19 Okt 2026, Be

Nağdsız ödənişlərin üstünlükləri və riskləri – Ekspert açıqladı

PAYLAŞIN:

Nağdsız ödənişlərin genişlənməsi vətəndaşlar üçün rahatlıq, sürət və təhlükəsizlik baxımından müəyyən üstünlüklər yaradır. İnsanlar üzərlərində böyük məbləğdə nağd pul gəzdirmədən alış-veriş edə, ödənişlərini onlayn həyata keçirə və əməliyyat tarixçəsini mobil tətbiqlər vasitəsilə izləyə bilirlər. Eyni zamanda, nağdsız ödənişlərin artması biznesdə dövriyyənin daha dəqiq uçotuna və iqtisadi əməliyyatların şəffaflaşmasına şərait yaradır.

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Paraqraf.com-a bildirib ki, nağdsız ödənişlərin genişlənməsinin vətəndaşlar üçün müəyyən üstünlükləri olsa da, bu proses bir sıra risklər də yaradır:

“Nağdsız ödənişlərin genişlənməsi vətəndaş üçün ilk növbədə rahatlıq, sürət və təhlükəsizlik baxımından üstünlüklər yaradır. İnsan üzərində böyük məbləğdə nağd pul gəzdirmədən alış-veriş edə, ödənişlərini onlayn həyata keçirə və əməliyyat tarixçəsini mobil tətbiqdən izləyə bilir. Eyni zamanda, nağdsız ödənişlərin artması biznesdə dövriyyənin daha dəqiq uçotuna və iqtisadi əməliyyatların şəffaflaşmasına şərait yaradır.

Lakin bu prosesin vətəndaş üçün müəyyən problemləri də var. Bankların tətbiq etdiyi komissiyalar, POS-terminal və internet problemləri, ödəniş sistemlərinin müvəqqəti işləməməsi, kart məlumatlarının oğurlanması və kiberdələduzluq riskləri əsas məsələlərdəndir. Xüsusilə rəqəmsal maliyyə savadlılığı aşağı olan şəxslər saxta keçidlər, telefon zəngləri və digər üsullarla hesablarındakı vəsaiti itirə bilərlər”.

Ekspert qeyd edib ki, nağdsız ödənişlərin genişlənməsi vətəndaşların maliyyə davranışlarının rəqəmsal izinin yaranmasına da səbəb olur:

“Digər tərəfdən, nağdsız ödənişlərin genişlənməsi vətəndaşın bütün maliyyə davranışlarının rəqəmsal izinin yaranması deməkdir. Buna görə bank və ödəniş sistemlərində şəxsi məlumatların qorunması, müştərinin razılığı olmadan məlumatlardan istifadənin qarşısının alınması və mübahisəli əməliyyatlar zamanı vətəndaşın hüquqlarının müdafiəsi xüsusi əhəmiyyət daşıyır.

Bu sahədə əsas tədbirlərdən biri ödənişlərin təhlükəsizliyinin artırılması ilə yanaşı, problem yarandıqda vətəndaşın vəsaitini daha tez geri ala bilməsi üçün effektiv mexanizmlərin yaradılmasıdır. Bankların komissiya və digər ödənişlər barədə müştərini əvvəlcədən aydın şəkildə məlumatlandırması, kiberdələduzluqla bağlı maarifləndirmənin gücləndirilməsi və rəqəmsal ödəniş infrastrukturunun fasiləsizliyinin təmin olunması da vacibdir.

Yəni nağdsız ödənişlərin artması təkcə kartların və elektron pulqabıların sayının çoxalması kimi qiymətləndirilməməlidir. Əsas məsələ vətəndaşın bu sistemdən rahat, təhlükəsiz və əlavə xərcləri aydın şəkildə görərək istifadə edə bilməsidir”.

Ağayeva Aidə
Paraqraf.com

Loading