“Yaxşı müəllim ilk növbədə şagirdini sevməlidir” – Fəal müəllimlə müsahibə
“Fəal müəllimlərin tanıdılması” layihəsi çərçivəsində pedaqoji fəaliyyətində fərqlənən, şagirdlərinin inkişafına və uğurlarına töhfə verən müəllimləri oxucularımıza tanıtmaqda davam edirik. Bu dəfə uşaqlara olan sevgisini müəllimlik fəaliyyətinin əsas ilham mənbəyinə çevirən Məmmədova Gülər ilə söhbətləşdik.
Gülər müəllimə üçün müəllimlik yalnız bilik öyrətmək deyil, həm də şagirdlərin özünəinamlı, məsuliyyətli və düşünən fərdlər kimi formalaşmasına dəstək olmaqdır. Müsahibəmizdə onun pedaqoji fəaliyyətə başlamasından, müəllimlik prinsiplərindən, müasir şagirdlərin gözləntilərindən, təhsildə texnologiya və süni intellektin rolundan, eləcə də müəllim olmaq istəyən gənclərə tövsiyələrindən danışdıq.
Paraqraf.com müsahibəni təqdim edir:
– İlk olaraq sizi tanıyaq. Pedaqoji fəaliyyətə necə başlamısınız?
– Mən Məmmədova Gülərəm. Pedaqoji fəaliyyətə başlamamın əsas səbəbi uşaqlara olan böyük sevgimdir. Uşaqlarla işləməyi, onların inkişafını və uğurlarını görməyi həmişə çox sevmişəm. Zaman keçdikcə bu sevgi mənim üçün sadəcə peşə deyil, həyatımın ən sevdiyim sahəsinə çevrilib.
– Müəllimlik fəaliyyətinizdə əsas məqsəd və prinsipləriniz nələrdir?
– Əsas məqsədim şagirdlərə yalnız bilik vermək deyil, onların özünəinamlı, məsuliyyətli və düşünməyi bacaran fərd kimi formalaşmasına kömək etməkdir. Hər uşağın fərqli olduğunu nəzərə alaraq onlara səbr, diqqət və fərdi yanaşma ilə yanaşmağa çalışıram.
– Sizcə, fəal və uğurlu müəllimi fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
– Məncə, yaxşı müəllim ilk növbədə öz peşəsini və şagirdlərini sevməlidir. Səbirli, ədalətli, yeniliklərə açıq və daim öyrənməyə həvəsli olmaq da çox vacibdir. Müəllim öz inkişafını dayandırmamalıdır ki, şagirdlərinə də daim yeni nələrsə qazandıra bilsin.
– Sizcə, bugünkü şagirdin müəllimdən gözləntisi əvvəlki illərlə müqayisədə necə dəyişib?
– Bugünkü şagird daha çox diqqət, fərdi yanaşma və maraqlı dərs gözləyir. Artıq yalnız müəllimi dinləməklə kifayətlənmir, dərsdə fəal iştirak etmək, sual vermək və fikrini ifadə etmək istəyir. Buna görə müəllim də zamanla dəyişməli və yeni yanaşmalardan istifadə etməlidir.
– Təhsil sahəsində hansı yeniliyin müəllimlərin işini daha da səmərəli edə biləcəyini düşünürsünüz?
– Müasir texnologiyaların və süni intellekt imkanlarının təhsildə daha düzgün və məqsədyönlü istifadəsinin müəllimlərin işini asanlaşdıracağına inanıram. Müəllim bu vasitələrdən dərsi planlaşdırmaq, müxtəlif tapşırıqlar hazırlamaq və şagirdlərin fərdi ehtiyaclarını müəyyənləşdirmək üçün istifadə edə bilər.
– Pedaqoji fəaliyyətiniz ərzində sizi ən çox qürurlandıran və yaddaşınızda qalan hadisə hansı olub?
– Məni ən çox qürurlandıran hadisələrdən biri şagirdlərimin əvvəl çətinlik çəkdikləri mövzularda irəliləyişlərini və sonradan uğur qazandıqlarını görməkdir. Bir uşağın “Müəllimə, artıq bacarıram” deməsi mənim üçün ən böyük mükafatdır.
– Sonda, müəllim olmaq istəyən gənclərə və həmkarlarınıza hansı mesajı vermək istərdiniz?
– Müəllim olmaq istəyən hər bir gəncə deyərdim ki, bu peşəni yalnız iş kimi deyil, sevərək seçsin. Çünki müəllim bir uşağın həyatına toxunan və onun gələcəyinə təsir edən insandır. Səbir, sevgi və daim öyrənmək istəyi varsa, bu peşədə uğur qazanmaq mümkündür.
Həsən
Paraqraf.com
![]()