19 Okt 2026, Be

Zahid Oruc: “Hörmüz boğazını əvəz etmək hələlik mümkün görünmür”

PAYLAŞIN:

Hörmüz boğazı dünya üzrə neft və neft məhsullarının daşınmasında əsas marşrutlardan biri hesab olunur. Bu səbəbdən boğazda yaranan hər hansı böhran neft ixrac edən ölkələr üçün ciddi logistika problemləri yarada bilər. İraq üçün isə Bəsrə və cənub terminallarından həyata keçirilən neft ixracının əsas hissəsinin Hörmüz boğazından keçməsi alternativ marşrutların əhəmiyyətini artırır.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc Paraqraf.com-a bildirib ki, Hörmüz boğazına tam alternativ hələ tapılmayıb, lakin İraq üçün Aralıq dənizinə çıxan quru və boru kəməri marşrutları əvvəlkindən daha ciddi strateji seçimə çevrilib:

“Hazırda ən real variantlar Türkiyə üzərindən Ceyhan xətti, gələcəkdə isə Suriya vasitəsilə Baniyas istiqamətidir. Amma eyni zamanda, bunların heç biri yaxın vaxtda Hörmüzün bütün imkanlarını və potensialını əvəz edə bilməz. Çünki göstəricilər bu məsələləri kifayət qədər aydın şəkildə ortaya qoyur.

Beynəlxalq Enerji Agentliyinə görə, 2025-ci ildə boğazdan gündə orta hesabla təxminən 20 milyon barel neft və neft məhsulları daşınırdı. Şübhəsiz ki, konkret rəqəmlə ölçüldükdə, bu, dünya miqyasında böyük çəkiyə malik idi. Təxminən ümumi tutumun 1/4-ni təşkil edirdi. İraq, Küveyt, Qətər və Bəhreyn ixracının mühüm hissəsini həmin boğaz vasitəsilə həyata keçirirdi.

Hazırda Hörmüzdən kənarda iri həcmdə neft çıxara bilən dövlətlər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləridir. Bunların mövcud “by-pass” kəmərlərində təxminən 3,5-5,5 milyon barel gündəlik əlavə imkanlarının olduğu bildirilir”.

O qeyd edib ki, Hörmüz boğazından asılılıq İraq üçün xüsusilə ciddi problem yaradır:

“İraq üçün problem, əlbəttə ki, çox kəskindir. Çünki ölkənin neft ixracının əsas hissəsi Bəsrədəki cənub terminallarından Fars körfəzinə çıxır və oradan Hörmüzə yönəlir. Müxtəlif beynəlxalq mötəbər hesabatlara görə, 2024-cü ildə İraqın dəniz yolu ilə ixrac etdiyi xam neft gündə 3,2 milyon bareldən çox olub və qeyd olunan həcmin əsas hissəsi də cənub terminalları vasitəsilə həyata keçirilib.

Buna görə də Hörmüzdə yaranan istənilən böhran logistika baxımından çox ciddi problemə çevrilir. Eyni zamanda, İraq-Suriya-Baniyas xətti həmin səbəblərə görə strateji önəm qazanıb.

İraq hökuməti 2026-cı ilin iyul ayında Bəsrə-Hədisa-Baniyas istiqaməti də daxil olmaqla, bir neçə böyük ixrac kəməri üçün texniki-iqtisadi əsaslandırma işlərinə razılıq verib və layihələrdə kifayət qədər qlobal korporasiyalar ilkin araşdırmalara qatılıblar. Lakin son investisiya qərarının verilməsi, texniki və maliyyə imkanlarının bilavasitə rəsmiləşdirilməsi üçün zaman lazımdır.

İraq nefti Bəsrə və digər yataqlardan daxili kəmərlərlə qərbə, Hədisa istiqamətinə, oradan Suriyaya və nəhayət, Aralıq dənizindəki Baniyas limanına çatdırıla bilər. Belə marşrutun ən böyük üstünlüyü Hörmüz boğazından tamamilə keçməməsidir. Baniyasdan neft birbaşa Aralıq dənizindən tankerlərə yüklənərək Avropa və digər bazarlara göndərilə bilər.

Avropalı alıcılar üçün məsafə baxımından Fars körfəzi, Hörmüz, Ərəb dənizi və Süveyş marşrutundan daha qısadır”.

Zahid Oruc qeyd edib ki, hazırda quru yolu ilə neft daşınması yalnız məhdud həcmli və fövqəladə həll kimi qiymətləndirilə bilər:

“Hazırda minlərlə tanker maşını ilə quru yük daşınması yalnız fövqəladə və məhdud həcmli həll kimi qəbul edilir. Çünki bir avtomobil sistemi təxminən bir neçə yüz barel daşıyır. Görün, gündə yüz minlərlə bareli bu üsulla aparmaq üçün sürücü personalı, sərhəd-keçid infrastrukturu, yanacaq, təhlükəsizlik və digər yükləmə-boşaltma vasitələri tələb olunur.

Eləcə də bu yolla daşınma boru kəmərləri ilə müqayisə olunmayacaq dərəcədə baha başa gəlir, qəzalar və yanğın risklərini artırır. Ona görə də İraq və Suriya ərazisində təhlükəsizlik problemi bu cəhətdən aradan qalxmayıb.

Müxtəsər olaraq, “Hörmüz boğazına alternativ tapıldımı?” sualının cavabı, əlbəttə ki, belə verilə bilər: hər zaman digər seçim imkanları var, ancaq sistemin özü hələ formalaşmayıb.

Bizim yekun qənaətimiz ondan ibarət ola bilər ki, Hörmüzü indiki reallıqda əvəz etmək hələlik mümkün görünmür”.

Ağayeva Aidə
Paraqraf.com

Loading