda tədbir iştirakçıları şəhid mayor Elçin Bayram oğlu Alıyevin əziz xatirəsini bir daha ehtiramla yad edərək bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə isə səbir diləyiblər. Qeyd olunub ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adı və şücaəti Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.
Paraqraf.com
![]()