10 Noyabr – müasir Türkiyə Cümhuriyyətinin qurucusu, Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün anım günüdür. Bu gün Atatürkün əziz xatirəsini dərin ehtiramla yad edir, onun dövlətçilik irsinin və siyasi ideyalarının Türk dünyası üçün əhəmiyyətini bir daha xatırlayırıq.
Mustafa Kamal Atatürk tarixə böyük sərkərdə, uzaqgörən siyasətçi və dövlət qurucusu kimi daxil olub. O, mürəkkəb tarixi şəraitdə türk millətinin öz taleyinə sahib çıxmaq iradəsini nümayiş etdirərək bu iradəni müasir dövlətçilik fəlsəfəsinə çevirib. Onun siyasi fəaliyyətində hərbi zəfər, milli birlik, siyasi uzaqgörənlik və müasir dövlətçilik düşüncəsi vəhdət təşkil edib.
Atatürkün dünyagörüşündə türkçülük, milli kimlik, dil və tarixi yaddaş xüsusi yer tuturdu. Türk millətinin milli özünüdərkinin gücləndirilməsi, özünəinamının möhkəmləndirilməsi və müasir dünyada layiqli mövqe qazanması onun dövlətçilik siyasətinin əsas istiqamətlərindən idi.
Bu ideya mühitinin formalaşmasında Azərbaycan ziyalılarının da mühüm rolu olub. Əli bəy Hüseynzadə türkçülük, islamçılıq və müasirləşmə ideyalarını vahid düşüncə sistemində birləşdirərək XX əsrin əvvəllərində Türk dünyasının ictimai-fəlsəfi həyatına əhəmiyyətli təsir göstərib. Əhməd bəy Ağaoğlu isə bu ideyaların ictimai-siyasi müstəvidə inkişafına töhfə verib və Türkiyənin yeni dövlət quruculuğu prosesində mühüm rol oynayıb.
Atatürk, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu arasında mövcud olan fikir və siyasi əlaqələr Azərbaycan ilə Türkiyənin ortaq intellektual tarixinin əlamətdar səhifələrindəndir. Bu tarixi bağlar iki xalqın münasibətlərinin yalnız coğrafi yaxınlıq və siyasi maraqlara deyil, həm də ortaq mənəvi dəyərlərə, ideyalara və tarixi irsə söykəndiyini göstərir.
Bu gün həmin tarixi irsin davamını Azərbaycan–Türkiyə münasibətlərində aydın şəkildə görürük. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi “Bir millət, iki dövlət” fəlsəfəsi Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi və liderliyi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlib. İki ölkə arasında siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat və humanitar sahələrdə inkişaf edən əməkdaşlıq qardaşlığımızın real gücünü nümayiş etdirir.
Azərbaycan və Türkiyənin birliyi artıq iki qardaş dövlətin münasibətləri çərçivəsindən kənara çıxaraq bütövlükdə Türk dünyasının gələcəyinə təsir edən mühüm geosiyasi amilə çevrilib. Bu birlik türk dövlətləri arasında siyasi və iqtisadi inteqrasiyanın dərinləşməsinə, enerji və nəqliyyat əlaqələrinin genişlənməsinə, mədəni və humanitar əməkdaşlığın güclənməsinə mühüm töhfə verir. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun və fəaliyyət imkanlarının artması da bu prosesin əhəmiyyətli göstəricilərindəndir.
Müasir dövrdə Türk dünyasının qarşısında yeni siyasi, iqtisadi və strateji imkanlar açılır. Bu imkanlardan səmərəli istifadə etmək, ortaq maraqları uzlaşdırmaq və dövlətlərimiz arasında həmrəyliyi daha da gücləndirmək böyük əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyənin sarsılmaz qardaşlığı bu istiqamətdə Türk dünyası üçün mühüm dayaq və nümunədir.
Atatürkün dövlətçilik irsi, Azərbaycan ziyalılarının türkçülük ideyalarına verdiyi töhfələr və bu gün iki qardaş ölkənin nümayiş etdirdiyi siyasi birlik ortaq tariximizin ortaq gələcəyə çevrilməsinin bariz nümunəsidir. Bu tarixi mirası qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək hər birimizin mənəvi və tarixi məsuliyyətidir.
10 Noyabr – Mustafa Kamal Atatürkün anım günündə onun əziz xatirəsini dərin ehtiramla yad edirik.
Azərbaycan–Türkiyə qardaşlığı əbədidir! Tanrı Türk dünyasını qorusun!
Sadiq Qurbanov
Azərbaycan Respublikası Milli Məclisin Deputatı
![]()

