Dünyada ildə 1,5 milyon insan bu səbəbdən ölür
Bakteriyalar, viruslar, parazitlər və zəhərli kimyəvi maddələrlə çirklənmiş qidalar hər il dünyada təxminən 1,5 milyon insanın ölümünə səbəb olur.
Paraqraf.com xəbər verir ki, bu nəticəyə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri 194 ölkənin 2000–2021-ci illəri əhatə edən məlumatlarını təhlil etdikdən sonra gəliblər.
Hesabata əsasən, hər il təhlükəsiz olmayan qida ilə əlaqəli xəstəliklər təxminən 886 milyon insanda inkişaf edir. Ən həssas qrup isə 5 yaşdan kiçik uşaqlardır — bu yaş qrupunda risk digər yaş qruplarına nisbətən təxminən üç dəfə daha yüksəkdir.
“Qida təhlükəsizliyi abstrakt bir problem deyil. Bu, hər yeməyə, hər ailəyə və hər günə aiddir”, deyə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Tədqiqat göstərib ki, XXI əsrin əvvəlləri ilə müqayisədə qida zəhərlənmələrinin ümumi sayı azalsa da, regionlar arasında ciddi bərabərsizlik qalır. Afrika və Cənub-Şərqi Asiya ölkələrinin payına qida ilə bağlı xəstəliklərin təxminən dörddə üçü və ölüm hallarının təxminən 60%-i düşür. Xəstəliklərin əsas səbəbini bioloji çirklənmələr — bakteriyalar, viruslar və parazitlər təşkil edir. 2021-ci ildə bu faktorlar təxminən 860 milyon yoluxma və zəhərlənmə halına səbəb olub.
Bununla belə, ölüm riskinin ən yüksək hissəsi kimyəvi çirklənmə ilə bağlıdır. Mütəxəssislər ən təhlükəli maddələr sırasında ətraf mühitdən qida zəncirinə daxil ola bilən arsen və qurğuşunu qeyd edirlər.
ÜST-ün qida təhlükəsizliyi üzrə texniki eksperti Yuki Minatonun sözlərinə görə, problemi bir neçə faktor daha da ağırlaşdırır.
“Məlumatlar göstərir ki, qida mənşəli xəstəliklər yalnız davam etmir, həm də iqlim dəyişikliyi səbəbilə güclənir. Bu, məhsulların çirklənmə riskini artırır. Eyni zamanda mikroorqanizmlərin antibiotiklərə davamlılığı infeksiyaların müalicəsini çətinləşdirir”, deyə ekspert bildirib.
Sağlamlığa vurduğu zərərlə yanaşı, təhlükəsiz olmayan qida qlobal iqtisadiyyata da ciddi təsir göstərir. Hesabata görə, yalnız 2021-ci ildə bu xəstəliklər əmək məhsuldarlığında təxminən 647 milyard dollar itkiyə səbəb olub.
ÜST mütəxəssisləri vurğulayırlar ki, qida keyfiyyətinə nəzarət sistemlərinin gücləndirilməsi, sanitariya şəraitinin yaxşılaşdırılması və qida saxlanma standartlarının yüksəldilməsi xüsusilə aşağı və orta gəlirli ölkələr üçün ictimai səhiyyənin əsas prioritetlərindən biri olaraq qalır.
Paraqraf.com
![]()