Məktəbəqədər təhsil müəssisələrində uşaqların təhlükəsizliyi, rahatlığı və sosial-psixoloji inkişafı əsas məsələlərdən biridir. Bu yaş dövründə uşağın özünü sərbəst hiss etdiyi, yaşıdları ilə ünsiyyət qurduğu və özünü ifadə edə bildiyi mühitin yaradılması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, bağçalarda nəzarət mexanizmlərinin düzgün qurulması, sanitar-gigiyenik qaydalara əməl olunması və tərbiyəçilərin uşaqlara münasibəti də diqqətdə saxlanılmalıdır.
Mövzu ilə bağlı təhsil eksperti Nərmin Ərəbli Paraqraf.com-a bildirib ki, bağça uşağın özünü güvəndə və rahat hiss etdiyi bir məkan olmalıdır:
“Şəxsi fikrimi soruşsanız, bağçaya daxil olarkən ilk fikir verdiyim məsələ uşağın neçə hərf bilməsi, neçəyə qədər sayması, nə qədər çox şeir bilməsi və ya nə qədər çox şey bilməsi deyil. Uşaq özünü ifadə edirsə, bağçada özünü evdəki kimi sərbəst hiss edirsə və yaşıdları ilə ünsiyyət qurursa, deməli, həmin bağça uşağın özünü güvəndə və təhlükəsiz hiss etdiyi yerdir.
Mən düşünürəm ki, burada ən vacib məsələ uşaqların təhlükəsizliyi və özlərini rahat hiss etməsidir. Bağçada nəzarət, əlbəttə ki, olmalıdır, amma bu nəzarət yalnız yoxlama aparmaqdan ibarət olmamalıdır. Əsas məqsəd problemləri vaxtında görmək və onların qarşısını almaqdır.
Məsələn, bağçada gün rejimi, bağçanın ümumi şəraiti, təmizlik və sanitariya qaydaları, uşaqların qidalanması daim diqqətdə saxlanılmalıdır. Bununla yanaşı, tərbiyəçilərin uşaqlara münasibəti də çox önəmlidir. Çünki bu yaş dövründə uşağın həm psixoloji, həm də sosial inkişafında tərbiyəçinin böyük rolu var.
Davamlı təlimlər keçirilməli, əməkdaşlara metodiki dəstək göstərilməli və onların fəaliyyəti mütəmadi olaraq qiymətləndirilməlidir”.
Ekspert qeyd edib ki, valideynlərin də bağçanın fəaliyyəti barədə məlumatlı olması və uşağın inkişafı ilə bağlı prosesdə iştirak etməsi vacibdir:
“Valideyn bağçanın fəaliyyətindən xəbərdar olmalı, uşağın inkişafı və fəaliyyəti haqqında valideynə mütəmadi olaraq hesabatlar təqdim olunmalıdır. Valideyn öz fikrini rahat şəkildə bildirə bilməlidir. Hər hansı problem yarandıqda isə buna vaxtında və düzgün reaksiya verilməlidir”.
Ağayeva Aidə
Paraqraf.com
![]()

