Biz insan olaraq hər birimiz yaranışımız haqqında çox düşünmüşük. Özümüzə dəfələrlə belə suallar vermişik: Biz kimik? Bizim bir Yaradanımız varmı? Çünki həyatın öz nizamı və zənciri var. Təbiətə baxdıqca görürük ki, hər şey bir-biri ilə bağlıdır. Bəzən düşünürük ki, bu zəncirin halqalarından biri qırılsa, nə baş verər? Tarazlıq dəyişərmi? Yaradılış öz nizamını itirərmi?
İnsanların böyük əksəriyyəti Allahın varlığına inanır. Dünyanın müxtəlif xalqları və millətləri Ona öz dillərində müraciət edirlər. Allah insanlara doğru yolu göstərmək üçün müqəddəs kitablar nazil etmişdir: Tövrat, İncil və son olaraq Qurani-Kərim. Dinlərə nəzər saldıqda görürük ki, həm xristianlıq, həm də İslam insanları tək Allaha inanmağa və Ona ibadət etməyə çağırır. İnsanlar Allaha olan sevgilərini və güvənlərini duaları ilə ifadə edir, ibadətləri ilə Ona yaxınlaşmağa çalışırlar. İslam dininin əsas sütunlarından biri də namazdır.
“Əgər Allah olmasaydı, Onu yaratmaq lazım gələrdi”. — Volter (fransız yazıçısı)
Bu fikir göstərir ki, insan tarix boyu Yaradanın varlığı haqqında düşünmüş və bu həqiqəti dərk etməyə çalışmışdır.
“Allahın min adı var, çünki O, milyonlarla insanın qəlbində yaşayır”. — Mahatma Qandi (Hindistanın görkəmli dövlət xadimi)
Bu sözlər onu göstərir ki, dillər və millətlər fərqli olsa da, insanların qəlbindəki inam eyni Uca Yaradana yönəlir.
Bəs yaşadığımız həyatın özü möcüzə deyilmi? Yer kürəsinin öz oxu ətrafında fasiləsiz fırlanması, lakin bizim bunu hiss etməməyimiz, suyun mövcudluğu, torpağın bərəkəti, yağışın yağması, küləyin əsməsi — bunların hər biri yaradılışın nə qədər möhtəşəm olduğunu göstərir. Elm bu hadisələrin baş vermə səbəblərini izah edir. Lakin bu nizamın özü insanı düşündürür.
Ən böyük möcüzələrdən biri isə insandır. Şüurlu düşünə bilməsi, hiss etməsi, sevməsi və qərar verməsi insanı digər canlılardan fərqləndirir. Qurani-Kərimdə buyurulduğu kimi, Allah insanı bir nütfədən yaratmışdır. Sonra ona ağıl, vicdan və düşüncə vermişdir. İnsan bədəninin hər bir orqanı böyük bir ahəng içində işləyir. Ürək dayanmadan döyünür, ağciyərlər nəfəs almağımızı təmin edir, beyin isə saysız-hesabsız məlumatı emal edir. Bütün bunlar insanı düşünməyə vadar edir.
Yer üzündəki saysız-hesabsız canlılar, təbiətin tarazlığı və həyatın davam etməsi insanı yaradılışın mahiyyəti haqqında düşünməyə sövq edir.
“Elm dinsiz topaldır, din elmsiz kordur”. — Albert Eynşteynə aid edilən fikir.
Bu ifadə elm və inancın insanın həqiqəti axtarmaq cəhdində oynadığı fərqli rollar haqqında düşünməyə əsas verir.
İnam insanın daxilində qurduğu ən möhkəm mənəvi dayaqlardan biridir. Bu dayağı ruhumuzda formalaşdırırıq ki, həm cəmiyyətimiz üçün faydalı olaq, həm də Allahın razılığını qazanaq.
Xalq arasında belə bir deyim var: “Sağ əlin verdiyini sol əl bilməməlidir.” Bu söz bizə öyrədir ki, yaxşılıq edərkən onu göstərməyə ehtiyac yoxdur. Hətta yaxşılıq etdiyin insanın belə bunu bilməsi vacib deyil. Əsas olan niyyətin saf olmasıdır. İnsan yaxşılığı Allah rizası üçün etdikdə onun mənəvi dəyəri daha da artır.
