Paytaxtın Xəzər rayonunda mənəvi dəyəri ilə seçilən mühüm bir mərkəz şəhid ailələrinin istifadəsinə verildi. “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin Xəzər rayon təşkilatının yeni ofisi Aprel şəhidlərimizin əziz xatirəsinə həsr olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən təşkilatın sədri Almaz Zeynalova 31 Mart soyqırımı qurbanlarını və Aprel döyüşlərinin qəhrəmanlarını anaraq onların əziz xatirəsinə dualar edib. O, şəhidlərimizi Azərbaycanın şanlı tarixinin ayrılmaz hissəsi və milli qürur mənbəyi kimi dəyərləndirib.
Xəzər rayon təşkilatının sədri Əliheydər Dəmirli və sədr müavini Vahid Piriyev çıxışlarında Vətənə sevginin əbədi olduğunu vurğulayıb, şəhid ailələrinə göstərilən diqqət və qayğının daim davam etdiriləcəyini bildiriblər.
Təşkilatın mətbuat xidmətinin rəhbəri Günay Atayeva isə şəhid ailələrinə, xüsusilə onların övladlarına göstərilən diqqətin bundan sonra da ardıcıl və fasiləsiz şəkildə davam edəcəyini qeyd edib.
Tədbirin ən təsirli məqamlarından biri şəhid Qurbanəli Quluzadənin atası Elşad Quluzadənin çıxışı olub. O, övladının və bütün şəhidlərimizin keçdiyi şərəfli yolla fəxr etdiyini bildirərək, onlara Allahdan rəhmət diləyib.
Mərasimdə qonaq qismində iştirak edən “Paraqraf” saytının təsisçisi Türkanə Səfərovanın təşkilata göstərdiyi davamlı media dəstəyi də yüksək qiymətləndirilib. Digər qonaqlar da çıxış edərək qəhrəmanlarımızın xatirəsinə ehtiramlarını ifadə ediblər.
Tədbirin sonunda təşkilatın sədri Almaz Zeynalova və jurnalist Mətanət Akifqızı tərəfindən yeni ofis üçün simvolik hədiyyələr təqdim olunub, Əliheydər Dəmirliyə fəaliyyətində uğurlar arzulanıb.
Rəsmi hissədən sonra tədbir çay süfrəsi ətrafında səmimi mühitdə davam edib. Yeni açılan bu məkan Xəzər rayonunda şəhid ailələrinin bir araya gəldiyi və onlara göstərilən ictimai dəstəyin daha da gücləndirildiyi mühüm bir ünvan kimi fəaliyyət göstərəcək.
Günay Atayeva

![]()
