VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətə başladığı dövrdən etibarən seçicilər və media nümayəndələri qarşısında mütəmadi hesabat verməyi ənənəyə çevirən millət vəkili Ceyhun Məmmədov, VII çağırış Milli Məclisin 2025-ci ilin payız sessiyası ərzində gördüyü işlərə dair geniş hesabatla çıxış edib.
Hesabatda payız sessiyası dövründə həyata keçirilən qanunvericilik təşəbbüsləri, sosial yönümlü fəaliyyətlər və əldə olunan nəticələr ümumiləşdirilərək ictimaiyyətin diqqətinə çatdırılıb. Bildirilib ki, əsas məqsəd dəyişməz qalaraq seçicilərin qayğı və problemlərinin operativ və səmərəli həllinə dəstək göstərmək olub.
Ceyhun Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşılması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq, seçicilərlə birbaşa və davamlı ünsiyyət mexanizmi qurulub, bütün fəaliyyətlərdə vətəndaş məmnunluğu və sosial ədalət prinsipləri əsas götürülüb.
Hesabat dövründə şəhid ailələri, qazilər, müharibə iştirakçıları və sosial həssas qruplara xüsusi diqqət yetirildiyi, onların müraciətlərinin müvafiq dövlət qurumları ilə birgə müzakirə edilərək praktiki və nəticəyönümlü addımların atıldığı qeyd olunub.
Eyni zamanda, millət vəkilinin fəaliyyəti yalnız sosial məsələlərlə məhdudlaşmayıb. Qanunvericilik təşəbbüslərində fəal iştirak, milli maraqların qorunması, dövlətçilik prinsiplərinin təbliği, gənclərin, təhsilin, elm və mədəniyyətin inkişafına dəstək də əsas prioritetlər sırasında yer alıb.
Çıxışda yeni çağırış dövrü üçün hədəflər də açıqlanıb. Bildirilib ki, qarşıdakı mərhələdə xalqla dövlət arasında əlaqələrin daha da möhkəmləndirilməsi, bölgələrdə sosial rifahın artırılması, gənclərin vətəndaş cəmiyyətində iştirakının genişləndirilməsi və müasir çağırışlara cavab verən qanunvericilik islahatlarına dəstək əsas məqsədlər sırasındadır.
Ceyhun Məmmədov qeyd edib ki, bütün bu fəaliyyətlər Azərbaycanın daha güclü, ədalətli və dayanıqlı gələcəyi naminə həyata keçirilir.






![]()
