Autizm spektr pozuntusu olan uşaqların digər uşaqlarla eyni məktəbdə təhsil alması inklüziv təhsilin əsas istiqamətlərindən biridir. Bu prosesin başlıca məqsədi bütün uşaqların keyfiyyətli təhsil almaq hüququnu qorumaq, onların fərdi ehtiyaclarını nəzərə almaq və hər bir şagird üçün əlverişli təhsil mühiti yaratmaqdır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) Paraqraf.com-a açıqlamasında bildirib ki, autizm spektr pozuntusu olan uşaqların digər uşaqlarla eyni məktəbdə təhsil alması özlüyündə təhsilin keyfiyyətini aşağı salmır:
“Düzgün təşkil olunmuş inklüziv təhsil həm autizm spektr pozuntusu olan uşaqların inkişafına, həm də digər şagirdlərdə empatiya hissinin və fərqliliklərə hörmət mədəniyyətinin formalaşmasına müsbət təsir göstərir. İnklüziv təhsilin uğurlu olması üçün müəllimlərin müvafiq bilik və bacarıqlara malik olması, zərurət yarandıqda xüsusi təhsil mütəxəssislərinin dəstəyinin təmin edilməsi və tədris prosesinin uşaqların fərdi ehtiyaclarına uyğunlaşdırılması vacibdir. Autizm spektr pozuntusu olan uşaqların ünsiyyət, davranış, diqqət və öyrənmə xüsusiyyətləri fərqli olduğundan, onların təhsil prosesində fərdi yanaşmanın tətbiqi xüsusi əhəmiyyət daşıyır”.
Rəsmiyyə Sabirin fikrincə, inklüziv təhsil hər bir uşağı eyni sinifdə yerləşdirməkdən ibarət deyil:
“Əsas məqsəd bütün şagirdlərin bərabər imkanlarla öyrənməsini və inkişafını təmin etməkdir. Uşaqların eyni sinifdə təhsil alması hələ onların bərabər imkanlara sahib olması demək deyil. Düzgün təşkil olunan inklüziv təhsil uşaqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir, ayrı-seçkiliyin qarşısının alınmasına kömək edir və cəmiyyətdə bərabərlik prinsipini möhkəmləndirir. İnklüzivliyin əsas mahiyyəti hər bir uşağın təlim prosesində fəal iştirakını və fərdi potensialını reallaşdırmasını təmin etməkdir. Müzakirə edilməli olan əsas məsələ autizm spektr pozuntusu olan uşaqların digər uşaqlarla eyni məktəbdə təhsil alması deyil, bu prosesin hansı şəraitdə və necə təşkil edilməsidir. Bir uşağın təhsil hüququnu digərinin təhsil hüququ ilə qarşı-qarşıya qoymaq əvəzinə, hər iki hüququ qoruyan və bütün şagirdlərin inkişafına imkan verən təhsil mühiti formalaşdırılmalıdır”.
Rəsmiyyə Sabir qeyd edib ki, keyfiyyətli inklüziv təhsilin təmin olunması üçün müəllimlərin peşəkar hazırlığı, uyğun sinif mühiti, fərdi tədris yanaşmaları, mütəxəssis dəstəyi və məktəblə valideynlər arasında səmərəli əməkdaşlıq vacibdir:
“İnklüzivlik yalnız xoş niyyət deyil, həm də peşəkar yanaşma, düzgün planlaşdırma və real dəstək tələb edir. Dünyamızı sevgi ilə gözəlləşdirə bilərik. Autizm spektr pozuntusu olan uşaqların da cəmiyyətin anlayışına və sevgisinə ehtiyacı var. İnklüziv təhsil bu uşaqların cəmiyyətə inteqrasiyasına, özlərini qəbul olunmuş hiss etmələrinə və potensiallarını reallaşdırmalarına imkan yaradan mühüm vasitələrdən biridir”.
Həsən Məmmədov
Paraqraf.com
![]()

