XX əsrin 60-cı illərində qadınlar ilk dəfə açıq geyimli xanım görəndə təəccüblənirdilər. Həmin geyimi geyinən qadınlara münasibətləri qəribə idi. Özlərinin belə geyimlər geyinə bilməyəcəklərini dilə gətirirdilər və açıq-saçıq geyinən xanımları tənqid edirdilər.
Lakin müasir dövrdə açıq-saçıq geyinənlərə münasibət fərqlidir: bir qrup insan bunu normal qarşılayır, digərləri isə yaxşı baxmır. “Qadın açıq geyinməz” deyənlər də var. Bu mövzu bəziləri üçün adi hal, digərləri üçün isə sensasiya doğuracaq bir problemdir.
Mövzu ilə bağlı sosioloq Mail Yaqub “Paraqraf.com”a açıqlamasında bildirib ki, açıq-saçıq geyinmək və əxlaqa zidd ifrat azadlıq anlayışı ötən əsrin 60-cı illərində Amerikada yaranan “Hippilər” hərəkatı ilə başlayıb:

“Tədricən bu fikir bütün dünyaya yayıldı. İfrat azadlıq və açıq-saçıq geyinmək qloballaşma və internetin təsiri ilə dünyaya sürətlə yayıldı. Lakin bu, bizim milli-mədəni dəyərlərimizə uyğun deyil. Bu, müasir “mədəniyyət”in gətirdiyi təsirdir. Bizim xanımlarımız açıq-saçıq geyinməklə müasir ola bilməzlər”.
Sosioloq əlavə edib ki, müasirlik açıq geyimlə deyil, savad, bilik və təhsillə ölçülür:
“Bir cəmiyyətin qadınları açıq-saçıq geyinə bilər, amma bu, həmin cəmiyyətin mütləq şəkildə inkişaf etmiş olduğu anlamına gəlmir. Əksinə, bəzi hallarda bu, təhsil və texnologiya baxımından geridə qalan cəmiyyətlərdə də müşahidə olunur. Bu səbəbdən açıq-saçıq geyim bu gün də bütün Azərbaycan xanımlarının seçimi deyil. Bəzi xanımlar öz milli və mədəni dəyərlərini qoruyub-saxlayırlar, digərləri isə Qərb mədəniyyətinin təsiri ilə bu geyim tərzini seçirlər. Lakin bu, ailə və milli mədəniyyətimizə uyğun gəlmir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
