Son günlər təhsil sahəsində baş verən hadisə ictimai müzakirələrə səbəb olub. Belə ki, tanınmış təhsil ekspertinin cərimələnməsi suallar doğurub və qərarın hüquqi əsasları ilə bağlı müxtəlif fikirlər səsləndirilməkdədir. Bəzi şəxslər bunu qanunauyğun inzibati tədbir kimi qiymətləndirsə də, digərləri ekspertin sadəcə mövqe bildirdiyini və fikir ifadə etdiyini vurğulayır.
Təhsil İşçilərinin Həmrəyli Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Paraqraf.com”a bildirib ki, bu hadisə göstərdi ki, təhsil sahəsində fəaliyyət göstərən hər kəs – istər ekspert, istər mərkəz rəhbəri – artıq sadəcə fikir bildirən şəxs deyil, ictimai məsuliyyət daşıyan fiqurdur:
“Təhsil ictimai etimad üzərində qurulan sahədir. Burada şəffaflıq, peşəkarlıq və etik davranış əsas prinsiplər olmalıdır.
Əgər bir ekspert hansısa qurumu təmsil edirsə, onun statusu aydın və rəsmi olmalıdır. Bu, təkcə qanun məsələsi deyil, həm də peşəkar etika məsələsidir. Cəmiyyət ekranda və ya mediada çıxış edən şəxsin hansı çərçivədə danışdığını bilməlidir. ‘Dost kimi dəstək’ anlayışı təhsil kimi həssas sahədə yetərli izah sayıla bilməz.
Digər tərəfdən, bu hadisəni fikir azadlığı ilə qarışdırmağın da tərəfdarı deyiləm. Çünki ortada mövqe bildirdiyinə görə cəzalandırılma faktı yoxdur. Əgər məsələ inzibati prosedurdursa, onu da həmin çərçivədə qiymətləndirmək lazımdır. Təhsil mühiti emosiyalarla yox, institusional yanaşma ilə idarə olunmalıdır”.
O əlavə edib ki, açığı, ümumiyyətlə təhsil sahəsində “ad qazanan”, lakin sistemli və institusional fəaliyyəti olmayan yanaşmalara hər zaman tənqidi baxıb:
“Təhsil eksperti olmaq təkcə mediada görünmək deyil: bu, məsuliyyət, ardıcıllıq və şəffaflıq tələb edir.
Bu hadisə bir daha göstərdi ki, təhsil sahəsində fəaliyyət göstərən hər bir qurum və ekspert öz işini daha sistemli və hüquqi baxımdan səliqəli qurmalıdır. Əks halda, yaranan qalmaqal bütövlükdə təhsil ictimaiyyətinə mənfi fon yaradır. Təhsil isə sensasiya yox, etimad üzərində dayanmalıdır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
