Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı və sənaye istehsalının genişləndirilməsi istiqamətində müxtəlif addımlar atılsa da, yerli məhsulların bazardakı mövqeyi hələ də idxal məhsulları ilə ciddi rəqabət şəraitində formalaşır.
Market və ticarət şəbəkələrində bir çox sahələr üzrə xaricdən gətirilən məhsulların həm qiymət, həm çeşid, həm də qablaşdırma baxımından üstünlük təşkil etdiyi müşahidə olunur. Bu isə yerli istehsalçıların satış imkanlarına, investisiya marağına və ümumi istehsal həcminə birbaşa təsir göstərir.
İqtisadçı-ekspert Eyyub Kərimli “Paraqraf.com”a açıqlamasında bildirib ki, hazırda ölkədə istehlak olunan məhsulların təxminən 70 faizi idxal olunur:

“Xüsusilə yağlar, sitrus meyvələri, ət və süd məhsulları idxal olunan əsas məhsullar sırasındadır. Bütün istehlak mallarını ölkə daxilində istehsal etmək mümkün deyil. Lakin bəzi hallarda xaricdən gətirilən məhsullar yerli məhsullardan daha ucuz olur. Bunun əsas səbəblərindən biri həmin məhsulların istehsal olunduğu ölkələrdə daha geniş və səmərəli istehsalın təşkil edilməsidir. Məsələn, banan Afrika ölkələrində daha bol yetişdirildiyi üçün maya dəyəri aşağı olur”.
Ekspert əlavə edib ki, bəzi hallarda yerli məhsulların qiymətinin yüksək olması əlavə xərclərlə bağlıdır:
“Bəzən kənd yerlərində meyvə-tərəvəz daha ucuz qiymətə satılır. Lakin bu məhsullar şəhər bazarlarına və ya pərakəndə satış şəbəkələrinə çatdırıldıqda qiyməti iki-üç dəfə artır. Bu artımın səbəbləri arasında saxlanma xərcləri və bəzi hallarda süni qiymət artımı da var. Bu baxımdan, şəbəkə marketlərin məhsulları birbaşa fermerlərdən tədarük etməsi üçün daha əlverişli şərait yaradılmalıdır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