Həyat sanki bir bumeranq kimidir. Yaxşılıq etsən, yaxşılıqla qarşılaşa, pislik etsən, onun nəticələrini gec-tez görə bilərsən. Bu dünyada hər bir əməlin öz nəticəsi var. Mənə görə, inam da məhz bu düşüncədən başlayır. İnsan Allaha inandıqca özünü də dəyişməyə çalışır. Pis vərdişlərindən uzaqlaşmaq, daha düzgün yaşamaq istəyir. Vicdanı onun davranışlarına istiqamət verir. Vicdan insanı saflaşdırır, mənən təmizləyir və etdiyi hər yaxşılıq ona daxili rahatlıq bəxş edir. İnsan savabı təkcə axirət üçün deyil, öz ruhunu zənginləşdirmək üçün də qazanır.
Qurani-Kərim bizə yaxşılıq etməyi, ehtiyacı olana kömək göstərməyi, doğru danışmağı, yalandan, qeybətdən və haqsızlıqdan uzaq durmağı öyrədir. Yetim haqqına girməməyi, mərhəmətli və ədalətli olmağı tövsiyə edir. Bütün bunlar insanı düzgün həyata yönəldən ilahi göstərişlərdir.
Bəzən insanlar yaxşılığı yalnız cəhənnəm əzabından qorxduqları üçün etdiklərini düşünürlər. Mən isə hesab edirəm ki, insan yaxşılığı ilk növbədə vicdanı, qəlbinin rahatlığı və Allahın razılığını qazanmaq üçün etməlidir. Çünki həqiqi yaxşılıq səmimi niyyətdən doğur.
Bəs axirət nədir? Bu sual əsrlər boyu insanları düşündürən ən böyük suallardan biri olmuşdur. Mənim üçün də bu mövzu çox düşündürücüdür. Mən axirətə getməkdən deyil, yox olmaq hissindən, torpağa qarışmaq düşüncəsindən qorxuram. Çünki bu dünyadan gedən heç kim geri qayıdıb bizə gördüklərini danışmayıb. Düşünürəm ki, ölüm qorxusu insan psixologiyasının təbii hisslərindən biridir və insanların çoxu həyatının müəyyən dövründə bu hissi yaşayır.
Bəs biz Allaha və axirətə inanırıqsa, niyə yenə də qorxuruq? Axı Allah Qurani-Kərimdə saleh əməllər sahibi olan insanlara cənnəti vəd edir. O halda bu qorxu haradan gəlir?
Mənə elə gəlir ki, insan bəzən öz əməllərinə tam arxayın olmur. Bilərəkdən və ya bilməyərəkdən etdiyi səhvləri xatırlayır və özünü sorğu-sual edir. Namazımızı layiqincə qılırıqmı? Orucumuzu tuturuqmu? Zəkatımızı veririkmi? Tövbəmiz səmimidirmi? İmkanımız olduqda həcc ziyarətini yerinə yetirə bilirikmi? Ən əsası isə niyyətimizin saflığına nə qədər güvənirik?
Bəlkə də insanın qorxusu Allahdan deyil, özündəndir. Bu hiss öz əməllərinə, vicdanına və həyatına verdiyi hesabatdan doğur. Elə buna görə də insan hər gün özünü düzəltməyə, daha yaxşı olmağa çalışmalıdır. Allahın mərhəmətinə ümid etmək və eyni zamanda öz vicdanını dinləmək insanı doğru yoldan uzaqlaşdırmır, əksinə, ona daha möhkəm dayanmağa kömək edir.
Həyatda Allaha inanmayan insanlar da var. Hər kəs öz seçiminə və əməllərinə görə məsuliyyət daşıyır. Ancaq həyat bəzən elə hadisələrlə qarşılaşdırır ki, əvvəllər Allaha inanmayan bir insan sonradan qəlbən Ona bağlanır. Mən bunu Allahın hikmətlərindən biri hesab edirəm.
Bəzən dualarımız qəbul olur və elə hiss edirik ki, Allah səsimizi eşitdi. Bu, qəlbimizə rahatlıq verir. Bəzən isə dualarımız qəbul olunmur. O anlarda ruhumuz sarsılır, qəlbimiz sınır. Lakin zaman keçdikcə elə bir an gəlir ki, qəbul olunmayan həmin duaya görə Allaha şükür edirik. Çünki anlayırıq ki, bizim israrla istədiyimiz şey bəlkə də xeyrimizə olmayıb.
Hər bir duanın arxasında hansı hikmətin gizləndiyini yalnız Allah bilir. Duanın gec qəbul olunmasının da öz hikməti var. Bəzən bunun adı səbirdir.
Qurani-Kərimdə Yusif peyğəmbərin və atası Yaqub peyğəmbərin həyatında bunun ən gözəl nümunəsini görürük. Yaqub peyğəmbər uzun illər oğlunun həsrəti ilə yaşadı, lakin Allahdan ümidini heç vaxt üzmədi. Səbrinin sonunda isə Allah onu oğlu ilə qovuşdurdu. Bu hadisə bizə öyrədir ki, Allahın təyin etdiyi vaxt insanın istədiyi vaxtdan daha xeyirli ola bilər.
