Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin və OurGroup Təlim Mərkəzinin əməkdaşlığı, Paraqraf.com xəbər portalının media dəstəyi ilə təşkil olunan “Xaricdə Təhsil – Xarici dil bacarıqlarının inkişafı” mövzusuna həsr olunmuş tədbir uğurla başa çatıb.
12 aprel tarixində Sumqayıt Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə gənclər xaricdə təhsil imkanları, beynəlxalq sertifikatlar, universitetə qəbul prosesi və xaricdə təhsil üçün atılacaq ilk addımlar barədə ətraflı məlumat əldə ediblər.
Tədbirin əsas məqsədi iştirakçılara xaricdə təhsil yolunda doğru istiqamət göstərmək, onları beynəlxalq təhsil imkanları ilə yaxından tanış etmək və bu sahədə maraq göstərən gənclərin suallarını cavablandırmaq olub.
Tədbirin ərsəyə gəlməsində böyük əməyi olan rəhbər və təşkilatçı İlhamə Gülməmmədli xüsusi təşəkkürə layiqdir. Tədbirin ideyadan icraya qədər bütün mərhələlərində göstərdiyi zəhmət, peşəkarlıq və təşkilatçılıq sayəsində iştirakçılar üçün faydalı və yaddaqalan görüş baş tutub. Onun təşəbbüsü və əməyi bu tədbirin uğurla həyata keçirilməsində mühüm rol oynayıb.
Tədbirin aparıcısı, EmPa TV xəbər aparıcısı və nitq təlimçisi Murad Hümbətov tədbirin yüksək səviyyədə idarə olunmasına, iştirakçılarla səmimi ünsiyyətin qurulmasına və tədbirin dinamik atmosferdə keçməsinə böyük töhfə verib. Dəyərli çıxışı və peşəkar təqdimatı üçün ona təşəkkür edilir.
İngilis dili müəllimi və danışıq üzrə mentor Fəridə Gülməmmədli tədbir zamanı iştirakçılarla xarici dil biliklərinin əhəmiyyəti, beynəlxalq sertifikatların rolu və xaricdə təhsil üçün dil bacarıqlarının inkişaf etdirilməsi barədə vacib fikirlərini bölüşüb. Səmimi və motivasiyaedici çıxışı üçün ona minnətdarlıq bildirilir.
Xaricdə təhsil mütəxəssisi Jalə Fətəliyeva isə universitet seçimindən qəbul prosesinə, sənəd hazırlığından təqaüd imkanlarına qədər iştirakçıları maraqlandıran bir çox mövzuya aydınlıq gətirib. Dəyərli məlumatları və iştirakçılara verdiyi dəstəyə görə ona xüsusi təşəkkür olunur.
Tədbirin həyata keçirilməsində dəstək göstərən Abşeron-Xızı regional nümayəndəliyinə və Paraqraf.com xəbər portalının baş redaktoru Həsən Məmmədova təşəkkür edilir.
İştirak edən, maraq göstərən, sual verən və bu görüşü daha dəyərli edən hər kəsə minnətdarlıq bildirilir. Ümid edilir ki, bu tədbir bir çox gənc üçün xaricdə təhsil yolunda ilk addım olacaq.

Paraqraf.com
![]()
