29 sentyabr 2026-cı il tarixində Sumqayıt Dövlət Universitetində (SDU) Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) rəhbərliyi və əməkdaşlarının iştirakı ilə tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə SDU-nun akkreditasiya qiymətləndirməsindən keçməsi ilə bağlı akkreditasiya şəhadətnaməsinin təqdim edilməsi olub.
Tədbirdə TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, Keyfiyyət təminatı departamentinin direktoru Samir Quliyev, Akkreditasiya və lisenziya şöbəsinin müdiri Xanım Quliyeva və şöbənin əməkdaşı Aygün Verdiyeva iştirak ediblər.
SDU-nun rəhbərliyi, struktur bölmə rəhbərləri, professor-müəllim heyətinin iştirakı ilə təşkil olunmuş tədbir universitetin rektoru Nurəli Yusifbəylinin çıxışı ilə başlayıb. O, çıxışında akkreditasiya prosesinin ölkənin ali təhsil müəssisələrinin (ATM) inkişafına töhfə verəcəyinə inamını vurğulayaraq, SDU-da təhsilin keyfiyyətinin yüksəldilməsi və institusional inkişafın təmin olunması istiqamətində görülmüş işlər ilə bağlı məlumat verib.
Daha sonra çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov institusional akkreditasiya qiymətləndirməsindən keçmiş adı çəkilən təhsil müəssisəsini və bu prosesdə əməyi olan hər bir universitet təmsilçisini təbrik edib. O, həmçinin ATM-də davamlı inkişafın təmin olunmasında özünütəhlil və özünütəkmilləşdirmə mexanizmlərinin mühüm rol oynadığını bildirib.
Tədbirin sonunda TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov tərəfindən SDU-nun akkreditasiya şəhadətnaməsi universitetin rektoru Nurəli Yusifbəyliyə təqdim edilib.




![]()

