Prezident İlham Əliyevin Zəfərin 6-cı ildönümü münasibətilə Xankəndidə etdiyi müraciət tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi mahiyyətini bir daha nümayiş etdirən mühüm mesajlarla yadda qaldı. Müraciətin Xankəndidən, Vətən müharibəsində qazanılmış şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirilməsi xüsusi rəmzi məna daşıyır. Bu, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmiş Azərbaycanın qalib dövlət statusunun nümayişidir.
Prezident İlham Əliyevin vaxtilə bütün dünyaya bəyan etdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi!” ifadəsi bu gün tarixi reallığa çevrilib. Vaxtilə Azərbaycanın ərazi bütövlüyünə qarşı separatizmin mərkəzi olan Xankəndi bu gün Zəfərin rəmzinə çevrilib.
Prezident İlham Əliyevin müraciətində əsas diqqət yetirilən məsələlərdən biri 44 günlük Vətən müharibəsinin tarixi nəticələri və Azərbaycan xalqının Qələbəyə gedən yolunun təhlili idi. Dövlət başçımız bir daha vurğuladı ki, bu Qələbə təsadüfi hadisə deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü ordu quruculuğunun, iqtisadi inkişafın, milli həmrəyliyin və xalqın sarsılmaz iradəsinin məntiqi nəticəsidir.
Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 44 gün ərzində 300-dən çox yaşayış məntəqəsini döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyini həll edən həlledici hərbi-siyasi hadisə oldu. Ermənistan 9 noyabrdan 10-na keçən gecə üçtərəfli bəyanatı imzalamağa məcbur oldu. Nəticədə digər işğal altındakı ərazilərin də Azərbaycana qaytarılması prosesi başlandı.
Müraciətdə diqqət çəkən məqamlardan biri Azərbaycan və Ermənistan ordularının müharibə dövründə nümayiş etdirdiyi mənəvi-psixoloji vəziyyətin müqayisəsi idi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmayıb. Ermənistan rəhbərliyinin öz etirafına görə isə onların ordusunda 12 minə yaxın fərari qeydə alınmışdı. Bu müqayisə Qələbənin yalnız hərbi güc deyil, həm də mənəvi üstünlük, milli ruh və döyüş əzmi sayəsində əldə edildiyini göstərir.
Dövlət başçımız da bəyan etdi ki, “Azərbaycanın qələbəsinin əsasını təşkil edən amillərdən biri xalqın ləyaqət və milli iradəsi idi. Bizi irəliyə aparan milli ruhumuz idi”.
Azərbaycanın hərbi Qələbəsini şərtləndirən amilləri təhlil edərkən uzunmüddətli dövlət quruculuğu siyasətini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafı, müdafiə potensialının gücləndirilməsi, müasir silah və hərbi texnologiyaların əldə olunması, Silahlı Qüvvələrin peşəkarlığının artırılması Qələbənin mühüm təməllərini formalaşdırdı.
Bununla yanaşı, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, fəal diplomatiya və müstəqil xarici siyasət kursu da milli maraqlarımızın müdafiəsində mühüm rol oynadı. İşğal dövründə müxtəlif xarici qüvvələrin təzyiqlərinə və qəbuledilməz güzəşt təkliflərinə baxmayaraq, Azərbaycan rəhbərliyi prinsipial mövqeyindən geri çəkilmədi.
Prezident İlham Əliyev müraciətində bu məsələyə toxunaraq bildirdi ki, Ermənistanın arxasında dayanan bəzi dövlətlər Azərbaycanı işğalla barışdırmağa çalışırdılar. Lakin Azərbaycan xalqı heç vaxt öz torpaqlarının işğalı ilə barışmadı.
Bu baxımdan, 2020-ci il Vətən müharibəsi ilə 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı vahid strateji məqsədin iki mühüm mərhələsi kimi qiymətləndirilməlidir. Müzəffər Ali Baş Komandanın da bəyan etdiyi kimi: “O nida işarəsini biz 2023-cü il sentyabrın 20-də, bax, burada – Xankəndidə qoyduq”.
Bir zamanlar təcavüzün və separatizmin simvolu olan bu məkan artıq Azərbaycan xalqının milli mübarizəsinin tarixini yaşadır.
Prezident İlham Əliyev müraciətində azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə də toxundu. Dövlət başçımızın qeyd etdiyi kimi, Ermənistanın 30 ilə yaxın davam edən işğalı dövründə Azərbaycan şəhər və kəndləri yerlə-yeksan edilmiş, tarixi abidələrimiz və məscidlərimiz dağıdılmış, mədəni irsimizə qarşı vandalizm siyasəti həyata keçirilmişdi. Bu gün isə Azərbaycan həmin ərazilərdə tamamilə fərqli reallıq yaradır.
Təsadüfi deyil ki, artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır və çalışır. Bu göstərici “Böyük Qayıdış” Proqramının miqyasını və real nəticələrini nümayiş etdirir.
Azərbaycanın böyük Zəfəri fonunda milli birliyimizin və dövlətçiliyimizin ideoloji təməlində isə azərbaycançılıq məfkurəsi dayanır.
Prezident İlham Əliyevin müraciətində qeyd olunduğu kimi, “Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir”.
Azərbaycan təcrübəsi göstərir ki, milli ideologiya suverenliyin qorunması, cəmiyyətin birliyinin möhkəmləndirilməsi və gələcək inkişafın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət başçımızın “Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” fikri də növbəti mühüm mesajdır. Burada söhbət Azərbaycanın siyasi, iqtisadi, hərbi, texnoloji və institusional potensialının davamlı şəkildə artırılmasından gedir. Bu gün Azərbaycan üçün Zəfər yalnız tarixi Qələbə deyil, həm də gələcək inkişafın və təhlükəsizliyin təminatıdır.
Nigar Məmmədova
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
![]()

