Avtomobil qəzasından sonra zərərçəkmiş tərəfin iddiasına görə, hadisə zamanı avtomobildə olan Kamal adlı şəxs dəymiş ziyanı ödəyəcəyini bildirsə də, sonradan vədinə əməl etməyib.
Belə ki, qəza baş verdikdən sonra həmin şəxs polisə müraciət etməməyi, məsələni qarşılıqlı razılaşma yolu ilə həll etməyi təklif edib. O, təmir xərcini özü qarşılayacağını deyərək, 50 yaşının olduğunu, bakılı olduğunu və sözünün üstündə duracağını bildirib.
Avtomobil ustaya aparıldıqdan sonra təmir xərclərinin ümumilikdə 400 manat olduğu müəyyənləşib. İddia olunur ki, Kamal adlı şəxs bu məbləğin yalnız 100 manatını ödəyib, qalan 300 manatı isə verməyib. Zərərçəkmiş tərəfin sözlərinə görə, hazırda onun telefon zənglərinə də cavab verilmir.
Məlumata görə, adıçəkilən şəxsin Lökbatanda gül dükanı işlətdiyi bildirilir.
Hadisə ilə bağlı vətəndaş digər sürücülərə də xəbərdarlıq edərək, yol-nəqliyyat hadisəsi zamanı məsələni qeyri-rəsmi razılaşma ilə həll etməyə tələsməməyi tövsiyə edib. Onun fikrincə, belə hallarda polisə məlumat vermək, sığorta mexanizmlərindən istifadə etmək və ya ödənişin yerində rəsmiləşdirilməsini təmin etmək daha məqsədəuyğundur.
Qeyd: Qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb. Kamal adlı şəxsin də məsələyə münasibətini dərc etməyə hazırıq.
![]()

