Azərbaycan mədəniyyəti son illərdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə diqqət çəkən inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ və Şərqi Zəngəzurda mədəni irsin bərpası, beynəlxalq festivalların yenidən canlandırılması və rəqəmsallaşma istiqamətində atılan addımlar bu sahədə yeni imkanlar yaradır. Bununla yanaşı, mədəniyyət sektorunda çalışanların qarşılaşdığı struktur problemlər, idarəetmə yanaşmaları və sosial təminat məsələləri hələ də aktuallığını qoruyur.
Mövcud vəziyyət və gələcək perspektivlərlə bağlı suallarımıza mədəniyyət üzrə ekspert Qalib Qasımov “Paraqraf.com”a cavab verib.
– Mədəniyyət sektorunda əsas çətinliklər nələrdir?
– Mədəniyyət sahəsində son illərdə müxtəlif təqdirəlayiq təşəbbüslər irəli sürülür və layihələr həyata keçirilir. Son bir neçə ili götürsək deyə bilərəm ki, Azərbaycanda mədəniyyət sahəsində bir neçə istiqamətdə real və ölçülə bilən uğurlar müşahidə olunub.
Qarabağda və Şərqi Zəngəzurda mədəni irsin bərpası və yenidən canlandırılması, beynəlxalq festivalların və tədbirlərin bərpası və genişlənməsi diqqət çəkir. Məsələn, Xarıbülbül Musiqi Festivalı və Bakı Caz Festivalını qeyd edə bilərik. Bundan başqa, UNESCO və İSESCO səviyyəsində görünürlüğün qorunması və artırılması əsas istiqamətlərdəndir.
2026-cı ilin yanvar ayı Prezident İlham Əliyev tərəfindən mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması, qanunvericilik bazasının gücləndirilməsi və qəbul olunmuş qanunların işlək mexanizmlərə çevrilməsi məqsədilə bir sıra mühüm fərman və sərəncamların imzalanması ilə əlamətdar oldu. Bu isə gələcək üçün daha uğurlu nəticələr gözləməyə əsas verir.
Lakin bu, problemlərin olmadığı anlamına gəlmir. Mədəniyyət elə bir sahədir ki, burada bütün məsələlərin tam həll olunduğunu demək doğru olmaz. Bu sektor hələ də struktur və praktik problemlərlə üzləşir və bu çətinliklər həm subyektiv, həm də obyektiv səbəblərdən qaynaqlanır.
Obyektiv səbəblər daha çox sistem xarakterlidir: mədəni irsə köhnə yanaşma, zəif uçot və nəzarət mexanizmləri, qanunsuz müdaxilələr, yaradıcı sənayenin iqtisadi dövriyyəyə zəif inteqrasiyası, konservativ idarəetmədən menecment yanaşmasına keçidin gecikməsi və s.
Sovet dövründə formalaşmış mədəniyyət institutları ideoloji məqsədlərə xidmət edirdi. Bu ideologiya artıq yoxdur, lakin institutlar qalmaqdadır. İslahatlar məhz bu istiqamətdə aparılmalıdır. “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası da bu baxımdan mühüm sənəddir. Əgər islahatlar düzgün planlaşdırılsa, sistemli problemlər də aradan qalxa bilər.
– Maliyyə və imkanlar nə dərəcədə yetərlidir?
– Deməzdim ki, mədəniyyət sahəsinə ayrılan maliyyə vəsaiti yetərsizdir. Əksinə, ilbəil ayrılan büdcə vəsaiti kifayət qədərdir. Əsas məsələ bu vəsaitlərin düzgün və məqsədyönlü bölüşdürülməsidir.
Digər mühüm məsələ isə sosial təminatdır. Yaradıcı şəxslər çox vaxt qeyri-sabit gəlirlə işləyir və rəsmi əmək münasibətlərinin olmaması onların sosial müdafiəsini zəiflədir.
Eyni zamanda, incəsənət xadimləri inzibati və maliyyə prosedurlarla məşğul olmaqda çətinlik çəkirlər. VÖEN açmaq, vergi hesabatları vermək kimi məsələlər onların yaradıcılıq fəaliyyətinə mane olur.
Burada art menecment və kuratorluq institutlarının inkişafı vacibdir. Bu, yaradıcı insanların daha çox öz işlərinə fokuslanmasına, menecerlərin isə onların bazarda tanınmasına və brend kimi formalaşmasına kömək edər.
Özəl sektor isə yaradıcı sənayenin inkişafı üçün biznes layihələri vasitəsilə daha aktiv iştirak edə bilər. Dövlət-özəl tərəfdaşlığı (PPP) bu sahədə mühüm rol oynaya bilər. Bu model həm dövlətin yükünü azaldar, həm də layihələrin daha çevik həyata keçirilməsinə şərait yaradar.
– Gənclərin marağı niyə azalır?
– Mən hesab etmirəm ki, gənclərin mədəniyyətə marağı azalıb. Amma müəyyən problemlər var.
Bəzi mədəniyyət müəssisələri müasir tələblərə uyğun deyil, texniki imkanlar zəifdir və idarəetmə modelləri çevik deyil. Bu, xüsusilə bölgələrdə daha qabarıq görünür.
Eyni zamanda, gənclərlə kommunikasiya zəifdir. Onları mədəniyyət layihələrinə cəlb etmək üçün yeni yanaşmalar tətbiq olunmalıdır. Rəqəmsallaşma imkanlarından tam istifadə olunmaması da problemlər yaradır.
Gənclər açıq mühit və müxtəlif fikirlərin təşviqini vacib sayır. Bu baxımdan, sahədə yenilənmə və innovativ yanaşmalar zəruridir.
– Rəqəmsallaşma hansı addımları tələb edir?
– “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasına uyğun olaraq 2026-2030-cu illərdə mədəniyyət sahəsində rəqəmsal inkişaf və müasir idarəetmə modellərinin tətbiqi nəzərdə tutulur.
Son illərdə “e-Culture” strategiyası və “MyCulture” portalı kimi təşəbbüslər həyata keçirilib. Bu, xidmətlərin elektronlaşdırılması baxımından mühüm addımdır.
Lakin əsas məqsəd yalnız elektron xidmətlər deyil, mədəni irsin qlobal rəqəmsal məkanda görünən və qorunan resursa çevrilməsidir.
Bu istiqamətdə əsas addımlar bunlardır: rəqəmsal arxivləşdirmə, milli rəqəmsal mədəni irs platformasının yaradılması, virtual təqdimatlar, beynəlxalq auditoriyaya çıxış, kreativ sənayelərin dəstəklənməsi, kibertəhlükəsizlik və kadr hazırlığı.
Bütün bu tədbirlər həyata keçirilərsə, Azərbaycan mədəniyyəti qlobal səviyyədə daha güclü şəkildə təmsil oluna bilər.
Öznur Nurlanqızı
Paraqraf.com
![]()
