Ermənistanda növbəti parlament seçkiləri yaxınlaşdıqca, ölkədaxili siyasi mübarizə daha da kəskinləşir.
Hakimiyyətlə müxalifət arasında qarşıdurma, küçə etirazları və siyasi ittihamlar seçki prosesinin sabit keçib-keçməyəcəyi ilə bağlı sualları artırır. Bəzi müşahidəçilər hesab edirlər ki, seçkilərin nəticələri ilə bağlı narazılıqlar və ya siyasi böhranın dərinləşməsi ölkədə növbəti hakimiyyət dəyişikliyi cəhdlərinə, hətta çevriliş riskinə yol aça bilər.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasi şərhçi Üzeyir Mustafayev “Paraqraf.com”a bildirib ki, Ermənistanda keçiriləcək parlament seçkilərinə cəmi bir gün qalıb:

“Hələ indidən demək olar ki, bu seçkilər ölkənin son illərdə üzləşdiyi ən mühüm siyasi sınaqlardan biri olacaq. Söhbət təkcə hakimiyyət uğrunda mübarizədən getmir. Əslində, bu seçkilər Ermənistanın gələcək inkişaf istiqamətinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gün Ermənistanda iki fərqli siyasi yanaşma qarşı-qarşıyadır. Bir tərəfdə reallıqları qəbul edən, regionda sülh və əməkdaşlıq imkanlarını dəstəkləyən qüvvələr, digər tərəfdə isə revanşist mövqelərdən çıxış edən, heç bir tarixi əsası olmayan “Böyük Ermənistan” ideyasını və Qarabağ iddialarını gündəmdə saxlamağa çalışan siyasi dairələr yer alır.
Nikol Paşinyanın irəli sürdüyü əsas tezis ondan ibarətdir ki, Ermənistan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində fəaliyyət göstərməli, qonşularla münasibətləri normallaşdırmalı və regional inteqrasiyaya üstünlük verməlidir.
Bu mövqe Ermənistan daxilində birmənalı qarşılanmır. Xüsusilə erməni diasporasının müəyyən hissəsi, eləcə də kilsə və müxalif siyasi dairələr bu yanaşmanı tənqid edir. Bununla belə, son illərdə regionda yaranmış yeni geosiyasi reallıqlar göstərir ki, Ermənistan cəmiyyətində də mövcud vəziyyətin qəbul olunmasına yönələn meyillər artmaqdadır”.
Şərhçinin sözlərinə görə, seçki prosesi kifayət qədər gərgin keçəcək:
“Burada mübarizə aparan tərəflərin tamamilə bir-birinə əks mövqelərdə dayanması gərginliyi daha da artıran əsas amillərdəndir. Ermənistan qanunvericiliyinə görə, vətəndaşlar ölkə xaricində səs verə bilmirlər. Nəticədə Paşinyanın əsas tənqidçilərindən hesab olunan diaspor nümayəndələri səsvermədə iştirak etmək üçün Ermənistana gəlirlər.
Xüsusilə Rusiyadan kifayət qədər çox sayda erməni seçkilərdə iştirak etmək üçün ölkəyə qayıdır. Son dövrlərdə daha da kəskinləşən Rusiya-Ermənistan münasibətləri Rusiyada yaşayan ermənilərin bir hissəsinin Paşinyan əleyhdarına çevrilməsinə səbəb olub.
Bu proseslər fonunda hökumət ölkəyə yeni gələn və hərbi təlimlərdə iştirak etməyən kişiləri dərhal orduya çağırır. Bununla da Paşinyan əsas tənqidçilərinin bir hissəsinin seçkilərdə iştirak etməməsini qanuni yollarla təmin etməyə çalışır.
Beləliklə, seçkinin nəticələrindən sonra müəyyən qarşıdurmalar yaşana bilər. Lakin uğurlu çevriliş cəhdi ehtimalı yüksək görünmür. Nikol Paşinyan hələ 2021-ci ildə İkinci Qarabağ müharibəsindən dərhal sonra keçirilən növbədənkənar seçkilərdə qalib gələ bilmişdi. Bu isə onu göstərir ki, müharibədə məğlub olmasına baxmayaraq, erməni seçicilərinin əhəmiyyətli hissəsi Paşinyanı Robert Koçaryandan daha üstün hesab edir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()