25 Sen 2026, C

Deputat ad çəkdi: “Gürcüstanda Azərbaycan dili sıxışdırılır”

PAYLAŞIN:

“Xarici ölkələrdə dilimizə qarşı böyük təzyiq var. Bəzi ölkələrdə bizim dil məişət dili səviyyəsinə endirilir. Bəzi ölkələr deyəndə, birinci ölkə hansıdır bunu bilirik, amma ikinci ölkə də var”.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib:

“Bu günlərdə həmin ölkədə Azərbaycan dili saatları azaldılır. Dil milli identikliyin birinci şərtidir. Bu məsələyə qayıtmaq, bununla ciddi məşğul olmaq lazımdır ki, nə üçün belə edilir”.

Bəs qeyd edilən “birinci” və “ikinci” ölkə hansılardır? Ümumiyyətlə, ölkəmiz bununla bağlı hansı addımları atmalıdı?

Məsələ ilə bağlı Paraqraf.com-a danışan deputat Hikmət Babaoğlu bildirib ki, dil milli kimliyin əsas göstəricisidir:

“Dilin qorunması dünən aktual olduğu kimi, bu gün də, sabah da aktual olacaq. Buna görə də Azərbaycan Prezidenti daim dilimizin inkişafına və zənginləşməsinə xüsusi diqqət yetirir. Hətta 8 oktyabr 2025-ci ildə Elmlər Akademiyasının yubiley tədbirindəki çıxışı zamanı da dilimizin qorunmasının vacibliyini bir daha vurğulayıb.

Təəssüf ki, hazırda dilimiz müxtəlif təzyiqlərlə üz-üzədir. Yeni meydana çıxan təzyiqlər sırasında məhz rəqəmsal, kompüter və sosial dil təzyiqləri var. Bunlar dili məhdudlaşdırır və sıxışdırır. Ona görə də dilimizi qorumağın və inkişaf etdirməyin əsas platformalarından biri rəqəmsal mühitdə Azərbaycan dilinin yüksək səviyyədə təmin olunmasıdır”.

Onun sözlərinə görə, təəssüf ki, azərbaycanlıların yaşadığı etnomədəni coğrafiyalarda, dilimizin arealında bu təzyiqlər daha kəskin şəkildə özünü göstərir:

“Dil məişət səviyyəsinə endirilməyə çalışılır. Birinci ölkə qonşu İrandır. Çünki dövlət institutlarında, elmi, ədəbi və bədii mühitdə istifadə olunmayan dil tədricən işləkliyini itirir və daralmağa məhkum olur. Bununla həm leksik fond, həm də dil daşıyıcısı kimi təfəkkür və zehniyyət məhdudlaşır. Alimlər hesab edirlər ki, son tədqiqatlara görə, ana dilində deyil, başqa dildə tədris mühitinə qədəm qoyan uşaqlar öyrənmə qabiliyyətinin və potensialının təxminən 50 faizindən məhrum olurlar”.

Deputat qeyd edib ki, hazırda Gürcüstanda da Azərbaycan dili təhsil sistemində məhdudlaşdırılır:

“Nəzərdə tutduğum ikinci ölkə isə qonşu Gürcüstandır. Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdə Azərbaycan dili tədrisdən sıxışdırılaraq çıxarılır. Həftədə bir neçə saat tədris olunmalı olan Azərbaycan dili bəzən bir saata endirilir, bəzən isə proqramdan çıxarılır. Gürcü dilində təhsil alan azərbaycanlılar üçün isə Azərbaycan dili tədris olunmur”. 

O bildirib ki, xaricdə yaşayan azərbaycanlıların dil hüquqları daim qorunmalıdır:

“Məhz demək istədiyim birinci və ikinci ölkələr bunlardı. Halbuki Azərbaycan Prezidenti bildirib ki, Azərbaycandan kənarda yaşayan azərbaycanlıların təhlükəsizliyi və salamatlığı bizim məsələmizdir. Bu gün təhlükəsizliyimizi təmin edən əsas amillərdən biri də dil suverenliyi və dil təhlükəsizliyidir.

Müvafiq qurumlar bu məsələni daim diqqətdə saxlamalı, qonşu ölkələrlə mövcud yaxşı münasibətlərdən istifadə edərək dilimizin inkişafı üçün imkanların daha da yaxşılaşdırılmasını təmin etməlidirlər”. 

Loading