Həmvətənlərə Dəstək İctimai Birliyi, Koalisiya Events Production və Aniza İnklüziv İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Birlikdə Güclüyük” İnklüziv İnkişaf və Sosial Həmrəylik Forumu keçirilib.
Forumda Milli Məclisin deputatları, dövlət və ictimai qurumların nümayəndələri, qazilər, şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxslər, media nümayəndələri və ictimai fəallar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumun açılış nitqi ilə çıxış edən Həmvətənlərə Dəstək İctimai Birliyinin sədri, Qarabağ qazisi Simarə Süleymanova tədbirin əhəmiyyətindən danışaraq inklüziv inkişafın və sosial həmrəyliyin cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynadığını vurğulayıb.
Daha sonra tədbirin təşkilatçısı, Paraqraf.com xəbər portalının baş redaktoru, Həmvətənlərə Dəstək İctimai Birliyinin siyasi məsələlər üzrə müavini Həsən Məmmədov çıxış edərək bildirib ki, forumun əsas məqsədi cəmiyyətin müxtəlif təbəqələri arasında əməkdaşlığın gücləndirilməsi, sosial məsuliyyət hissinin artırılması və inklüziv cəmiyyət quruculuğuna töhfə verməkdir. O qeyd edib ki, birlik və həmrəylik Azərbaycan cəmiyyətinin ən mühüm dəyərlərindən biridir və bu dəyərlərin qorunması hər bir vətəndaşın üzərinə düşən vacib missiyadır.
Tədbirdə çıxış edən klinik psixoloq Zəhra Quliyeva psixoloji sağlamlığın, sosial dəstəyin və inklüziv yanaşmanın əhəmiyyətindən bəhs edib. O, cəmiyyətin bütün üzvlərinin bərabər imkanlara malik olmasının sosial inkişafın əsas şərtlərindən biri olduğunu bildirib.
Forum çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov çıxış edərək sosial həmrəylik, vətəndaş həmrəyliyi və milli dəyərlərin qorunmasının vacibliyindən danışıb.
Forumun davamında panel müzakirəsi keçirilib. Müzakirələr zamanı iştirakçılar sosial həmrəylik, inklüziv inkişaf, təhsil, psixoloji dəstək və ictimai iştirakçılıq mövzularında fikir mübadiləsi aparıb, spikerlər tərəfindən ünvanlanan suallar cavablandırılıb.
Tədbirin sonunda vurğulanıb ki, güclü cəmiyyət qarşılıqlı hörmət, sosial məsuliyyət və həmrəylik prinsipləri üzərində formalaşır. Qeyd edilib ki, bu kimi platformalar müxtəlif sosial qruplar arasında əməkdaşlığın genişlənməsinə, yeni təşəbbüslərin yaranmasına və ictimai həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir.
Sonda forumun təşkilində əməyi olan tərəfdaş qurumlara, fəxri qonaqlara, media nümayəndələrinə və bütün iştirakçılara təşəkkür edilib.



Aytac Məhərrəmova
Paraqraf.com
![]()