25 Sen 2026, C

Elm, təhsil və ziyalılıq yolunda: Misir Mərdanov – 80

PAYLAŞIN:

Ömrü boyu yol gedirık. Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərlə gedəcəksən bu yolu. İlk növbədə səni başa düsən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan insanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündü. Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona kömək də göndərir. İnsanın niyyəti, xisləti, inamı, etiqadı onu ən yaxşı keyfiyyət göstəricisidir. Sağlam düşüncə, xeyrhah xislət, məram, məqsəd, əməl və xidmət onun həyat fəaliyyətinin əsas göstəricisidir. Yaşa dolduqca xatirələr daha da şirinləşir, doğmalaşır insan üçün. Elə bir insan yoxdur ki, uşaqlıq, gənclik illərini xatırlamasın, şirin xəyallarının qanadlarında dolanmasın. Yubiley yaşları da  bu yaşlara daxildir. Siz daim özününüzü cavan, gümrah və xoşbəxt hiss etsəniz heç bir yaş sizi yaşlandıra  bilməz. İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Hər yaşın öz gözəlliyini unutmamalıyıq. Siz daim özününüzü cavan, gümrah və xoşbəxt hiss etsəniz heç bir yaş sizi qocalda bilməz.


Azərbaycan elminin və təhsilinin inkişaf tarixində elə şəxsiyyətlər var ki, onların çoxşaxəli fəaliyyəti yalnız tutduqları vəzifələrlə deyil, elmə, təhsilə, milli-mənəvi dəyərlərə və gələcək nəsillərə bəxş etdikləri irslə ölçülür.  Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Misir Cumayıl oğlu Mərdanov məhz belə ziyalılardandır. Misir Mərdanov 1946-cı il oktyabrın 3-də ziyalı ailəsində dünyaya göz açıb. Onun uşaqlıq və ilk təhsil illəri İcevan rayonunun Göyərçin və Salah kəndləri ilə bağlıdır. Sonralar Bakıya gələn gənc Misir təhsilini davam etdirərək Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1969-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirməsi onun elmə olan böyük marağının və seçdiyi yola ciddi münasibətinin ilk göstəricilərindən idi.

3 oktyabr 2026-cı ildə 80 illik yubileyi qeyd olunacaq. Bu yubiley bir alimin şəxsi həyatında əlamətdar tarix olmaqla yanaşı, Azərbaycan elminin və təhsilinin inkişafına həsr edilmiş zəngin bir ömür yoluna nəzər salmaq üçün də mühüm fürsətdir.  Misir Mərdanovun ömür yolu Azərbaycan elminin, təhsilinin və ziyalılıq mühitinin müxtəlif mərhələləri ilə sıx bağlıdır. Misir Mərdanovun elmi fəaliyyətinin əsas istiqamətlərindən biri optimal idarəetmə nəzəriyyəsi ilə bağlıdır. Onun tədqiqatları adi və xüsusi törəməli diferensial tənliklər, gecikən arqumentli sistemlər və diskret sistemlərlə təsvir olunan məsələlərdə optimallıq üçün zəruri şərtlərin müəyyənləşdirilməsinə həsr olunub, optimal idarəetmə məsələləri üçün yeni yanaşmaların işlənib hazırlanmasına mühüm töhfələr verib.
1973–1998-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində analitik həndəsə, diferensial həndəsə və optimal idarəetmənin riyazi üsullarından mühazirələr oxuması onun alim kimi yetişməsində pedaqoji fəaliyyətin də mühüm yer tutduğunu göstərir. 1989-cu ildə elmlər doktoru elmi dərəcəsi alan alim, 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Onun elmi irsinə beş monoqrafiya, 150-dən çox elmi məqalə, orta məktəblər üçün 20 dərslik və dərs vəsaiti daxildir. Lakin Misir Mərdanovun elmi portretini yalnız rəqəmlərlə ifadə etmək mümkün deyil. Onun fəaliyyətində elm ilə təhsilin, tədqiqat ilə pedaqoji düşüncənin və elmi yaradıcılıq ilə milli-mədəni yaddaşın vəhdəti xüsusi yer tutur.


