Son illərdə xaricdə təhsil almaq istəyən gənclərin sayı sürətlə artır. Buna səbəb isə gənclərin qəbul imtahanlarında zəif nəticə göstərməsidir. Bir çox gənc hesab edir ki, xaricdə təhsil almaq onların həm peşəkar, həm də şəxsi inkişafına mühüm töhfə verir.
Təhsil eksperti Səbuhi Abdullayev “Paraqraf.com”a bildirib ki, xaricdə təhsil istiqaməti iki profil üzrə həyata keçirilir:

“Dövlət proqramı və fərdi şəkildədir. Dövlət proqramı əsasında reytinqli universitetlər seçilməlidir. Bu universitetlərdə təhsil alanlar gələcəkdə ölkəyə qayıdanda iş tapmaqda daha rahat olurlar. Fərdi şəkildə müraciətlər isə həm özəl, həm də dövlətə aid təhsil mərkəzləri vasitəsilə Türkiyə və digər yaxın ölkələrə yönləndirilir. Buraya əsasən az bal toplayan gənclər üz tuturlar. Bəzi gənclər həmin universitetləri belə bitirə bilmirlər. Çünki zəif nəticə göstəriblər. Lakin həmin gənclərin arasında məsuliyyətli olanlar da var”.
O əlavə edib ki, xaricdə təhsil axınının qarşısını almaq üçün müəyyən peşə məktəblərinin sayının artırılması vacibdir:
“Çünki peşə öyrənməklə gəncləri müxtəlif sahələrə cəlb etmək olar. Eyni zamanda, ölkədə iş mühitini və iş bazasını artırmaqla gənclərin xaricə getməsinin qarşısını almaq mümkündür”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
