Ermənistanda Azərbaycanın Qarabağ müharibəsindəki düşmənlərindən biri, ASALA terror təşkilatının liderlərindən olmuş Monte Melkonyan haqqında yeni film çəkilib. “Monte” adlanan ekran əsərində terrorçunun həyatından bəhs edilir və onun obrazının yenidən erməni ictimaiyyətinə qəhrəman kimi təqdim olunması diqqət çəkir.
Paraqraf.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, “Genetic Production” şirkətinin istehsalı olan filmin baş prodüseri Nona Sərkisyandır. Ekran əsəri Monte Melkonyanın həyat yoldaşı Seda Melkonyanın xatirələri əsasında çəkilib. Filmin noyabrın 25-dən etibarən Ermənistan kinoteatrlarında nümayiş etdiriləcəyi gözlənilir. Diqqətçəkən məqam odur ki, filmin maliyyələşdirilməsində Ermənistanın dövlət qurumları da iştirak edib. Belə ki, layihənin əsas maliyyə mənbələri Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi, eləcə də İrəvan meriyasıdır.
Başqa sözlə, söhbət təkcə hansısa rejissorun şəxsi təşəbbüsündən deyil, dövlət qurumlarının da dəstəklədiyi mədəniyyət layihəsindən gedir. Bu isə Ermənistanın Qarabağ müharibəsində iştirak etmiş şəxslərin obrazını öz ictimaiyyətinə necə təqdim etdiyini bir daha gündəmə gətirir.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Musavat.com-a açıqlamasında Melkonyan haqqında film çəkilməsini sərt tənqid edib.
O bildirib ki, terror təşkilatının rəhbərlərindən birinin kino vasitəsilə qəhrəmanlaşdırılması tarixi həqiqətləri dəyişmək cəhdidir:
“Monte Melkonyan ASALA terror təşkilatının yaradıcılarından və rəhbərlərindən biri olub. Belə bir insan haqqında hansı qəhrəmanlıq filmindən danışmaq olar? Terrorçudan qəhrəman obrazı yaratmaq istəyirlər. Nə qədər film çəksələr də, onun terrorçu damğasını üzərindən götürə bilməyəcəklər.
Hər kəs bilir ki, bu adam Azərbaycan xalqının başına hansı müsibətləri gətirib. Qarabağda hansı əməllərlə məşğul olub, hansı hadisələrdə iştirak edib. Belə bir şəxsi qəhrəman kimi təqdim etmək nə tarixi dəyişir, nə də onun əməllərini unutdurur. Melkonyandan qəhrəman ola bilməz.
Monte Melkonyanı mən məhv etmişəm. Bu, mənim taleyimə, qismətimə yazılmış bir əməliyyatdır. Onu məhv etdiyimizə dair bütün sübutlar, dəlillər var”.
Monte Melkonyan 1957-ci ildə ABŞ-da erməni ailəsində anadan olub. O, ASALA terror təşkilatının rəhbər şəxslərindən biri, sonradan isə təşkilatın ASALA-RM (Revolutionary Movement) qanadının qurucusu olub. Təşkilat Türkiyə diplomatlarına və digər şəxslərə qarşı terror hücumları ilə tanınıb.
1990-cı ildə Ermənistana gələn Melkonyan daha sonra Qarabağa göndərilib. O, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı birləşmələrinintərkibində fəaliyyət göstərib və Xocavənd istiqamətindəki hərbi əməliyyatlarda iştirak edib.
![]()