Misir Mərdanovun həyat yolunun mühüm mərhələlərindən biri Azərbaycan təhsil sistemində rəhbər vəzifələrdə çalışdığı illərdir. O, 1989-cu ildən Təhsil Nazirliyində müxtəlif vəzifələrdə fəaliyyət göstərib, 1996–1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru olub.1998-ci ildən 2013-cü ilədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsini daşıyıb. Bu dövr onun fəaliyyətində alimliklə idarəçilik təcrübəsinin bir araya gəldiyi mərhələ kimi xarakterizə olunur. Universitet auditoriyasından idarəetmə sisteminə qədər uzanan bu yol ona Azərbaycan təhsilinin müxtəlif problemlərini həm alim, həm müəllim, həm də rəhbər kimi müşahidə etmək imkanı verib.

Misir Mərdanovun təhsil tarixinin öyrənilməsinə verdiyi töhfələr də xüsusi qeyd olunmalıdır. Onun müəllifi olduğu dördcildlik “Azərbaycan Təhsil Tarixi” əsəri ölkənin təhsil keçmişinin sistemli şəkildə araşdırılması baxımından mühüm nəşrlərdən biridir. Bundan başqa, “Azərbaycan Təhsil Nazirləri”, “Azərbaycanlılar xarici ölkələrin ali məktəblərində”  və digər əsərlərində Azərbaycan təhsilinin müxtəlif  dövrlərinə, elm və maarif tarixinin görkəmli nümayəndələrinə dair zəngin materiallar toplanıb.

Tarix yalnız hadisələrdən ibarət deyil. Tarixi həm də onu yaradan insanlar yaşadır. Misir Mərdanovun tədqiqatlarında bu düşüncə xətti aydın hiss olunur. O, keçmişə yalnız keçmiş kimi baxmır; tarixi bu günün yaddaşı və gələcəyin mənəvi dayağı kimi təqdim edir.
Misir Mərdanovun yaradıcılığının diqqətçəkən cəhətlərindən biri də onun yalnız öz ixtisas sahəsi ilə məhdudlaşmamasıdır. Riyaziyyatçı alim kimi tanınan M.Mərdanovun əsərlərində müxtəlif dövrlərdə Azərbaycan təhsilinin keçdiyi yol, bu sahədə çalışan görkəmli şəxsiyyətlərin fəaliyyəti, ali məktəblərdə təhsil almış azərbaycanlıların taleyi və milli təhsil ənənələrinin inkişafı ilə bağlı qiymətli məlumatlar öz əksini tapır. Bu baxımdan onun yaradıcılığı elmi araşdırma ilə milli yaddaşın qorunması arasında körpü yaradır. Alimin görkəmli şəxsiyyətlər haqqında yazdığı çoxsaylı məqalələr də onun ziyalı mövqeyini əks etdirir.  Ziyalı həm də milli yaddaşın qoruyucusu, mənəvi dəyərlərin daşıyıcısı və gələcək nəsillə keçmiş arasında əlaqə yaradan şəxsdir. Onun yaradıcılığında müəllim obrazı da xüsusi yer tutur. Çünki müəllimlik yalnız müəyyən fənni öyrətmək deyil, düşünməyi, araşdırmağı və həqiqəti axtarmağı öyrətməkdir. Riyaziyyatın məntiqi ilə formalaşan bu yanaşma onun həm elmi, həm də pedaqoji fəaliyyətində özünü göstərir.

