ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirməsi İran ətrafında onsuz da mürəkkəb olan vəziyyəti yenidən diqqət mərkəzinə gətirib. Nüvə enerjisi ilə işləyən “Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin regiona göndərilməsi Vaşinqtonun hərbi imkanlarını artırmaqla yanaşı, Tehrana ünvanlanan mühüm siyasi mesaj kimi də diqqət çəkir.
Maraqlıdır ki, ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio son açıqlamalarında İrana qarşı yeni hərbi əməliyyatların hazırda gündəmdə olmadığını vurğulayıblar. Bir tərəfdən diplomatik təmkin nümayiş etdirilir, digər tərəfdən isə bölgədə ABŞ-ın hərbi qüvvələri cəmləşdirilir. Bu ziddiyyətli mənzərə Vaşinqtonun İranla bağlı strategiyasının hansı istiqamətdə inkişaf etdiyinə dair suallar yaradır.
ABŞ hərbi gücünü artırmaqla Tehrana təzyiq göstərməyəmi çalışır, yoxsa Birləşmiş Ştatlar regionda mümkün yeni qarşıdurmaya hazırlaşır?
Politoloq Həsən Məmmədov Musavat.com-a bildirdir ki, ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirməsi Vaşinqtonun İranla münasibətlərdə təzyiq siyasətindən imtina etmədiyini göstərir: “Hesab edirəm ki, burada əsas məsələ yalnız hərbi gəmilərin və aviadaşıyıcıların regiona göndərilməsi deyil, ABŞ-nin beynəlxalq münasibətlərdə güc amilindən siyasi və diplomatik vasitə kimi istifadə etməsidir. “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin noyabrın 15-də ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olması regiondakı hərbi balans baxımından mühüm hadisədir.
ABŞ-nin bölgədəki aviadaşıyıcı qruplarının sayı üçə çatıb. Bu, Tehrana ünvanlanan kifayət qədər açıq mesajdır. Vaşinqton hərbi imkanlarını qoruyur və istənilən ssenariyə hazır olduğunu nümayiş etdirir. Lakin burada ciddi bir ziddiyyət var. ABŞ bir tərəfdən yeni hərbi əməliyyatların hazırda zəruri olmadığını bəyan edir, digər tərəfdən isə regionda hərbi qüvvələrini artırır. Bu yanaşma diplomatik təmkindən daha çox, hərbi gücün köməyi ilə danışıqlar masasında üstünlük əldə etmək strategiyasına bənzəyir. ABŞ özünü beynəlxalq təhlükəsizliyin təminatçısı kimi təqdim etsə də, onun Yaxın Şərqdəki siyasəti dəfələrlə münaqişələrin dərinləşməsinə, silahlanma yarışının sürətlənməsinə və region dövlətlərinin təhlükəsizlik narahatlıqlarının artmasına səbəb olub.
Vaşinqtonun siyasətindəki ən ciddi problem də məhz budur. ABŞ digər dövlətlərdən beynəlxalq hüquqa və diplomatik prinsiplərə riayət etməyi tələb etdiyi halda, özü hərbi təzyiqi xarici siyasətin əsas alətlərindən birinə çevirir. Bu ikili yanaşma beynəlxalq münasibətlərdə etimadı zəiflədir. İranın siyasətini müdafiə etmək olmaz, lakin heç bir dövlətin təhlükəsizlik məsələləri yalnız hərbi güc nümayişi və birtərəfli təzyiqlə həll edilə bilməz”.
Politoloqun sözlərinə görə, Trampın yanaşmasını isə ayrıca qiymətləndirmək lazımdır: “O, hərbi güc nümayişini diplomatik danışıqlarda təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Bir tərəfdən hərbi əməliyyatların genişləndirilməsinə ehtiyac olmadığını bildirir, digər tərəfdən isə Tehrana qarşı iqtisadi və hərbi təzyiq mexanizmlərini saxlayır. Tramp administrasiyası bu taktikanı diplomatik üstünlük və siyasi uğur kimi təqdim edə bilər. Ancaq bunun həqiqi diplomatik uğura çevrilməsi yalnız müharibənin dayandırılması, tərəflər arasında razılaşmanın əldə olunması və regionda davamlı təhlükəsizliyin təmin edilməsi ilə mümkün olacaq.
Qənaətimcə, ABŞ-nin qarşısında duran əsas seçim hərbi gücünü nümayiş etdirmək deyil, həmin gücdən yeni müharibənin qarşısını almaq üçün məsuliyyətli şəkildə istifadə etməkdir. Çünki Yaxın Şərqdə baş verəcək növbəti qarşıdurmanın nəticələri təkcə İran və ABŞ ilə məhdudlaşmayacaq. Bu proses enerji bazarına, beynəlxalq ticarətə, nəqliyyat dəhlizlərinə və bütövlükdə dünya iqtisadiyyatına ciddi təsir göstərə bilər”.
![]()

