Son dövrlərdə ayrı-ayrı məktəblərdə valideynlərdən müxtəlif məqsədlərlə pul yığılması ilə bağlı iddialar sosial şəbəkələrdə və mediada gündəmə gəlir. Bu cür hallar valideynlər arasında narazılıq yaradır və məktəblərdə maliyyə məsələlərinə nəzarətin effektivliyi ilə bağlı suallar doğurur. Digər tərəfdən, hər bir iddianın faktlarla araşdırılması və konkret hallarla bağlı obyektiv mövqeyin ortaya qoyulması vacibdir.
Mövzu ilə bağlı təhsil eksperti, Təhsil İşçilərinin Həmrəylik Alyansının sədri Əmrah Həsənli Paraqraf.com-a bildirib ki, məktəblərdə valideynlərdən müxtəlif adlar altında pul yığılması ilə bağlı iddialar həm təhsil sisteminin nüfuzuna kölgə salan, həm də cəmiyyətdə haqlı narazılıq doğuran əsas məsələlərdən biridir:

“Bu məsələyə yanaşarkən bir neçə məqamı bir-birindən ayırmaq lazımdır. Bir tərəfdən nəzarət mexanizmlərinin effektivliyi, digər tərəfdən isə hər bir iddianın hüquqi müstəvidə konkret faktlarla təsdiqlənməsi vacibdir.
Mövzunun nəzarət mexanizmlərinə gəldikdə, hazırda Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, eləcə də regional təhsil idarələri tərəfindən müəyyən monitorinqlər aparılır. Daxil olan siqnallar əsasında yoxlamalar keçirilir. Bir çox hallarda məktəb rəhbərləri barəsində intizam tədbirləri görülür, hətta işdən azad olunma halları da baş verir”.
Ekspert qeyd edib ki, mövcud mexanizmlər hələ də tam arzuolunan səviyyədə effektiv fəaliyyət göstərə bilmir.
“Bunun əsas səbəblərindən biri pul yığılmasının əksər hallarda rəsmi sənədləşmə olmadan, müxtəlif şifahi tapşırıqlar, sinif komitələri və “könüllülük” adı altında WhatsApp qrupları vasitəsilə həyata keçirilməsidir. Bu isə daxili nəzarət orqanlarının məsələyə çevik və qabaqlayıcı şəkildə müdaxilə etməsini çətinləşdirir.
Nəzarətin tam effektiv olması üçün proses yalnız şikayət daxil olduqdan sonra cəzalandırma prinsipi əsasında qurulmamalıdır. Məktəbdaxili maliyyə və təsərrüfat fəaliyyətinin şəffaf idarə olunması da paralel şəkildə təmin edilməlidir. Bu halda yalnız baş vermiş pozuntulara reaksiya vermək deyil, mümkün qanunsuz halların əvvəlcədən qarşısını almaq daha real olar.
Valideynlər belə hallarla qarşılaşdıqda, ilk növbədə, konkret faktlara əsaslanmalıdırlar. Əgər məktəbdə qanunsuz pul yığılması ilə bağlı hal baş veribsə, valideyn regional təhsil idarəsinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə və Elm və Təhsil Nazirliyinin qaynar xəttinə rəsmi şəkildə müraciət edə bilər. Müraciət zamanı məktəbin nömrəsi, sinif, pulun kim tərəfindən toplandığı və hansı məqsədlə tələb edildiyi kimi məlumatların dəqiq göstərilməsi araşdırmanın aparılmasına kömək edə bilər.
Əgər məsələ açıq şəkildə hədə-qorxu, təzyiq, şagirdin sıxışdırılması və ya rüşvət xarakterli məcburiyyətlə müşayiət olunursa, bu artıq hüquq-mühafizə orqanlarının səlahiyyətləri çərçivəsində qiymətləndirilə bilər. Belə hallarda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmək mümkündür”.
Əmrah Həsənlinin fikrincə, təhsildə sağlam və şəffaf mühitin yaradılması üçün həm nəzarətedici qurumlar prinsipial mövqe nümayiş etdirməli, həm də məktəb rəhbərləri öz məsuliyyətlərini dərk etməlidirlər:
“Bununla yanaşı, valideynlər də öz hüquqlarını bilməli və qanunsuz tələblərlə qarşılaşdıqda susmamalıdırlar.
Şəffaflığın təmin olunması isə yalnız nəzarətedici qurumların deyil, məktəblərin və valideynlərin də iştirak etdiyi qarşılıqlı əməkdaşlıq və hüquqi müstəvidə atılan düzgün addımlar nəticəsində mümkündür”.
Aidə
Paraqraf.com
![]()

