İran Prezidenti Məsud Pezeşkian ABŞ-la nüvə proqramı ətrafında yaranmış qarşıdurmanın diplomatik yolla həllinə açıq olduqlarını bəyan edib. O, Tehranın nüvə silahı əldə etmək niyyətində olmadığını bildirərək, ABŞ-la noyabr ayında keçiriləcək aralıq seçkilərə qədər razılaşma əldə etməyə hazır olduqlarını deyib.
Pezeşkianın noyabr seçkilərinə qədər razılaşma mesajı verməsi Vaşinqton-Tehran xəttində yeni diplomatik mərhələnin başlanmasına səbəb ola bilərmi və İranın zənginləşdirmə səviyyəsinin azaldılması ilə bağlı təklifi ABŞ üçün kifayət edəcəkmi?
Politoloq Həsən Məmmədov Musavat.com-la qənaətlərini bölüşdü:

“Pezeşkianın dedikləri onu göstərir ki, İran diplomatik danışıqlara getməyin tərəfdarıdır. Onun mesajında siyasi məntiq var. Tehran deyir ki, diplomatiya mümkündür, amma qarşı tərəfin də əldə olunan razılaşmalara sadiqliyi olmalıdır. İranın “nüvə silahı əldə etmək niyyətimiz yoxdur” deməsi və uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması ilə bağlı siqnal verməsi Vaşinqtona yeni danışıqlar üçün imkan yaradır. Pezeşkian son müsahibəsində yüksək zənginləşdirilmiş uranın durulaşdırılmasına və beynəlxalq yoxlamalara razı ola biləcəklərini də bildirib. Lakin Tehran haqlı olaraq əvvəlki təcrübəni də masaya gətirə bilər. İran öhdəliklərini yerinə yetirdiyi və IAEA tərəfindən monitorinq edildiyi bir dövrdə ABŞ razılaşmadan çıxdı və sanksiyalar yenidən tətbiq edildi. Bu vəziyyətdə Vaşinqtonun qarşısında əsas məsələ yalnız İrandan yeni güzəştlər tələb etmək deyil. ABŞ əvvəlcə beynəlxalq razılaşmalara siyasi etibarlılığını necə bərpa edəcəyini də izah etməlidir. Çünki diplomatiya qarşılıqlı öhdəlik üzərində qurulur. Bir tərəfdən “razılaşma əldə edək” deyib, digər tərəfdən əldə edilmiş beynəlxalq sənəddən birtərəfli qaydada çıxmaq gələcək danışıqlarda etimad problemini daha da dərinləşdirir. Pezeşkianın noyabra qədər razılaşma əldə etmək barədə mesajı bu baxımdan sadəcə Tehranın Vaşinqtona güzəşt təklifi kimi qəbul edilməməlidir. Bu, həm də ABŞ-yə ünvanlanan siyasi mesajdır. İran diplomatiya masasından qaçmır, lakin əvvəlki razılaşmanın taleyini də unutmur. İndi top Vaşinqtonun meydanındadır.
Əgər ABŞ həqiqətən diplomatik həll istəyirsə, bunun üçün yalnız İranın nüvə fəaliyyətinə dair yeni məhdudiyyətlər deyil, qarşılıqlı təminatlar, sanksiyaların aradan qaldırılması və əldə ediləcək razılaşmanın gələcək administrasiyalar tərəfindən qorunması məsələsi də müzakirə edilməlidir. Əks halda, 2015-ci il təcrübəsi İran üçün kifayət qədər ciddi siyasi presedent yaradıb: Tehran güzəştə gedə, beynəlxalq yoxlamanı qəbul edə, nüvə fəaliyyətini məhdudlaşdıra bilər, amma qarşı tərəf razılaşmadan çıxdıqda bütün siyasi etimad mexanizmi çökür. Həmçinin qeyd edim ki, ABŞ-İran münasibətlərində nüvə məsələsini yalnız Vaşinqton və Tehran arasındakı ikitərəfli mübahisə kimi qiymətləndirmək kifayət deyil. İsrailin İranın nüvə proqramına dair təhlükəsizlik narahatlıqları və Tehranın regional siyasəti ilə bağlı mövqeyi ABŞ-nin Yaxın Şərq siyasətinin mühüm komponentlərindən biridir. Hazırkı qarşıdurmanın fonunda Pezeşkian da ABŞ-lə münasibətlərdə İsrailin rolunu açıq şəkildə gündəmə gətirir. Çünki Tehran üçün məsələ yalnız nüvə proqramının gələcəyi deyil. İran tərəfi eyni zamanda sanksiyaların aradan qaldırılmasını, hərbi təzyiqlərin dayandırılmasını və əldə olunacaq razılaşmanın gələcəkdə Vaşinqton tərəfindən yenidən pozulmamasına dair təminatlar istəyir. Vaşinqton isə İranın zənginləşdirmə imkanları və regional təhlükəsizlik məsələlərində daha geniş məhdudiyyətlər tələb edir. Hazırda diplomatik masada əslində üç əsas məsələ üz-üzə gəlir. İranın nüvə proqramı, ABŞ-nin sanksiya siyasəti və İsrailin regional təhlükəsizlik yanaşması. Əgər bu üç istiqamət üzrə qarşılıqlı qəbul edilə bilən mexanizm formalaşdırılmasa, yalnız nüvə zənginləşdirməsi ilə bağlı razılaşma əldə edilməsi belə uzunmüddətli sabitlik üçün kifayət etməyə bilər. Üstəlik, hazırkı ritorika diplomatik prosesin nə qədər kövrək olduğunu göstərir. Son günlər Vaşinqtondan həm danışıqlara açıq mesajlar, həm də İrana qarşı sərt hərbi ritorika səslənib. Bu ziddiyyətli yanaşma Tehran üçün əlavə etimadsızlıq yaradır”.
Politoloqun sözlərinə görə, cənub qonşumuz göstərmək istəyir ki, diplomatiya masasından qaçmır:
“Pezeşkianın son açıqlaması da məhz bu xəttin davamıdır: Tehran zənginləşdirilmiş uranın durulaşdırılması, beynəlxalq yoxlama və razılaşma imkanlarından danışır, lakin qarşılığında ABŞ-dən siyasi və iqtisadi təminatlar gözləyir. Bu mənada qarşıdakı proses yalnız “İran güzəştə gedəcəkmi?” sualı ilə məhdudlaşmır. Əsas sual həm də budur: ABŞ 2018-ci ildə tərk etdiyi razılaşmadan sonra yaranmış etimad böhranını aradan qaldırmaq üçün hansı siyasi təminatları ortaya qoya bilər? İranın mövqeyindən baxdıqda, Tehran üçün məsələ artıq sadəcə nüvə proqramı deyil, suverenlik, beynəlxalq öhdəliklərin qarşılıqlılığı və təhlükəsizlik təminatları məsələsidir. Vaşinqton üçün isə əsas problem İranın nüvə imkanlarının gələcəkdə hansı çərçivədə saxlanılacağıdır. Bu səbəbdən Pezeşkianın mesajı əslində bir diplomatik qapının hələ tam bağlanmadığını göstərir. Lakin həmin qapının açıq qalması üçün yalnız Tehranın deyil, Vaşinqtonun da konkret siyasi addımlar atması tələb olunur. Əks halda, Yaxın Şərqdə diplomatiyanın yerini yenidən hərbi ritorika tutacaq və İsrail faktoru da bu prosesin daha mürəkkəb regional qarşıdurmaya çevrilməsi riskini artıracaq”.
Cavanşir Abbaslı
Musavat.com
![]()