Biz də həyatımızda səbir etməyi bacarmalı, inamımızı itirməməli, niyyətimizi saf saxlamalı və doğru yoldan ayrılmamalıyıq. Çünki çətinliklərdən sonra nicata çatmaq üçün insanın həm səbirli olması, həm də Allaha olan inamını qoruması vacibdir.
Allaha olan inamı həyatımız boyu qoruya bilsək, təkcə imanımızı deyil, həm də mənəvi gücümüzü qorumuş olarıq. Bəs bunu necə bacaraq? Axı həyatımız boyu başımıza müxtəlif hadisələr gələ bilər.
İnsan üçün ən ağır sınaqlardan biri atasını və ya anasını erkən yaşda itirmək, bacısını, qardaşını, həyat yoldaşını və ya övladını itirməkdir. Bəzən də insan sevdiyinin ağır xəstəliyi ilə üz-üzə qalır. Elə faciələr var ki, onların ağırlığını yalnız yaşayan insan bilir. Bunlarla barışmaq, onları qəbul etmək və yaşamağa davam etmək insan həyatının ən çətin sınaqlarındandır.
Belə anlarda insan psixoloji cəhətdən sarsılır, özünü tənha və gücsüz hiss edir. Ancaq həmin anda səbir və Allaha təvəkkül ona mənəvi dayaq ola bilər. Çünki həyat davam edir və insan yanında olanlar üçün yaşamalı, onlara dayaq olmalıdır. O, Allaha üz tutaraq səbir, dözüm və güc diləyir. Xəstəsi üçün şəfa istəyir, dualar edir. İnanıram ki, qəlbdən edilən dualar Allah dərgahında xüsusi dəyərə malikdir.
Bəzən Allah insanın yarasına elə insanlar vasitəsilə məlhəm olur ki, bunu yalnız sonradan anlayırıq. İnsan sevdiklərini heç vaxt unutmur. Onların yeri qəlbində həmişə qalır. Sadəcə, zaman keçdikcə həmin ağrı ilə yaşamağı öyrənir. Lakin Allaha olan inam insana bu ağrı ilə yaşamağı, həyata yenidən sarılmağı və ayaqda qalmağı öyrədir.
Bəzən də həyatın başqa sınaqları ilə qarşılaşırıq. Əziyyət çəkdiyimiz işin qiyməti verilmir, haqqımız tapdalanır, bizə qarşı ədalətsizlik edilir, böhtan və ya şər atılır. Belə anlarda insan əlini göyə açıb dua edir: “Ey Uca Allahım, Sən hər şeyi görürsən. Mən haqqımı Sənə həvalə edirəm.”
Bu dua qəlbin ən dərin yerindən gəlir. Zaman keçdikcə insan bəzən elə hadisələrin şahidi olur ki, haqsızlıq edənlərin əməllərinin nəticələri ilə üzləşdiklərini görür. Bu da Allahın ədalətinə olan inamı daha da gücləndirə bilər.
Belə hadisələr həyatda çoxdur. Bəzən heç bir izah tapa bilmədiyimiz anda təkcə “Allah” demək insana güc verir. Çünki sən Onu görməsən də, O səni görür. Sən qəlbindəkiləri dilə gətirməsən də, O, onları bilir. Qurani-Kərimdə buyurulduğu kimi, Allah insana şah damarından daha yaxındır.
Məhz buna görə də insan saf niyyətlə dua etdikdə, qəlbini Allaha açdıqda və Ona güvəndikdə özünü tamamilə tək hiss etmir.
Sonda anlayırıq ki, Allaha inam insanı zəiflədən deyil, gücləndirən bir hissdir. O, insana səbir öyrədir, vicdan qazandırır, ümid verir və ən çətin anlarda belə ayaqda qalmağa kömək edir.
Mənim üçün inam sadəcə ibadət deyil, yaşamağın, sevməyin, bağışlamağın və insan qalmağın ən gözəl yoludur. İnam insanın qəlbinə işıq salır, ona çətinliklər qarşısında güc verir və sabaha ümidlə baxmağı öyrədir.
Çünki səmimi inam insanın daxilində bir qapı açır: səbirə, mərhəmətə, ümidə və mənəvi rahatlığa aparan qapını. İnam hər qapını açır.
Nuridə Allahverdiyeva
İbtidai sinif müəllimi
![]()

