Ukrayna müharibəsinin dayandırılması Avropa məkanında sabitliyin bərpasına deyil, məhz yeni geopolitik qarşıdurmaların başlanmasına gətirib, çıxara bilər… Çünki Kreml indi artıq SSRİ-nin dağılmasından sonra Rusiyanin itirdiyi geopolitik mövqelərin yenidən bərpa olunması hədəfi üzərindən hərəkət edir…
Rusiya, Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlardan istifadə edərək, Avropanın təhlükəsizlik arxitekturasını öz maraqlarına uyğun dəyişdirməyə çalışır. Kremlin son şərt-tələbləri onu göstərir ki, Rusiya üçün əslində, əsas məqsəd yalnız işğal etdiyi Ukrayna ərazilərinə nəzarəti rəsmiləşdirmək deyil. Yəni, Kreml həm də NATO-nun Şərqi Avropadakı mövqelərini zəiflətməyi və postsovet məkanında Rusiyanın geopolitik mövqelərini bərpa etməyi hədəfləyir.
Məsələ ondadır ki, Almaniyanın “Bild” nəşrinin məlumatına görə, Kreml Ukraynadan bütün Donbası təhvil verməsini, işğal altındakı digər ərazilər üzərində Rusiyanın nəzarəti ilə barışmasını, NATO-ya üzvlük perspektivindən imtina etməsini, Odessa və Nikolayev limanlarının demilitarizasiyasını tələb edir. Bunun müqabilində isə Kreml Ukraynanın Avropa Birliyinə üzvlüyünə qarşı Rusiyanın prinsipial etirazının olmayacağını bildirir.
Belə anlaşılır ki, Kreml Ukraynanın Avropaya iqtisadi inteqrasiyasına müəyyən şərtlər daxilində razılaşa bilər. Ancaq Rusiya Ukraynanın Qərbin hərbi-siyasi təhlükəsizlik sisteminə qoşulmasına qətiyyən imkan vermək istəmir. Xüsusilə də, Odessa və Nikolayev limanlarının demilitarizasiyası ilə bağlı tələb Ukraynanın Qara dənizdəki hərbi-strateji imkanlarının məhdudlaşdırılmasına və Rusiyanın regiondakı mövqelərinin gücləndirilməsinə hesablanıb.

Halbuki, Rusiyanın bu qabarıq ambisiyaları yalnız Ukrayna ilə də məhdudlaşmır. Belə ki, “Bild” nəşrinin yaydığı məlumatlara görə, Rusiya Finlandiyanın NATO-dan çıxmasını və Baltikyanı ölkələrdə alyansın hərbi bazalarının bağlanmasını da tələb edir. Və bu o deməkdir ki, Kreml yalnız Ukraynaya deyil, ümumiyyətlə, kollektiv Qərbə kapitulyasiya aktı imzalatmaq, Avropanı isə tamamilə Rusiyanın hərbi-strateji təsir dairəsinə daxil etmək niyyətinə düşüb.
Eyni zamanda, “The New York Times” nəşrinin məlumatları isə Kremlin NATO-nun 1997-ci il sərhədlərinə qayıtması tələbində israr etdiyini göstərir. Belə ki, Rusiya alyansın Şərqi Avropadakı hərbi bazalarının və qoşunlarının regiondan çıxarılmasını tələb edir. NATO-nun genişlənməsinin dayandırılmasını və Ukraynaya silah tədarükünün kəsilməsini vazkeçilməz şərt kimi irəli sürür. Üstəlik, Fransa və Böyük Britaniyanın digər Avropa dövlətlərini nüvə silahı ilə müdafiə etmək imkanlarının məhdudlaşdırılmasını da istəyir.
Əslində, NATO-ya yönəlik 1997-ci il sərhədlərinə qayıtmaq tələbi Avropa qitəsinin mövcud təhlükəsizlik sisteminin yenidən qurulmasına cəhd anlamı daşıyır. Qərb siyasi dairələrində hesab edirlər ki, belə bir ssenari Polşa, Baltikyanı ölkələr, Rumıniya və digər Şərqi Avropa dövlətlərinin təhlükəsizlik təminatlarını zəiflədə, NATO-nun şərq cinahında isə ciddi müdafiə boşluğu yarada bilər. Kremlin bu boşluqdan istifadə edərək, Rusiyanin Avropa ölkələri üzərində hərbi-siyasi təsir gücünü genişləndirməyə çalışacağı isə qətiyyən şübhə doğurmur.
