“İslam Əməkdaşlıq çərçivəsində Uşaq Hüquqlarının Gücləndirilməsi” mövzusunda keçirilən simulyasiya konfransı gənclərin diplomatik və liderlik bacarıqlarının inkişafına töhfə verdi
“Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təşkilatçılığı ilə “İslam Əməkdaşlıq çərçivəsində Uşaq Hüquqlarının Gücləndirilməsi” mövzusunda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Simulyasiya Konfransı uğurla başa çatıb.
Layihənin açılış mərasimində İctimai Birliyin sədri Misir Məmmədov iştirakçıları salamlayaraq simulyasiya konfransının əhəmiyyətindən danışıb və onlara uğurlar arzulayıb. O bildirib ki, bu cür təşəbbüslər məktəblilərin liderlik, diplomatiya, tənqidi düşüncə və əməkdaşlıq bacarıqlarının formalaşmasında mühüm rol oynayır.
Konfrans çərçivəsində 24 İslam ölkəsini təmsil edən iştirakçılar uşaq hüquqlarının qorunması və gücləndirilməsi istiqamətində aktual məsələləri müzakirə edərək müxtəlif ölkələrin mövqelərini təqdim edib, mövzu üzrə fikir mübadiləsi aparıblar. Simulyasiya prosesi iştirakçılara beynəlxalq təşkilatların fəaliyyət mexanizmlərini yaxından öyrənmək və diplomatik müzakirə mühitində təcrübə qazanmaq imkanı yaradıb.
Müzakirələrin yekununda iştirakçılar tərəfindən uşaq hüquqlarının gücləndirilməsi istiqamətində təklif və təşəbbüsləri özündə əks etdirən qətnamə sənədi hazırlanaraq qəbul olunub.
Konfransın bağlanış mərasimində bütün iştirakçılar sertifikatlarla təltif edilib. Eyni zamanda, simulyasiya ərzində göstərdikləri fəallıq və yüksək performansa görə “Ən yaxşı nümayəndə”, “Ən yaxşı debatçı” və “Ən yaxşı debütant” nominasiyaları üzrə fərqlənən 3 iştirakçı xüsusi mükafatlara layiq görülüb.
Layihə gənclərin beynəlxalq münasibətlər, insan hüquqları və diplomatiya sahəsində biliklərinin artırılmasına, həmçinin onların fəal və məsuliyyətli vətəndaş kimi formalaşmasına töhfə vermək məqsədi daşıyıb. Konfrans iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və gələcəkdə bu istiqamətdə yeni təşəbbüslərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.


Həsən
Paraqraf.com
![]()