Ermənistan Konstitusiyasına dəyişiklik məsələsi sülh prosesinə necə təsir edə bilər? – Ekspert açıqladı
Azərbaycan və Ermənistan arasında sülh prosesində tərəflərin üzərinə götürməli olduğu öhdəliklər, o cümlədən Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi məsələsi müzakirə olunan əsas mövzulardandır. Azərbaycan tərəfi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olduğunu bildirərək bunun aradan qaldırılmasını sülh prosesinin əsas şərtlərindən biri kimi təqdim edir. Ermənistan tərəfi isə Konstitusiyada Azərbaycana qarşı ərazi iddiasının olmadığını bildirir.
Mövzu ilə bağlı siyasi şərhçi, Ağ Partiyanın sözçüsü Cavanşir Abbaslı Paraqraf.com-a bildirib ki, sülh prosesində əsas məsələlərdən biri Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlıdır:

“Əlbəttə, burada əsas qarşıda duran məsələ Ermənistanın Konstitusiyasına dəyişikliklər etməsidir. Bilirsiniz ki, Azərbaycan tərəfinin əsas şərtlərindən biri Ermənistanın referendum keçirərək Konstitusiyasında dəyişikliklər etməsi və həmin müddəanın oradan çıxarılmasıdır. Hələlik Ermənistanda bu baş tutmayıb.
7 iyun seçkilərindən sonra Paşinyanın referendum məsələsinə gedəcəyi və dəyişikliklər edəcəyi ilə bağlı fikirlər səsləndirilir. Amma hələlik biz bunun şahidi deyilik. Bununla belə, qarşıdakı zamanla bağlı ümidli danışmağa əsas verən məqamlar var. Çünki Paşinyanın istər açıqlamaları, istərsə də Ermənistanın yüksək rütbəli rəsmilərinin, o cümlədən Xarici İşlər Nazirliyi səviyyəsində verdiyi bəyanatlar müəyyən ümidlər yaradır.
Bu günlərdə BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüş, eləcə də bununla bağlı yayılan görüntülər sülhə doğru ümidverici vəziyyətin yarandığını və müəyyən addımların atıldığını göstərir”.
Ekspert hesab edir ki, tərəflər arasında qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi müsbət dinamika yaratsa da, bunun sülhün əldə olunması üçün kifayət edib-etmədiyi ayrıca qiymətləndirilməlidir:
“Ancaq bu, kifayətdirmi? Xeyr. Nə qədər ölkələr arasında qarşılıqlı səfərlər və görüşlər olsa da, son nəticədə əsas məsələlərdən biri kimi Ermənistan Konstitusiyası ilə bağlı mübahisənin həlli gündəmdə qalacaq.
Azərbaycan tərəfinin mövqeyinə görə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalar aradan qaldırılmadan sülh müqaviləsinin əldə olunması mümkün deyil. Həmin məsələ həll olunduqdan sonra sərhədlərin delimitasiyası, regional kommunikasiyaların açılması, əldə olunan razılaşmaların praktiki icrası, qarşılıqlı etimadın möhkəmləndirilməsi və digər məsələlərin həlli istiqamətində addımlar atıla bilər.
Təsəvvür edin ki, ilk olaraq bu kimi məsələlər həyata keçirilsin, sonda isə Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları olduğu iddia edilən müddəalar qalsın və bunun fonunda sülh müqaviləsi əldə olunsun. Bu, mümkün deyil. Ərazi iddiaları məsələsi həll olunmadan hansı sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilər?
Sabah həmin Konstitusiyanın müddəalarına əsaslanaraq Ermənistan tərəfi yenidən revanşist düşüncəyə qapıla bilər və Azərbaycanla yeni, üçüncü Qarabağ müharibəsinin başlanması ehtimalı yarana bilər. Ona görə də Azərbaycan tərəfi haqlı olaraq həmin şərti irəli sürüb.
Nəticə etibarilə, sülh müqaviləsinin əldə olunması üçün Ermənistan Konstitusiyası ilə bağlı ərazi iddiaları məsələsinin həlli əsas məsələlərdən biri olaraq qalır”.
Ağayeva Aidə
Paraqraf.com
![]()

