Xarkov vilayətinin şimal-şərqində Rusiya və Ukrayna qüvvələri arasında döyüşlər səngimir.
Paraqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, Kupyansk rus ordusu tərəfindən işğal olunub:”Kupyansk-Uzlovo da ələ keçirilib, lakin bu hələ son deyil. Döyüşlər Oskol çayının hər iki sahilində davam edir. “Qərb” qoşun qruplaşması Dvureçnaya yaxınlığında yerləşən Kutyovka yaşayış məntəqəsini ələ keçirib”.
Rusiya mediasının məlumatına görə, “Qərb” qoşun qruplaşmasının döyüş apardığı Xarkov istiqamətində, son bir sutka ərzində xeyli Ukrayna ordusunun hərbçisi həlak olub.
Ukrayna mediası isə Kupyanskla bağlı bildirir ki, Rusiya qüvvələrinin Kupyanskda “tam nəzarət” iddiası əslində real döyüş şəraiti ilə üst-üstə düşmür — şəhərdə hələ də aktiv döyüşlər gedir və Rusiya qüvvələri çətin vəziyyətdə qalıb, bəzi hissələr məqsədə tam nail ola bilməyib. Bu, Kremlin rəsmi “ələ keçirildi” bəyanatının təhrif olunmuş ola biləcəyi barədə Ukrayna kəşfiyyatı və müstəqil Telegram kanallarında yayılan məlumatla təsdiqlənir.
Ukraynanın milli qvardiyası və digər bölmələri Xarkov vilayətindəki mövqelərdə düşmən hücumlarını dəf etməyə davam edir. Rusiya hücumlarının bir hissəsi uğursuz hesab edilir və Ukrayna qüvvələri qarşı tərəfə ağır zərbələr vurub.
Xarkov vilayətində son günlərdə Rusiya pilotsuz uçuş aparatlarının hücumu nəticəsində sərnişin qatarına zərbə endirilib və bununla bağlı Ukrayna prokurorluğu beş mülki şəxsin həlak olduğunu təsdiqləyib. Bu hücum Ukrayna mənbələri tərəfindən mülki hədəflərə qarşı terror aktı kimi qiymətləndirilir.
![]()
