Günə necə düzgün başlamaq olar? – Kardioloq 5 vərdişi açıqladı
Oyanışdan sonrakı ilk saatlarda ürək daha intensiv işləyir: kortizol səviyyəsi yüksəlir, arterial təzyiq artır.
Paraqraf.com xəbər verir ki, CNBC üçün yazan kardioloq Sanjay Bhodjrajın fikrincə, bir çox insan səhər qəbul edilən ilk qida və içkilərin ürək-damar sisteminə təsirini düzgün qiymətləndirmir.
O, araşdırmalara istinad edərək bildirib ki, infarktların ən çox baş verdiyi vaxt məhz oyanmadan sonrakı ilk saatlardır. Bu səbəbdən 20 illik təcrübəsinə əsaslanaraq o, səhər 9-a qədər etməyəcəyi 5 vərdişi sadalayıb.
Şirin kofe içkilərini içmək. Böyük latte və oxşar içkilər 30–50 qram şəkər ehtiva edə bilər. İnsanlar bunu səhər yeməyindən əvvəl qəbul etdikdə qanda qlükoza kəskin yüksəlir, insulin ifrazı artır və bu, uzunmüddətli metabolik stress yarada bilər. Nəticədə insan qısa müddət sonra yenidən acır.
Səhər yeməyində şirniyyat yemək xüsusilə boş mədədə zərərlidir. Kruassan, muffin və digər şirniyyatlar əsasən təmizlənmiş karbohidratlar və doymuş yağlardan ibarətdir, lif və zülal isə az olur. Bu da qanda şəkərin sürətlə yüksəlməsi və tez düşməsinə səbəb olur.
Emal olunmuş ət məhsullarını səhər yeməyində qəbul etmək. Bekon, kolbasa və vetçina çoxlu natrium və doymuş yağ ehtiva edir, həmçinin bəzi konservantlar (məsələn, nitratlar) ürək-damar xəstəlikləri riskini artırır. Ara-sıra istifadəsi problem yaratmır, lakin gündəlik vərdiş halına gəlməsi risklidir.
Enerji içkilərini içmək. Bu içkilər yüksək miqdarda kofein və şəkər ehtiva edir və ürək döyüntüsünü sürətləndirə, təzyiqi artıra və bəzi insanlarda aritmiya riskini yüksəldə bilər. Xüsusilə səhər oyanandan dərhal sonra daha təhlükəli ola bilər.
Səhər yeməyini atlamaq, xüsusilə onu yalnız kofeinlə əvəz etmək. Oruc tutmaq planlı şəkildə edilirsə, bu problem deyil. Lakin bir çox insan səhəri qəhvə ilə başlayır, yeməyi gecikdirir və stres altında günə başlayır. Bu isə qan şəkərinin dalğalanmasına və sinir sisteminin yüklənməsinə səbəb olur.
Həkimin sözlərinə görə, yaş artdıqca orqanizm bu cür dalğalanmalara daha həssas olur. O, günə bir stəkan su, balanslı səhər yeməyi və sakit başlanğıcın daha sağlam olduğunu vurğulayıb.
Həkim qeyd edib ki, özü səhərlər sadə qaydalara əməl edir: protein və liflə zəngin qida (məsələn, yumurta və meyvə), kifayət qədər su içmək və günü tələskən başlamamaq.
“Cəmi 5 dəqiqə yavaş nəfəs alma, günəş işığına çıxmaq, yüngül gəzinti və ya dartınma orqanizmin günə daha sakit keçid etməsinə kömək edir”, deyə o bildirib.
Paraqraf.com
![]()