     Müəllim öz ziyası, nuru ilə   bütün cəmiyyətə işıq saçandır. Müəllim mənən pak, böyük ürəyə sahib olandır. Müəllim olmaq bir üstünlükdür, hamı müəllim sözünə, müəllim peşəsinə böyük hörmətlə yanaşır.  Müəllimlər dünyada ən uzunömürlü peşələrin başında durur, müəllimlər digər peşə sahiblərindən daha çox yaşayır, cəmiyyətdə hörmətlə xatırlanırlar. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Kamillik və Dahiliyi özündə ehtiva  edən  müəllim ömrü insanı müdrikləşdirir, onu yaddaşlarda yaşadır.

İnsan ömrünün mənası bəzən illərin sayı ilə deyil, həmin illərin cəmiyyətə, elmə, təhsilə və mənəvi dəyərlərə verdiyi töhfələrlə ölçülür. Elə ömürlər də var ki, onların hər mərhələsi bir tarix səhifəsinə çevrilir. Alimliklə müəllimliyi, elmi yaradıcılıqla ictimai fəaliyyəti, təhsil idarəçiliyi ilə milli ziyalılıq missiyasını özündə birləşdirən belə şəxsiyyətlərdən görkəmli riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Misir Cumayıl oğlu Mərdanovdur.

Azərbaycan cəmiyyətində “ziyalı” anlayışının özünəməxsus mənəvi çəkisi var. Ziyalı yalnız yüksək təhsilli insan deyil. Ziyalı həm də öz biliyini cəmiyyətin inkişafına yönəldən, milli dəyərlərə hörmət edən, keçmişi unutmayan və gələcəyə məsuliyyətlə baxan şəxsdir. Misir Mərdanovun çoxillik fəaliyyəti bu anlayışın müxtəlif istiqamətlərini özündə birləşdirir. Bəzən uğur bir elmi nəticədir. Bəzən yazılan kitabdır. Bəzən yetişdirilən tələbədir. Bəzən unudulmaqda olan bir tarixi faktın üzə çıxarılmasıdır. Bəzən isə illər sonra bir tələbənin öz müəllimi haqqında minnətdarlıqla danışmasıdır. Hər bir alimin ən böyük əsərlərindən biri, bəlkə də, onun yetişdirdiyi alimlərdir. Çünki kitablar zaman keçdikcə yenidən nəşr oluna, məqalələr təkrar oxuna bilər. Lakin elmi düşüncə məktəbi yalnız insan vasitəsilə nəsildən-nəslə ötürülür.

Misir Mərdanov uzun illər ərzində gənc tədqiqatçıların hazırlanmasına xüsusi diqqət yetirib. Onun elmi rəhbərliyi ilə doktorantların və dissertantların müdafiə etməsi, yeni alimlərin yetişməsi bu baxımdan əhəmiyyətlidir. Bu gün də onun elmi fəaliyyətinin mühüm istiqamətlərindən biri gənc alimlərin elmə cəlb edilməsi və riyaziyyat elminin yeni tədqiqatçılarının yetişdirilməsidir. Elm yalnız bu günün nəticəsi deyil. Elm həm də sabahın hazırlanmasıdır, alim öz elmi irsini yalnız kitab və məqalələrdə deyil, yetişdirdiyi gənc tədqiqatçıların fəaliyyətində də yaşadır.

Misir Mərdanovun elm, təhsil və ictimai həyatdakı fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, Əməkdar elm xadimi fəxri adına layiq görülüb, 1-ci dərəcəli “Vətənə xidmətə görə”, Şöhrət” ordenlərinə layiq görülüb.  2017-ci ildə AMEA-nın müxbir üzvü seçilməsi də onun Azərbaycan riyaziyyat elminə verdiyi töhfələrin elmi ictimaiyyət tərəfindən qiymətləndirilməsinin göstəricilərindən biridir. Lakin hər bir alim üçün ən böyük qiymət yalnız fəxri ad və mükafatlar deyil. Ən böyük qiymət onun əsərlərinin yaşaması, tələbələrinin uğuru və elmi ideyalarının gələcəkdə davam etdirilməsidir.