Ancaq Rusiyanın geopolitik hegemoniya iştahı heç bunlarla da məhdudlaşmır. Belə ki, “Bild” nəşrinin məlumatına görə, Kreml Moldovanın federallaşdırılmasını, Dnestryanı bölgə və Qaqauziyanın isə ölkənin Avropa Birliyinə üzvlüyü halında, müstəqillik referendumları keçirmək hüququ əldə etməsini təklif edir. Belə bir model isə rəsmi Kişinyovun suveren qərarvermə imkanlarını bloklamaqla, Moldovanın Avropaya inteqrasiya prosesinə əngəl deməkdir. Xüsusilə də, Dnestryanı bölgədə Rusiyanın hərbi mövcudluğu nəzərə alınarsa, federallaşma modeli Kremlin Moldovanın xarici siyasətinə təsir göstərməsi üçün əlavə mexanizmə çevrilə bilər.
Maraqlıdır ki, Kremlin tələblərində hətta Cənubi Qafqaz da bu geopolitik mübarizənin ən önəmli istiqamətlərindən biri kimi diqqəti çəkir. Belə ki, Rusiya NATO-dan və Qərb ölkələrindən Ukrayna ilə yanaşı, Cənubi Qafqaz və Orta Asiyada da hərbi fəaliyyətin məhdudlaşdırılmasını istəyir. Bu, Kremlin postsovet məkanını hələ də Rusiyanın xüsusi geopolitik maraq zonası hesab etdiyini göstərir. Cənubi Qafqazda sülh prosesi, regional nəqliyyat-kommunikasiya xətlərinin açılması və ABŞ-ın TRIPP layihəsində iştirakı Rusiyanın bu bölgədəki ənənəvi təsir imkanlarını zəiflədə biləcək önəmli amillərdir. Ona görə də Kremlin yeni təhlükəsizlik konsepsiyasında bu regionun ayrıca yer alması qətiyyən təsadüfi deyil.

Rusiyanın hansı cavab güzəştlərinin müqabilində belə böyük geopolitik dəyişikliklər tələb etdiyi də maraq doğurur. Belə ki, “Bild” nəşrinin məlumatına görə, Rusiya Belarus ərazisində yerləşdirdiyi nüvə silahlarını çıxarmağa, orada orta mənzilli raketlərin yerləşdirilməsindən imtina etməyə və Moldovanın Dnestryanı bölgəsindəki qoşunlarını geri çəkməyə hazır olduğunu bildirir. Halbuki, Kremlin bu güzəştlərinin müqabilində Rusiyanın tələb etdiyi geopolitik qarşılıqlar müqayisə edilməyəcək səviyyədə daha genişdir.
Məsələ ondadır ki, Rusiya birmənalı şəkildə Ukraynanın NATO perspektivindən məhrum edilməsini, bu alyansın Şərqi Avropadakı hərbi mövcudluğunun azaldılmasını və postsovet məkanında Qərbin təsir imkanlarının məhdudlaşdırılmasını istəyir. Yəni, Kreml konkret hərbi mövqelərdən geri çəkilmək müqabilində Avropa məkanının təhlükəsizlik sisteminin məhz Rusiyanın maraqlarına uyğun dəyişdirilməsinə nail olmağa çalışır.
Təbii ki, bütün bunlara paralel olaraq, ABŞ-ın Rusiya ilə NATO və Avropanın təhlükəsizlik arxitekturasını müzakirə etməyə, Kremlin yeni təkliflərini dinləməyə hazır olması barədə son mesajları da xüsusi önəm daşıyır. Çünki bu, ABŞ-Rusiya münasibətlərində Ukrayna savaşından daha genişmiqyaslı geopolitik razılaşma axtarışının mövcud olduğunu biruzə verir. Belə ki, Ukrayna prezidenti Volodimir Zelenski də ABŞ-ın rəsmi Kiyevdən NATO-ya üzvlük perspektivi müqabilində Donbasdan çıxmağa hazır olub-olmadığını soruşduğunu artıq etiraf edib.
