Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. Cəmiyyətin inkişafında mühüm rol oynayan gənclər sırasında yalnız fəal ictimaiyyət nümayəndələri deyil, həm də səssiz-səmirsiz sinif otaqlarında gələcəyi formalaşdıran gənc müəllimlər xüsusi yer tutur. Məhz onların biliyi, davranışı və yanaşması ölkənin sabahını müəyyənləşdirən əsas amillərdəndir. Gənclər Günü münasibətilə gənc müəllimlərin təhsildəki rolu, üzləşdikləri çağırışlar və üzərlərinə düşən məsuliyyət bir daha diqqət mərkəzinə çəkilir.
Mövzu ilə bağlı təhsil eksperti, Təhsil İşçilərinin Həmrəylik Alyansının (TİHA) sədri Əmrah Həsənli Paraqraf.com-a açıqlamasında bildirib ki, Gənclər Günü yalnız sosial şəbəkələrdə fəal olan gənclərdən deyil, eyni zamanda sinif otaqlarında səssiz-səmirsiz gələcəyi formalaşdıran gənc müəllimlərdən danışmaq üçün də bir fürsətdir.
Onun sözlərinə görə, ölkənin sabahı təkcə ali kürsülərdə deyil, hər gün lövhə qarşısında dayanan gənc müəllimin sözündə, davranışında və yanaşmasında formalaşır:
“Bu gün məktəblərdə minlərlə gənc müəllim çalışır. Onların bir qismi böyük idealizm və sevgi ilə peşəyə başlayıb, bir qismi isə sistem daxilində öz yolunu tapmağa çalışır. Lakin hamısını birləşdirən əsas cəhət odur ki, onlar bu təhsilin gələcəyidir. Gənc müəllim yalnız fənn tədris edən şəxs deyil, eyni zamanda şagird üçün nümunədir, bəzən motivasiyadır, bəzən isə düzgün istiqamət göstərən bir insandır”.
Ekspert gənc müəllimlərə müraciət edərək onların özlərini heç vaxt kiçik görməməli olduqlarını bildirib:
“Mən hələ cavaman, təcrübəm azdır’ deyib susmaq çıxış yolu deyil. Təhsil elə bir sahədir ki, burada yaşdan çox düşüncə, yanaşma və vicdan danışır. Təcrübə vacibdir, lakin yenilik, enerji və çeviklik də az əhəmiyyət kəsb etmir. Gənc müəllimlər bu üstünlüklərini qorumalıdırlar. Müəllim nüfuzu səs qaldırmaqla və sərt münasibətlə deyil, bilik, ardıcıllıq və ədalətli yanaşma ilə formalaşır. Şagird müəllimin diplomuna deyil, davranışına inanır və bu gün gənc müəllim sinifdə necədirsə, sabah cəmiyyət də elə olacaq”.
Təhsil eksperti onu da qeyd edib ki, gənc müəllim yalnız maaş və inzibati tapşırıqlarla inkişaf edə bilməz:
“Ona inkişaf üçün şərait, özünü ifadə etmək üçün imkan lazımdır. Eyni zamanda gənc müəllim daim gözləyən tərəf də olmamalıdır. Oxumalı, araşdırmalı, öz üzərində işləməlidir. Sertifikasiya, təlimlər və beynəlxalq təcrübə artıq seçim deyil, zərurətdir”.
Əmrah Həsənli sonda gənc müəllimləri Gənclər Günü münasibətilə təbrik edərək bildirib ki, yorulduqları, dəyərlərinin bilinmədiyini düşündükləri anlar olsa da, bir şagirdin həyatına toxunmağın və bir uşağın yolunu işıqlandırmağın ən böyük iz olduğunu unutmamalıdırlar. Onun sözlərinə görə, gənc müəllimlər təkcə bugünün deyil, bu ölkənin sabahının müəllimləridir.
Ləman
Paraqraf.com
![]()
