Azərbaycan öz müstəqil dövlətini bərpa etdikdən sonra Cənubi Qafqaz regionunda, eyni zamanda keçmiş MDB məkanında ən çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən dövlətlərdən biri kimi daim diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək beynəlxalq nüfuzu, həyata keçirdiyi uğurlu siyasi kurs və beynəlxalq tədbirlərin ölkəmizdə mütəmadi keçirilməsi Azərbaycanın dünya ilə inteqrasiyasında mühüm rol oynayan əsas amillərdən biridir.
WUF 13 tədbirinin Azərbaycanda keçirilməsi də məhz bu qəbildən olan mühüm beynəlxalq platformalardan biri kimi tarixdə özünəməxsus yer tutacaqdır. Dünyanın müxtəlif ölkələrindən nümayəndələrin, beynəlxalq təşkilatların və şəhərsalma üzrə mütəxəssislərin iştirak etdiyi bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunun və təşkilatçılıq imkanlarının növbəti dəfə nümayişi oldu.
Təbii ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin WUF 13 tədbirinin açılış və bağlanış mərasimlərində iştirakı, orada səsləndirdiyi mühüm mesajlar onu deməyə əsas verir ki, Azərbaycan bundan sonra da beynəlxalq platformalarda öz mövqeyini daim müsbət mənada nümayiş etdirəcək, dünya dövlətləri ilə əməkdaşlığını daha da gücləndirəcəkdir.
Azərbaycan növbəti beynəlxalq tədbirə uğurla ev sahibliyi etməklə öz missiyasını yüksək səviyyədə başa vurdu. Bu tədbir yalnız ölkələr arasında şəhərsalma məsələlərinin müzakirəsi ilə yadda qalmadı, eyni zamanda mədəni əməkdaşlığın və beynəlxalq həmrəyliyin nə qədər vacib olduğunu bir daha nümayiş etdirdi.
Otuz ilə yaxın işğal altında qalmış Qarabağ torpaqlarında bu gün həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri Azərbaycanın gücünün, inkişaf strategiyasının və müasir şəhərsalma siyasətinin bariz nümunəsidir. Vaxtilə dağıdılmış, viran qoyulmuş şəhərlərin yenidən qurularaq dirçəldilməsi bu gün dünyaya nümunə kimi təqdim olunur. Bu, onu göstərir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərini bərpa etməklə yanaşı, dünya şəhərsalma ənənələrinə uyğun daha müasir və innovativ şəhərsalma tendensiyalarını da nümayiş etdirir.
Bu proses yalnız yeni şəhərlərin salınması deyil, eyni zamanda Qarabağa həyatın, mədəniyyətin və incəsənətin yenidən qayıdışı deməkdir. Yenidən qurulan şəhərlərlə birlikdə mədəni irs də öz doğma məkanına qayıdır.
İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Şəhər 13: Memarlıq Ritmi” tədbiri də məhz Azərbaycan mədəniyyətinin və incəsənətinin beynəlxalq platformada təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıdı. Tədbir çərçivəsində müxtəlif ölkələri və beynəlxalq təşkilatları təmsil edən iştirakçılarla qurulan əməkdaşlıq əlaqələri mədəni dialoqun və ortaq dəyərlərin inkişafına mühüm töhfə verdi.
Azərbaycan bu gün yalnız regionun deyil, dünyanın diqqət mərkəzində olan müasir inkişaf modeli, zəngin mədəniyyəti və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrlə nüfuzunu daha da gücləndirir. Keçirilən beynəlxalq tədbirlər isə ölkəmizin həm siyasi, həm iqtisadi, həm də mədəni gücünü dünyaya nümayiş etdirməklə yanaşı, Azərbaycanın gələcək inkişaf perspektivlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verir.
Paraqraf.com
![]()