Buna cavab olaraq, prezident Volodimir Zelenski bildirib ki, rəsmi Kiyev Ukrayna ərazilərindən imtina etmək niyyətində deyil. Ancaq o, NATO və Avropa Birliyi tərəfindən konkret təhlükəsizlik təminatları, güclü ordunun silah və maliyyə ilə dəstəklənməsi, eləcə də ölkənin bərpası üçün maliyyələşdirilmiş plan təqdim edilərsə, bu məsələni Ukrayna cəmiyyətinin müzakirəsinə çıxarmağa da hazırdır. Və bu, rəsmi Kiyevin olduqca mürəkkəb seçim qarşısında qaldığını göstərir.
Məsələ ondadır ki, rəsmi Kiyev bir tərəfdən, Ukraynanın ərazi bütövlüyünü qorumağa çalışır. Digər tərəfdən isə Rusiya ilə müharibənin davam etməsinin yaratdığı hərbi və iqtisadi itkiləri nəzərə almaq məcburiyyətindədir. Ancaq bununla belə, rəsmi Kiyev onu da anlayır ki, etibarlı təhlükəsizlik təminatları olmadan ərazi güzəştlərinə gedilməsi Ukraynanı gələcəkdə yeni hərbi təcavüz təhlükəsi qarşısında qoya bilər.

Bütün bunlar birmənalı şəkildə onu göstərir ki, Ukrayna savaşı artıq çoxdan yalnız iki dövlət arasındakı ərazi münaqişəsi deyil. Çünki indi bu savaşın dayandırılması prosesi üzərindən Avropa məkanının gələcək təhlükəsizlik sisteminin, NATO-nun fəaliyyət coğrafiyasının və postsovet məkanındakı geopolitik təsir balansının müəyyən edilməsinə cəhd göstərilir. Və ABŞ-ın bütün bu məsələləri müzakirə etmək üçün Rusiya ilə dialoqa hazır olması isə Avropa dövlətləri arasında ciddi narahatlıq yaradır.
Çünki Qərb siyasi dairələrində hesab edirlər ki, ABŞ və Rusiya arasında mümkün razılaşmanın Avropa məkanının təhlükəsizlik maraqları ilə üst-üstə düşmə ehtimalı qətiyyən real deyil. Bu isə növbəti mərhələdə NATO daxilində daha ciddi ziddiyyətlərə yol aça bilər. Ona görə də, Avropa ölkələrinin öz müdafiə imkanlarını gücləndirməsi və təhlükəsizlik məsələlərində daha müstəqil mövqe tutması zəruri hesab olunur.
Göründüyü kimi, Kreml Ukraynada əldə etdiyi hərbi mövqeləri daha böyük siyasi-diplomatik və geopolitik uğura çevirmək istəyir. ABŞ isə Ukrayna müharibəsinin dayandırılması üçün Rusiya ilə daha genişmiqyaslı razılaşma imkanlarını nəzərdən keçirir. Ancaq Ağ Evdə onu da nəzərə almalıdırlar ki, Rusiya ilə istənilən razılaşmanın əsas şərti məhz Avropa dövlətlərinin və postsovet ölkələrinin suveren seçim hüququnun qorunması olmalıdır.
Əks halda, Ukrayna müharibəsinin dayandırılması Avropa məkanında sabitliyin bərpasına deyil, məhz yeni geopolitik qarşıdurmaların başlanmasına gətirib, çıxara bilər. Çünki baş verənlər həm də onu göstərir ki, əslində, Kremlin hazırda əsas hədəfi artıq sadəcə, müharibəni bitirmək deyil. Yəni, Kreml indi SSRİ-nin dağılmasından sonra Rusiyanin itirdiyi geopolitik təsir imkanlarının əhəmiyyətli hissəsini yenidən bərpa etmək niyyəti üzərindən hərəkət etməyə çalışır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert
![]()