80 il – insan ömrünün mühüm bir zirvəsidir. Elm adamı üçün yaşın mənası yalnız təqvimlə ölçülmür. Elm adamı üçün hər yeni gün yeni sual, yeni axtarış, yeni düşüncə deməkdir. Əsl ölçü görülən işlər, yazılan əsərlər, yetişdirilən tələbələr, cəmiyyətə verilən töhfələr və gələcək nəsillərə ötürülən mənəvi mirasdır. Misir Mərdanovun həyat yolu bu baxımdan zəngin və çoxşaxəlidir. O, riyaziyyatçı alim, müəllim, tədqiqatçı, universitet rəhbəri, təhsil idarəçisi və ziyalı kimi müxtəlif istiqamətlərdə fəaliyyət göstərib. Onun yaradıcılığında elm və təhsil, tarix və yaddaş, müəllimlik və ziyalılıq anlayışları bir-birini tamamlayır. Səksən yaş insan ömrünün müdriklik çağlarından biridir. İnsanın yaşındakı iki rəqəm eyni vaxtda dəyişirsə, bu, riyazi mənada tam onluq bir mərhələ, həyat yolunda isə əlamətdar bir yubiley deməkdir. Bu hadisə təbiətin, zamanın və insan həyatının harmonik təsadüfüdür, sanki həyatın öz riyaziyyatıdır. Həyatını riyaziyyata, onun tədrisinə, elmi araşdırmalara və yeni nəslin formalaşmasına həsr etmiş Misir müəllimin yubileyi əslində ömrün baharı, zəhmət və zəkanın bayramıdır.

Yubiley geridə qalmış illərin cəmi, toplanan təcrübənin inteqralı, zəhmətin limiti, bəlkə də həyat funksiyasının infleksiya nöqtəsidir. Bu infleksiya nöqtəsindən sonra qarşıda uzanan çoxlu sabit artım intervalları var hələ. Doğum günü riyaziyyatçılar üçün başlanğıc nöqtəsidir –Həyat funksiyasının x = 0 nöqtəsindən başlandığı andır.
Hər doğum günü başlanğıca qayıdış və funksiyanı yeni dəyərlərlə, yeni limitlərlə yenidən inteqrasiya etmək cəhdidir.

Misir Mərdanovun 80 illik yubileyi  məhz belə bir ömrün hesabatıdır — elmə həsr olunmuş,  adından təhsillə yoğrulmuş, ziyalılıq məsuliyyəti ilə zənginləşmiş bir ömrün.

Misir Mərdanovun 80 illik yubileyi, Azərbaycan elminə və təhsilinə həsr olunmuş böyük bir yolun qiymətləndirilməsidir. Onun adı Azərbaycanda riyaziyyat elminin, milli təhsil tarixinin və müasir təhsil quruculuğunun mühüm səhifələri ilə sıx bağlıdır. Sizin keçdiyiniz yol bir ömrün deyil, elmə və təhsilə xidmətin salnaməsidir.
Hörmətli Misir müəllim! Sizi 80 illik yubileyiniz münasibətilə respublikamızın təhsil ictimaiyyəti adından təbrik edir, möhkəm cansağlığı, uzun ömür, yeni elmi yaradıcılıq uğurları və Azərbaycan elminin inkişafı naminə fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayırıq.
Qoy bundan sonrakı illəriniz də elm və yaradıcılıqla, doğmalarınızın və həmkarlarınızın sevgisi ilə, yetirmələrinizin uğurlarından doğan qürur hissi ilə dolu olsun.
Ömrünüzün bu yeni mərhələsi  yeni elmi uğurlar və yaradıcılıq sevincləri ilə zəngin olsun!

 


  Zülfiyyə Vəliyeva
 Azərbaycan respublikanın Əməkdar müəllimi
Akademik Mehdi Mehdizadə mükafatı laureatı 
Beynəlxalq Ekoenergetika Akademiyasının
“ Tibbi biologiya və Ekologiya”
  Departamentinin Elmi katibi

 

Loading